Ötən günlərdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşa şəhərində Vaqif Poeziya günləri keçirilməsi qərarı verildi.

 

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə keçiriləcək tədbir iki gün davam edib və poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium, sərgilərin açılışı olub.

 

Molla Pənah Vaqif kimdir? Şair, vəzir, ictimai siyasi xadim. Bəs o əslində kim idi? Əsl niyyəti nə idi?

 

Bu haqqda dəqiq məlumatları “Minval.info” un müxbirinə Tarixçi, Tarix müəllimi Vüsal Babayev bildirib. Müsahibə əsnasında bütün suallarımıza aydınlıq gətirib.

 

Molla Pənah Vaqif Azərbaycan tarixinin görkəmli şairlərindən biridir. Ədəbiyyatımızda realist, şən, optimist şeirlərin müəllifi kimi tanınır. Görkəmli şairimiz Molla Vəli Vidadi ilə eyni dövrdə yaşayıb yaradıb. Molla Vəli Vidadidən fərqli olaraq dövlət xadimi, vəzir olub.

 

Bəzi mənbələrdə 1717 bəzi mənbələrdə isə 1733- cü ildə Qazax mahalında anadan olduğu qeyd edilir. Həmin dövrdə Səfəvilər dövləti hakimiyyətdə idi və çətin dövrlərini yaşayırdılar. 1736- cı ildə Səfəvilər dövləti süqut etdi və yerinə Nadir Şah Əfşar tərəfindən türk soylu Əfşarlar dövləti yarandı. Lakin Nadir Şahın hakimiyyəti 11 il davam etdikdən sonra 1747 ci – ildə öldürüldü. Onun ölümü ilə Azərbaycan tarixinin çox çətin, qarışıq həm də faciəvi dövrlərindən biri olan Xanlıqlar dövrü başladı. Ona görə faciəvi adlandırırıq ki, 20-yə yaxın Xanlıq eyni zamanda onlardan balaca olan məliklik, sultanlıq, camaatlıq yarandı və hər biri özünü müstəqil dövlət hesab edirdi. Azərbaycan ərazisində müxtəlif parçalanmış feodal dövlətlər yaratmışdılar.

 

Xeyli əhali oradan Azərbaycanın içlərinə doğru, qonşu Qarabağa köç edib gəlirdilər. Köç edənlərdən biri də Molla Pənah Vaqifin ailəsi idi. Amma onlarla bərabər bir çox obalar da köçüb gəlmişdilər. Molla Pənah Vaqif Qarabağa gəldikdən sonra təhsilini burada davam etdirir. Bundan sonra hətta özü də təhsil müəssəsi açır və həmin dövrün sərnaməçilərinin  (Mirzə Adıgözəlbəy , Mirzə Camal Cavanşir, Rzaqulu bəy , qarabağ tarixi haqqında müfəssəl məlumatlar veriblər) məlumatına görə, hətta Şuşa qalasının divarlarının inşa edilməsində də Molla Pənah Vaqifin rolu olub. Yəni onun savadından, biliyindən istifadə edilib.

 

Molla Pənah Vaqif həm ədəbiyyatçı, həm də digər təbiət və texniki astronomik və riyazi biliklərə də malik idi. Adətən həmin dövrün ziyalı adamları bir yox, bir neçə elmi biliklərə sahib olurlar.

Molla Pənah Vaqifin dərin biliklərə malik olması xan sarayına çatıb. Qarabağ xanı İbrahimxəlil xan onu saraya dəvət edir və orda müxtəlif vəzifələr verir.

 

Baş vəzir, eşik ağası vəzifələrində çalışıb. İbrahimxəlil xan Molla Pənah Vaqifə inanıb və fikirlərini daima onunla bölüşüb. Molla Pənah Vaqif İbrahimxəlil xanın fikirlərinə təsir edə bilirdi. XVIII əsrin II yarısında xanlıqlar dövründə qarışıqlıq oldu və bu zaman türksoylu Qacarlar tayfası yüksəlməyə başladı. Ən görkəmli nümayəndəsi Ağa Məhəmməd xan Qacar olub.  Səfəvilər dövründə Gəncə və Qarabağ bölgələrinin idarəsi bu tayfaya tapşırılıb.  Qacarlar cənubdakı torpaqları öz hakimiyyətləri altına aldılar.

 

Məqsədi qüdrətli feodal dövlət yaratmaq idi. Bəzi mənbələrdə qeyd edilir ki, Qacarın şimal xanlıqlara və qarabağa hücum etmək fikri olmayıb. Hesab edilir ki, onun cənubi qafqaza hücum etməyinin əsas səbəblərindən biri bəzi xanlıqların Rusiyaya müraciət etməsi, onların tabeliyinə keçmək istəyi idi. Bu hərəkət Qacarı qəzəbləndirib. O dövrün dili desək, müsəlmanların kafirlərdən kömək istəməyini qəbul etmək istəmirdi.

 

Qacar Qafqaza 2 dəfə yürüyüş edib və ikisində də əsas hədəfi Qarabağ istiqaməti idi. Hətta şəxsən özü başçılıq edib. Buradan da belə nəticə çıxır ki, İbrahimxəlil xan və Molla Pənah Vaqif Ruslarla çox yaxındır və onların himayəsinə keçmək istəyir. Qacar isə Qarabağı Qacarların yurdu hesab etdiyi üçün bununla barışmaq istəmir və hücum edir… Müsəlmanların Rusiyadan kömək istəməyini qəbul edə bilmir. Qacar Ruslardan kömək istəyən hər kəsi cəzalandırmaq niyyətində idi. Hətta o, Ruslara meyl edən Naxçıvan xanı Kəlbəli xanın gözlərini çıxartmışdı. 1795 -ci ildə Qacar Şuşaya hücum edir. Lakin şəhəri zəbt edə bilmir. İkinci dəfə 1797- ci ildə Şuşaya hücum edir. Bu səfər də İbrahimxəlilxan saraydan çıxıb getdiyi üçün qalanın müdafiəsini İbrahimxəlil xanın qohumu Məhəmməd bəy öz öhdəsinə götürür. Qacarın ölümündən sonra Məhəmməd bəy qaladakı hakimiyyətsizlikdən istifadə edərək Qarabağda xan olmaq qərarına gəlir. Məhəmməd bəyi Batmanqılınc da adlandırırdılar. O, İbrahimxəlil xana yaxın olan insanları edam etdirirdi. Bu şəxslərin içində Molla Pənah Vaqif və oğlu Əli də var idi.

 

II Yekatrina onlara rəğbət bəsləyən Azərbaycan hökümdarlarına hədiyyələr göndərirdi. Onlardan biridə Vaqif idi və ona da hədiyyə olaraq bir əsa göndərib.

Hətta bu əsa İbrahimxəlil xanın qısqanclığına səbəb olub və aralarında soyuqluq yaranıb. Lakin sonra siyasi ortaq maraqları olduğu üçün bir araya gəliblər. 1805 -ci ildə Qarabağ xanlığı Ruslar tərəfindən işğal edildikdən sonra əsa müsadirə edilir və erməni keşişləri tərəfindən aparılıb Ermənistanda saxlanılır.

 

 

İbrahimxəlil xanın ruspərəst olduğunun növbəti sübutu isə könüllü şəkildə Kürəkçay müqaviləsi imzalayıb onların himayəsinə keçməsidir. Hətta o, 1805- ci ildə Ruslara tabe olmaq istəməyən Şamaxı xanının üzərinə ruslarla bərabər hücuma keçib. İbrahimxəlil xanın sonu elə ruslar tərəfindən olub. O, 1806- cı ildə Rus zabiti  Lisoniviç tərəfindən öldürülüb.

 

Ondan sonra hakimiyyətə Mehdiqulu xan gəlib. Mehdiqulu xan qacarların ərazisinə qaçdı və ermənilər surətlə Qarabağa köçürüldülər. Rus ordusunun erməni zabiti Mədətov adlı şəxs onların bütün mülklərini əllərindən aldı və ermənilər sürətlə Qarabağa axın etdilər.

Bu zaman Qarabağ xanı və vəzirinin ruslarla olan məktubunu və rusların da yazdığı məktubları ermənilər çatdırırdılar. Ermənilərində bu ərazilərə maraqları var idi. Onlara Rusiya tərəfindən vədlər verilirdi ki, burada onlara siyası sahədə üstunlüklər veriləcək.

Ümumiyyətlə I Pyotrdan başlayaraq rus hökmdarları ermənilərə xüsusi güzəştlər edir, onlardan istifadə etmək üçün onlara xeyri ərazilər verir, Qafqaza köçürürdülər və s.

II Yekatrinanın da ermənilərlə bağlı planları vardı və erməniləri burada məskunlaşdırmaq və onlara xüsusi statuslar vermək və əlbəttə ki, gələcəkdə ermənilərdən öz əl altıları kimi digər ölkələrə qarşı istifadə etmək istəyirdilər.

Qısacası, Rusiya  qafqazda  Osmanlı və Qacarların möhkəmlənməsini istəmirdilər. İstəyirdilər ki, yalnız özləri hökmranlıq etsinlər.

Həmin dövr Azərbaycanın şimal qərbində də çətin vəziyyət idi.

Şəki xanlığı, İlisu sultanlığı və Car-balakən camaatlığı var idi. Ora tez-tez gürcülər, II İrakli hücm edir və ona görə də camaatın güzaranı çox çətin idi.

 

Bəhs olunan dövrdə Cənubi qafqazda əsas maraqlı dövlətlər Osmanlı, qacarlar və ruslar idi.

 

Əlbəttə ki, qacarlar təzə qurulmuşdu, Osmanlı zəifləmişdi, Rusiya isə sürətlə böyüyən bir imperiya idi və II Yekatrinanın xarici siyasəti işğalçılığa dayanırdı. Bəzi xanlıqlar Qacarları özünə təhlükə kimi görüb gah Osmanlıdan, gah da Rusiyadan kömək istəyirdi. Osmanlı isə kömək göstərməkdə o qədər də maraqlı deyildi. Molla Pənah Vaqif də daha çox Rusiyadan kömək istəmək niyyətində idi.

 

1783-cü ildə Gürcüstanda Georgevsk bir müqavilə imzalandı və Gürcü çarı II İrakli Rusiyanın himayəsini qəbul etdi. Burada bəzi Azərbaycan xanları da iştirakçı kimi qatılmışdılar, o cümlədən, Molla Pənah Vaqif. Bu Qacarın həddindən artıq narazılığına səbəb olmuşdu.

 

Hətta Molla Pənah Vaqif  Gürcü çarı II İraklinin oğlu ilə Tiflisdə  görüş keçirmişdi və ona müxəmməs də yazmışdı.

Bu zaman rus generalları Potyomkin, Burnaşov, Kotlyarevski həmçinin Rus zabitləri onlara meyl edən Qacar və Azərbaycan məmurları ilə daim yaxın təmasda olur, onlara məktublar yazır və Qacarların Qafqaza yürüşünə mane olmağa çalışırdılar.

 

Molla Pənah Vaqif də Rus sarayına dəfələrlə məktub yazmışdı. Hətta onun yazdığı məktubların üslubu, dəqiqliyi ilə yazılması, Rusiyaya rəğbət bəsləyərək yazması II Yekatrinanı çox razı salırdı. İbrahimxəlil xanın özü də rus meyilli idi və II Yekatrina onlara hədiyyələr göndərirdi.

 

Bir şey qeyd edim ki, hökmdarların, dövlət xadimlərinin bacarıqları dövlətin ən çətin günündə ortaya çıxır. Yəni Qarabağın çətin günündə İbrahimxəlil xanın, Molla Pənah Vaqifin və digər xanların Rusiyadan kömək istəməsi bir sonraki faciələrin də başlanğıcı oldu. Məlum məsələdir ki, sonradan torpaqlarımız parçalandı.

 

Heç təsadüfü deyil ki 1796-cı ildə Yekatrinanın əmrilə Zubov Qafqaza yürüş eləyəndə bəzi Azərbaycan xanlarının onlardan kömək istəməsini bəhanə edərək “onlar himayəyə keçmək istəyir, ona görə də onları Qacarlardan müdafiə etmək borcumuzdur” deyərək hücum etmişdilər Qafqaza. Lakin Yekatrinanın ölümündən sonra oğlu qoşunu geri çağırdı.

 

Bu günə qədər də bu faciə davam edir. Sovet dövründə, sovet ədəbiyyatında həmçinin tarixşünaslığında Molla Pənah Vaqif haqqında daim müsbət fikirlər səslənib. Ədəbiyyatda da Molla Pənah Vaqif böyük ustad kimi təqdim edilib.

 

Əlbəttə ki, onun ədəbi yaradıcılığına söz ola bilməz. Sovet dövründə Vaqifə bu qədər rəğbət bəslənməyinin əsas səbəbi həmin dövrdə onun Rusiyaya meyillilik siyasəti yeritməsi və Rusları Qarabağa dəvət etməsidir. Bir növ Ruslar onlara ” xidmət etmiş” şəxsləri bu qaydada yad edirdilər.

 

Səməd Vurğunun “Vaqif əsərində” M.P. Vaqifin Rusiyaya meyillilik siyasətində işarə vurulmuşdu.

 

Xanların xarici siyasətdə səhvləri, o cümlədən İbrahimxəlil xanın səhv qərarları gələcəkdə Azərbaycan torpaqlarının parçalanmasına və Türkmənçay  kimi faciəvi bir müqavilənin imzalanmasına gətirib çıxartdı. Xanların yarısının Ruslara, digər yarısının isə Qacarlara meyl etməsinin nəticəsi bu gündə göz önündədir”.

NƏRMİNƏ MƏMMƏDOVA

MİNVAL.İNFO