Seçki prosesi bitib. MSK bütün dairələr üzrə nəticələri, lider namizədləri dünəndən açıqlayıb. 9 fevralda baş tutan növbədənkənar parlament seçkilərinin favoriti olan 35 saylı Xətai üçüncü Seçki Dairəsində qalib Rauf Arifoğludur.

Əslində, buna seçki prosesinin gedişində hər kəs əmin idi. Elə bu dairədən namizəd olan İqbal Ağazadə də bunu dərk etmişdi. Əlbəttə, uşaq deyil, bunu başa düşürdü. Biz də fərqində idik ki, ilk gündən uduzacağını bildiyi üçün çirkli texnologiyalara baş vurub. Seçkinin gedişində hansı vicdanla bir araya gəlməyən hərəkətləri, təxribatları etmədilər? Bir xəstə adamı özünün iradəsinin əleyhinə olaraq, zorla yaxud pulla ələ alaraq Qusardan gətirib 35 saylı dairədən namizəd etdi. Qoşqar Bəylər adlı bir partiya nümayəndəsini də Rauf Çərkəzoğlunun qoltuğuna vurdu, qoşalaşıb sirk göstərdilər.

Bundan başqa, bir Abbasov soyadlı, bir də Rauf adlı “namizədlər” də gətirdi dairəyə. Bülletendə Rauf Arifoğlu Abbasovun adının birinci olmaması, seçicilərin çaşdırılması üçün anormal işlərə baş vurdu.

Təbliğat-təşviqat kampaniyasında dairə ərazisində 5-6 təxribatçı qadın tapdı, onları pul qarşılığında Rauf Arifoğlunun tədbirlərini pozmağa göndərdi. Təxminən 30-40 adamını da sosial şəbəkələrdə Rauf Arifoğlunun facebook səhifəsində söyüşlər söyməyə, təhqirlər yağdırmağa ayırdı. Adamların mahiyyəti budur, tərbiyələrini nümayiş etdirirlər.

Faktiki olaraq seçkinin ilk günündən bu şəxsin bütün əməlləri məhz seçkidə özünün qalib olmasına deyil, qalib gələcəyini bildiyi Rauf Arifoğluna qarşı əngəllər törətməyə hədəflənmişdi.

Ən böyük təxribatları isə səsvermə günü həyata keçirməyi qərara almışdılar. Əvvəlcədən məlumatlı idik ki, seçki məntəqələrinə 10-15 adam toplayacaqlar, səsvermə bitib sayım başlayanda dava salacaqlar, nəticələrin elan olunmasına imkan verməməyə cəhd edəcəklər. Belə də etdilər. Düzdür, əksər məntəqə komissiyalarının, Rauf Arifoğlunun Seçki Qərargahının üzvlərinin ayıq-sayıqlığı nəticəsində yalnız bir neçə məntəqədə təxribata əl ata bildilər. Əksər məntəqələrdə imkan vermək istəmədilər ki, səslər sakit qaydada sayılsın. Sayım zamanı Rauf Arifoğlunun adının İqbal Ağazadədən ikiqat artıq səsləndiyini dinlədikcə hay-küy salırdılar. Məsələn, səsvermə zamanı mən 9 saylı məntəqədə idim. Burada bizimlə bərabər İqbal Ağazadənin səlahiyyətli nümayəndəsi Səməd Hətəmov da səslərin sayılmasını izlədi. Rauf Arifoğlunun əzici fərqlə üstün səsləri elan ediləndə İqbal Ağazadənin Rauf Çərkəzoğluna “bağışladığı” təmsilçisi Qoşqar Bəylər burada müşahidəçi olmadığı, gün ərzində görünmədiyi halda, qəfildən məntəqəyə soxularaq səsini başına atdı, seçki komissiyasının üzvlərini təhqir etdi. Ona təxribatçı yarlığının belində olduğunu xatırlatdıq, məntəqə sədrinin tələbindən sonra çölə çıxmağa məcbur oldu.

Səsvermə günü səlahiyyətli nümayəndə kimi 4 məntəqədə dolaşmışam. 7-ci məntəqədə İqbal Ağazadənin qohumları hətta məntəqə sədrinə təzyiqlər göstərməkdən çəkinmirdi. Onlar məntəqə daxilində səsverməyə gələnlərdən bəzilərini İqbal Ağazadəyə səs verməyə yönəltməyə cəhd edir, onlara psixoloji təzyiqlər göstərməyə çalışırdılar. Bunları aktlaşdırmışıq.

Digər məntəqələrdə isə Ağazadənin adamlarından biri bülleteni oğurlayıb qaçarkən yaxalandı. Başqa biri iki bülletenlə ələ keçdi, videoya çəkildi və yayıldı.

8-ci məntəqədə də səsvermənin gedişində Qoşqar Bəylər bir neçə dəfə dava salmağa çalışdı, qarşısı alındı. İqbal Ağazadənin nümayəndələri burada səslərin sakit şəkildə sayılmasına isə faktiki imkan verməyiblər.

Xülasə, seçkinin gedişində bütün saxtakarlıqlara əl atdılar. Ən əsası, səslərin sayılmasında hay-küy, dava salırdılar, qarışıqlıq yaradırdılar, öncədən planlaşdırdıqları kimi. Bunları ona görə ediblər ki, Rauf Arifoğlunun qələbəsini təsdiqləyən rəqəmlərin sayımın sonunda səsləndirilməsinin qarşısı alınsın. 1-2 məntəqədə bu təxribatları, seçki cinayətləri qismən baş tutub və hansısa qarışıqlıq anında çəkdikləri videoları montaj edərək, kənar səslər əlavə edərək yayırlar. Bunlar əslində qanunsuzluqdur və ağır da cəzaları var.

Ən miskin, acı mənzərə isə hörmətli Ağazadənin başına cəmləşmiş bir neçə “siyasətçi” qadının ən çirkin yazılara, təxribatlara, şərlərə imza atmalarıdır. Biri “Yeni Müsavat”ın yazmadığı yazıları, daha dəqiqi qəzetin yazılarına təhqiramiz fikirlər əlavə edərək, uyduraraq sosial şəbəkələrdə öz səhifəsində paylaşır. Bunu biriləri daha əvvəllər də etmişdi, bir neçə il öncə onlar buna görə məhkəmə qaydasında cəzalandırıldılar. Bu dəfə də həmin cinayət xarakterli əməli törədənlər cəzasız qalmayacaq. Digəri əməkdaşlarımızı şərləyir.

İndi belə iyrəncliklər edən adamlar üzr istəmək, İqbal Ağazadənin fitvasına gedərək özlərini bitirdiklərini etiraf edib, peşmanlıq duyurmaq əvəzinə, uğursuz “liderləri”nə qoşulub, sosial şəbəkələrdə vicdandan, şərəfdən danışırlar! Belə bir aksiom var: kim nədən daha çox danışırsa, deməli, həmin şeylər onda yoxdur və ya çatışmır.

Təxribat törədən, seçki cinayətləri edən, siyasətə ən murdar davranışları gətirən, Azərbaycan qadınını təxribat elementinə çevirən, məntəqələrdə dava salan, seçicilərə yarım kilo ət, 1 kilo şəkər tozu paylayıb təhqir edən və s. eybəcərlikləri edən bunlar, indi utanmadan, qızarmadan vicdandan, şərəfdən danışırlar! Olmayandan danışmaq şakəridir bu…

Seçki Qərargahımızın üzvləri olan müxbirlərimizə, yazarlarımıza şər atırlar sosial şəbəkələrdə. O adamlara ki, 10, 20, 30 ildir qələminin çörəyini yeyir, halal zəhməti ilə dolanır, şərəfi, vicdanı təmiz yaşayırlar. Bəs sizlər nə edirsiniz? Halal, vicdan anlayışı ilə bir araya sığmayan qaydada yaşayırsınız!

İqbal Ağazadəyə nə var? Bir gün sizləri bada verəcək, heç telefonlarınıza da cavab verməyəcək. Bunu düşünmüsünüzmü?

Zatən bu biabırçı davranışlarından sonra onun siyasi meydanda qalması mümkün də olmayacaq. Cəmiyyətə belə eybəcər siyasi davranışlar təbliğ edən adam siyasət meydanında qalmamalıdır. “Siyasət mümkün olanı həyata keçirmək peşəsidir” deyimi o anlama gəlməməlidir ki, biri cəmiyyəti sarsıdan, siyasi proseslərdən iyrəndirən davranışları ənənəyə çevirməlidir. Siyasət cəmiyyətin inkişafına doğru bütün addımları atmaqdır, bunun əksini etmək vicdansızlıqdır.

Və sonda. İqbal Ağazadənin parlament seçkilərində uduzması ilk dəfə deyil. 2015-də 35-ci dairədən, 2016-cı ildə Ağdaşdan namizədliyini verib və uduzub. Onda belə çığır-bağır salmırdılar. Görünür, Rauf Arifoğlunun daşı çox ağırdır…

Üstəlik, o, 2001, 2005, 2010 seçkilərində məhz bu komissiya tərkibləri ilə deputat seçilib. Onda deyirdi ki, seçkini halal udub, təbrik olunmalıdır. İndi də seçkini halal qaydada biz udmuşuq, niyə təbrik etmirsiniz, əgər belə obyektivsinizsə? Yoxsa demokratiya özünüzə çatana qədərdir?

Hə, sosial şəbəkələrdə belə şayiə də yayırlar ki, bəs, İqbal Ağazadəni guya bütün ölkədə dəstəkləyirdilər, necə oldu 35-ci dairədə uduzdu. İqbal Ağazadə prezident seçkilərində də iştirak edib və bütün ölkəni əhatə edən seçkilərdə 0 faizin üstündə bir səs yığıb, o da yalnız qohum-əqrəba, dost-tanış və partiya üzvlərinin hesabına alınan rəqəmdir. Sosial şəbəkələrdə İqbal Ağazadəni dəstəkləyənlər isə aldadılmış partiya uşaqları, bir də onu yaxından tanımayan, pafoslu, sentimental videoaçıqlamalarının küyünə düşən bir ovuc adamdır. Onlar da bu seçkidə yox oldu. Gerçək üzünü göstərdi xalqa bu adam…

Elşad MƏMMƏDLİ