Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi hələ ki, Xankəndində texniki heç bir iş görmür.

“Report”un məlumatına görə, bunu “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

“O ərazidə yerləşən abonentlər də “Azəriqaz” İB-nin abonentləri deyil. Ona görə də heç bir dəqiq məlumat vermək olmaz”, – R. Əliyev qeyd edib.

İB-nin baş direktoru həmin ərazidə dəfələrlə olduqlarını qeyd edib: “Müşahidələrimizə əsasən,orada erməni mətbuatının yazdığı qədər əhali yaşamır”.

R. Əliyevin sözlərinə görə, sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində hər hansı bir invertarlaşma aparılmır: “Bu səbədən həmin ərazidə nə qədər abonentə təbii qazın verilməsi barədə dəqiq rəqəm deməyim düz çıxmaz. Ancaq invertarlaşmanın nəticəsi olaraq biz bunu qeyd edə bilərik. Bizim orada abonentimiz yoxdur”.

Qeyd edək ki, Xankəndi şəhərinə gedən qaz xətti üzərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müəyyən təmir bərpa işləri aparılıb. Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur.

Xankəndi şəhəri daxil olmaqla, Qarabağ iqtisadi zonası 1980-ci illərdə Azərbaycan dövləti tərəfindən qazlaşdırılıb. Orada qaz infrastrukturu yaradılmışdı. Sonrakı işğal dövründə kommunikasiyaların böyük bir qismi ermənilər tərəfindən dağıdılmışr, viran edilmişdir.