Rusiyaya qarşı rus - Sırski kimdir...
Valideynləri Vladimir vilayətində yaşayan, bir oğlu “Eşq olsun Rusiya ordusuna!” deyən Ukrayna Qəhrəmanı haqda bilinməyənlər
Ötən həftə Kiyevdə keçirilən etiraz aksiyası son 5 ildə bir ilk idi. Müharibə başlayandan bəri Ukraynada hər hansı nümayiş demək olar ki, keçirilməyib. Lakin ukraynalıları bu dəfə əllərində transparantlarla etiraz şüarları səsləndirən görmək oldu. Onlar Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırskinin istefasını tələb edirdilər.
Aksiyaçılar sayca böyük deyildi. Hətta bu toplaşmanın hansısa siyasi qrupların maraqlarına xidmət etməsi də istisna edilmir. Amma hər bir halda, ordunun baş komandanını istefaya çağıran ilk nümayiş baş tutmuşdu.

Zelenski ondan nə istəyir?
İyulun 18-də “Financial Times”da dərc olunan yazıda bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırskini vəzifəsindən kənarlaşdırmağı nəzərdən keçirir. Zelenski prezidentliyi dövründə ən böyük hərbi idarəçilik böhranından çıxmağa çalışır və “qəssab” kimi tanınan Sırskini vəzifədən uzaqlaşdırmaq barədə fikirləşir. Zelenskinin administrasiyasından olan vəzifəli mənbənin sözlərinə görə, Ukrayna lideri cəbhədəki vəziyyəti müzakirə etmək və orduya rəhbərlik etməyə uyğun namizədlər barədə təklifləri dinləmək üçün iclas keçirəcək. Mənbə bildirib ki, Zelenski cəbhədə güclü müdafiə xəttinin qorunacağı və səlahiyyətlərin yeni komandana problemsiz şəkildə ötürüləcəyi təqdirdə, Sırskini postundan kənarlaşdırmaq fikrinə açıqdır. Lakin hələlik bununla bağlı yekun qərar qəbul edilməyib. Üstəlik, təcrübəli komandanı kimin əvəz edəcəyi də sual altındadır. Xüsusən də müharibənin ən qızğın dövründə Zelenskinin Sırski ilə yolları ayırmasının ciddi fəsadlara yol açması riski də az deyil. Nəzərə alaq ki, Sırski bu posta Valeri Zalujnıdan sonra gəlib və kifayət qədər təcrübəli biridir. Onun rəhbərliyi altında orduda hər hansı axsama olmayıb və rus işğalçı qüvvələrinin hücum tempini aşağı sala bilib.
Bəs kimdir bu vətənpərvər komandan? Sırskinin özəlliyi nədədir?
Rusiyada doğulan “xain” övlad
General-polkovnik, Ukrayna Quru Qoşunları komandanı, Ukrayna Qəhrəmanı adına layiq görülmüş Sırski milliyyətcə rusdur. Bu da taleyin qəribə kinayəsidir ki, iki qohum xalqın müharibəsində rus komandan rus ordusuna qarşı döyüşür. Bəlkə də Rusiya-Ukrayna müharibəsində bu fakt təəccüblü olmamalıdır. Çünki Rusiya tərəfdən də danışıqlara rəhbərlik edən Medinski ukraynalıdır. Sadəcə, bu reallığın özü də bir faciədir ki, indi iki qohum xalq bir-birinə düşmən oldu…
Sırski 1965-ci ilin iyulunda Rusiyanın Vladimir vilayətində anadan olub. O, hərbçi ailəsində doğulub. 1980-ci illərdən Ukraynada yaşayır. Həyat yoldaşı Tamara İvanovna Xarçenkodur, amma boşanıblar. Oğulları Anton və Aleksandrdır. Onlardan biri övladlığa götürülüb və Avstraliyada yaşayır. Sırskinin övladlığa götürdüyü oğlu hətta Avdeyevkanın ələ keçirilməsi münasibətilə Rusiya Silahlı Qüvvələrini təbrik edib. İvan Sırski Rusiyanın Sidneydəki Baş Konsulluğunda olub, orada Rusiya vətəndaşlığı almaq planlarından danışıb. Daha sonra təbrikində “Rusiyaya eşq olsun!” ifadəsini işlədib. Qeyd edək ki, o, hazırda anası və qardaşı ilə Avstraliyada yaşayır, valideynləri boşandıqdan sonra oraya köçüblər.
Sırskinin atası Stanislav və anası Lyudmila isə bu gün də Rusiyada, Vladimir vilayətində yaşayırlar. Qardaşı Oleq Sırski də Rusiyada yaşayır. Kreml mətbuatı onun ailəsini danışdırıb, hamısı guya ondan zəhləsi getdiyini, ona nifrət etdiklərini söyləyiblər. Bir müddət əvvəl mediada yayılan xəbərlərdə deyilirdi ki, Aleksandr Sırskinin anası Lyudmila onun Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə təyin olunması ilə bağlı çətin günlər keçirir. Bu barədə onun xorda birlikdə oxuduğu rəfiqəsi Sofiya Bondarenko REN TV-yə müsahibəsində danışmışdı. O, qadının dəhşətli vəziyyətdə olduğunu, buna görə hətta son məşqi buraxdığını söyləmişdi. Lyudmilanın əri də səhhətində problemlər yaşayır. O, Sırskinin çoxdan işləmək üçün Ukraynaya getdiyini və orada ailə həyatı qurduğunu qeyd edərək, ananın oğlunun hərəkətlərinə görə məsuliyyət daşımamalı olduğunu vurğulamışdı. “Uşaq böyüyəndə nə edəcəyini heç vaxt bilmirsən”,- Bondarenko deyib. Daha əvvəl bildirilmişdi ki, Sırskinin valideynləri oğlunun Ukraynada nə işlə məşğul olduğunu biləndə insanların gözlərinə baxmaqdan utanıblar(?) Rəfiqənin dediyinə görə, guya bu barədə ona bir ailə dostu danışıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanının valideynləri vətənpərvərdirlər və həmişə “Ölməz alay”da iştirak ediblər.

İki ləqəbli komandan
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrində yaşıdı olan bir çox insan kimi, o, Moskvada – Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb, o vaxtdan rus komandiri olmuş həmyaşıdları arasında 1986-cı ildə oranı bitirib və beş il sovet artilleriya korpusunda xidmət edib. Bəzi hərbi analitiklər hesab edirlər ki, onun döyüş taktikası iyerarxik sovet hazırlığını əks etdirir. Sırski 2019-cu ildə Ukrayna quru qoşunlarının rəhbəri olub. O, əvvəllər 2014-cü ildə başlayan və “Qar bəbiri” adı altında Şərqi Donetsk və Luqansk vilayətlərində Moskvanın dəstəklədiyi üsyançılara qarşı döyüşən Ukrayna qoşunlarına komandanlıq edib. Sırski Kiyevin müdafiəsi, həmçinin Xarkov və Baxmut döyüşlərində fədakarlığı ilə yadda qalıb. Nüfuzlu Qərb nəşrləri yazır ki, Sırskinin “General 200″ və ”Qəssab” kimi ləqəbləri var. O, son dərəcə sərt komandir kimi reputasiyaya malikdir. Belə ki, Sırski bəzən ona həvalə edilmiş birliklərdən daha artıq iş tələb edir. Bəzi Ukrayna əsgərləri və xarici media onu çoxlu itkilərə səbəb olduğu üçün “Qəssab” adlandırır. O, bu ləqəbi Baxmut döyüşlərindəki sərt taktikalarına və yüksək əsgər itkisinə görə alıb.
Zalujnı onu niyə ələ salıb?
Onu da deyək ki, Sırski 1986-cı ildə sovet ordusunda motoatıcı tağım komandiri kimi xidmətə başlayıb. 1993-cü ildə Xarkov vilayətinin Çuqev şəhərində Ukrayna Milli Qvardiyasının 6-cı diviziyasının motoatıcı batalyonunun komandiri olub və Ukrayna Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. 2000-ci ildə general-mayor rütbəsi ilə Kiyev vilayətində 72-ci mexanikləşdirilmiş briqadanın komandiri olub. O, Rusiyada ilkin hərbi təhsil alsa da, sonradan Ukrayna ordusunun NATO-ya inteqrasiyası istiqamətində ən çox iş görən generallardandır. 2014-cü ilin yazında Donbasdakı əməliyyatlara cavabdeh olan şəxslərdən biri olub. Müharibə zamanı Donetskdəki Debaltsevo, Uqleqorsk, Loqvinovo, Redkodub uğrunda döyüşlərdə iştirak edib. O, Debaltsevedəki ağır döyüşləri idarə edənlərdən biri olub. 2016-cı ildə Ukrayna Silahlı Qüvvələrinin Birgə Əməliyyat Qərargahının rəisi olub. 2019-cu ildə Zelenski Sırskini Quru Qoşunlarının komandanı təyin edib.
“The New York Times” qəzeti araşdırmasında yazır ki, Valeri Zalujni Ukrayna Silahlı Qüvvələrinin baş komandanı olduğu dövrdə o zaman Ukrayna Quru Qoşunlarının komandanı olan Aleksandr Sırskiyə qarşı düşmənçilik edib. Zalujnı Sırskini Ukrayna dilini zəif bildiyinə görə ələ salıb və onu “rus generalı” adlandırıb. Məqalədə bildirilir ki, Sırski bütün görüşlərdə yalnız rus dilində danışıb. Amma bu düşmənçiliyin sonunda Zalujnı “cəzalanır” və prezident onu Böyük Britaniyaya səfir göndərir, Sırskini yerinə təyin edir. Çox maraqlıdır ki, indi də Sırskinin sabiq müdafiə naziri ilə yola getmədiyi üzə çıxıb. Bu dəfə də Zelenski onu üstün tutdu və Fedorovu vəzifədən azad etdi. Görünür ki, rus Sırski rus işğalına qarşı mübarizədə Ukrayna hakimiyyəti üçün əlahiddə generaldır…
Bununla belə, Zelenski son açıqlamalarında bildirib ki, ölkədəki vəziyyətlə bağlı çoxsaylı məsləhətləşmələr keçirib. Onun sözlərinə görə, görüşlər arasında Ukraynanın müdafiə naziri Mixail Fedorov və Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırski ilə aparılan müzakirələr də olub. Zelenski qeyd edib ki, ordu ilə bağlı qərarlar hazırlanacaq. Prezident əlavə edib ki, hakimiyyət xalqın mövqeyini nəzərə alır. Yəni “Financial Times”ın xəbəri dəqiqləşə bilər. Əgər Zelenski həqiqətən də Sırskini vəzifədən azad etmək qərarı versə, bu, Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyində 2024-cü ildə Zalujnının gedişindən sonra ikinci böyük kadr dəyişikliyi olacaq. Belə bir addım həm cəbhədə idarəetməyə, həm də Ukrayna ordusunun gələcək strategiyasına təsir göstərə biləcək mühüm qərar kimi qiymətləndirilir.
P.S. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski vəzifəsindən azad edilib. Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Mixail Drapatıy Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Biz təslim olmayacağıq!
Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar - FOTO
ABŞ İranın qarşısına 12 şərt qoydu
14 yaşlı qızının telefonunu yoxlayan ana dəhşətə gəldi
Müharibə olsa, İran bu ölkəni məhv edəcək - Hizbullah
Rusiyada ticarət mərkəzi yandı - 4 uşaq öldü - VİDEO