Azərbaycan xalqının nağıllarında, qəhrəmanlıq dastanlarında milli-azadlıq, zülmə, istibdada qarşı mübarizələrdə fövqəlqəhrəman obrazları ilə qarşılaşırıq. Məsələn, Koroğlu təkbaşına meydana girir və düşmən ordusunu dizə gətirir. Qazan xan öz ailəsini əsarətdən qurtarmaq üçün müharibəyə gedəndə ona dəstək verməsin deyə Qaraca Çobanı ağaca bağlayır. Məlikməmməd divlərə qarşı tək döyüşür və qələbə çalır. Bütün bu qələbələrdən yararlananlar isə fövqəlqəhrəmanlardan çox, bütünlüklə xalq olur.
Nağıllarımızın, qəhrəmanlıq dastanlarımızın bizə təlqin etdiyi bu ideya insanlarımızın da mübarizə anlayışında dərin izlər buraxıb. Biz tarix boyu “ağ atlı oğlan”ları gözləyə-gözləyə bu günlərə gəlib çıxmışıq. Maraqlıdır ki, dini anlayışımızı, məzhəbi təmayülümüzü seçəndə də müqəddəs “ağ atlı oğlan” obrazından çıxış etmişik. 13 əsrdir bizi xilas etməyə gələcək Sahib əz-Zamanı gözləməyimiz də milli xarakterimizin bizə bəxş etdiyi müqəddəs dəyərlərdəndir. Təsəvvür edin ki, dini inancımızı ərəblərdən aldığımıza baxmayaraq, onlardan fərqli olaraq biz qüdsi təfəkkürümüzə yenə “ağ atlı oğlan” obrazı əlavə etmişik. Daha yalın dillə desək, Azərbaycan xalqının böyük əksəriyyətinin yollarına göz tikdiyi Mehdi obrazı da “ağ atlı oğlan” kültünün islamlaşmış formasından başqa bir şey deyil.
Tarix boyu Mehdilərin, “ağ atlı oğlan”ların yolunu gözləyə-gözləyə özümüzə inamımızı da itirmiş, bəzən hətta yerli qəhrəmanlarımız təbii olaraq bu gözlətilərimizə cavab verməyəndə xarici xilaskarlara bel bağlamışıq. Beləcə, bir zamanlar atının ayağı dəyən yerlərdə 3 il ot bitməyən millətdən yadelli əsarətlərə boyun əyən topluma çevrilmişik.
Bizi zərrə-zərrə əridən, millətləşmə prosesini əngəlləyən, regional, məhəlli maraqların əsirinə çevirən bu xarakterimiz hazırda daha kəskin forma alıb. Dünən “ağ atlı oğlan” deyib tapındığımız, ən həlledici anda isə tək və rejimin ağır işgəncələrinə məruz buraxdığımız fədailərimizi irreal gözləntilərimizə cavab vermədiyi üçün tikə-tikə parçalamağa, haqqında min cür ittihamlar, böhtanlar səsləndirməyə hazırıq. Halbuki həmin qəhrəmanları meydanlarda tək buraxıb məğlubiyyətlərinə şərait yaradan özümüz olmuşuq. Məhz bizim yalnış təsəvvürlərimizin və laqeydliyimizin nəticəsində sinəsini qabağa verib mübarizə aparan qəhrəmanlarımız həbslərə atılıb, müxtəlif təzyiqlərlə üzləşib, ailəsinin, uşaqlarının həyatı təhlükə altında qalıb. Biz isə apardığı mübarizədən məğlubiyyətlə ayrılan və yeni metodlar seçməyə vadar olan oğullarımızı xəyanətdə günahlandırmış, barələrində min bir iftiralarda bulunmuşuq. Nədən ki, o, bizim irreal gözləntilərimizə cavab verə bilməyib. Əslində isə “ağ atlı oğlan” axtarışımızın günahı bizə o cür görünən deyil, gördüyünü səhv alqılayan beynimiz olub.
Açığını desəm, jurnalistliyə başladığım gündən bu günədək fərqli cəbhələrdə (cinahımız eyni olsa da) yer aldığımız, bəzən hətta qarşı-qarşıya gəldiyimiz Rauf Arifoğlunu da minillik yanlış lağatlı oğlan» anlayışımızın zərərgörənlərindən sayıram. Mənim qiyabən tanıdığım Rauf Arifoğlu həmişə haqsızlığa qarşı mübarizənin ön cəbhələrində olub. Müstəqilliyin ilk illərində sovet sisteminə və onun qalıntılarına qarşı mübarizədə maarifləndirmə işi aparmaq üçün yaratdığı müxtəlif dərgi və qəzetlər milli oyanışımıza böyük töhfələr verib. Ölkəmizdə çoxpartiyalı sistemə keçidin ilkin mərhələsi kimi düşünülsə də, sonradan bu ümidi doğrultmayan Müsavat Partiyasının ərsəyə gətirilməsində də Rauf bəyin müstəsna rol oynadığını, yəqin ki, bu təşkilatın keçmiş və indiki liderləri belə inkar etməzlər. Təsadüfi deyil ki, Rauf bəy bu partiyanın ən güclü zamanlarında (o zaman Azərbaycanın ən dəyərli ziyalılarının üzv olduğu bu partiyada yüksəlmək hər oğulun işi deyildi) əsas aparıcı fiqurlarından biri olmağı bacarmış, partiyanın divan üzvü başkan müavini kimi yüksək mövqelərə ucalmışdır. 2016-cı ildə isə partiyanın üzvlüyündən çıxaraq fəaliyyətini yalnız jurnalistika sahəsində davam etdirmişdir.
Rauf Arifoğlunun Müsavat Partiyasından ayrılması, partiya prinsiplərindən tamamilə uzaq jurnalistika fəaliyyətinə keçməsi, zaman-zaman müxalif düşərgədə gördüyü naqislikləri qələmə alması, sözsüz ki, “köhnə dostları” ilə aralarında dərin ixtilaflara yol açmışdır. Bəzən “köhnə dostları” onu “ağ atlı oğlan” obrazına xilaf mövqe tutmaqda günahlandırsalar da, bir növ ictimai şüurumuza oturmuş yanlış qənaətlərdən sui-istifadə etməyə çalışsalar da, əslində Rauf bəyin öz yolundan sapdığını söyləmək insafsızlıq olardı. Rauf Arifoğlu bu gün də gənclik illərindən atıldığı meydandadır. O, sadəcə, mübarizəni köhnə qayda ilə davam etdirməyin mümkünsüzlüyünü görüb öz işini tamamilə yeni tərzdə sürdürməyə çalışır və xalqa, millətə xidmət yolunda həqiqi nailiyyətlər qazanır.
Etiraf edək ki, siyasi Rauf Arifoğlunun edə bilmədiyi bir çox ictimai qazanımlar jurnalist Rauf Arifoğlu ilə reallaşır. “Yeni Müsavat” qəzetinin ictimailəşdirərək çözdüyü bir çox problemlər bir sıra siyasi partiyaların illərlə əlləşib heç bir nəticə əldə edə bilməyəcəyi işlərdir. Kim bilir, nə qədər vətəndaşlarımız “Yeni Müsavat”ı özünün son ümid yeri kimi bilib, dərdini onun vasitəsilə ictimailəşdirməyə çalışır, beləcə bu mətbu narazı kütlənin, haqqı tapadalanmış insanlarımızın sırdaşına çevrilir.
Rauf Arifoğlunun rəhbərlik etdiyi qəzetin bu istiqamətdə gördüyü işlər onun təkcə hakimiyyətin 4-cü qanadı kimi deyil, yeri gələndə məhkəmə hakimiyyəti kimi fəaliyyət göstərməsinə şərait yaradıb. Məhkəmələrin siyasi sifarişlə işlədiyi, vəkillik institutunun iflic vəziyyətə salındığı indiki şəraitdə bir çox haqsızlıqların qarşısının mətbu orqanlar tərəfindən alındığı sirr deyil və “Yeni Müsavat” bu işdə öncüllərdən biri kimi seçilir. Bir sıra rayonlara çəkilən yollardan bəzi acgöz məmurların cəzalandırılmasına, haqqın, hüququn bərqərar olmasına qədər bir çox nailiyyətlərdə Rauf bəyin qəzetinin imzası var və nə qədər ki, bu ölkədə ciddi islahatlar aparılmayıb, yaxud başa çatdırılmayıb, o cür də olacaq.
Rauf bəyin yeni mübarizə taktikası təkcə sosial problemlərin həllinə istiqamətlənməyib. “Yeni Müsavat” qəzeti zaman-zaman öz səhifələrində siyasi basqılara, məmur özbaşınalıqlarına məruz qalan partiya liderlərinin də son sığınacağına çevrilib. Qəzetin təşkil etdiyi teledebatlarda siyasilərimiz öz düşüncələrini açıq şəkildə cəmiyyətimizə çatdırır, vətəndaşlarımız maariflənir, iqtisadi, siyasi müzakirələr ölkəmizin demokratikləşməsinə öz töhfələrini verir. Təbii ki, 27 ildir Azərbaycanı Qərb dəyərlərindən uzaqlaşdırmaqdan başqa heç bir işə yaramayan, yüzlərlə gəncimizin həbsxanalarda çürüməsinə, fəal sosial bazamızın xarici dövlətlərə axınına səbəb olan radikal və mövsümi mübarizədənsə, bu cür tədrici və ardıcıl fəaliyyət daha rasionaldır, cəmiyyətimizi qısa və asan yolla əsl hədəfə doğru aparır. “Siyasətin mümkün olanı həyata keçirmə sənəti” olduğunu nəzərə alsaq, jurnalist Rauf Arifoğlunun yeni yanaşması siyasətçi Rauf Arifoğlunun mövqeyindən daha siyasi təsir bağışlayır.
Jurnalist Rauf Arifoğlu media sahəsində də cəmiyyətimizə xeyli dividentlər qazandırmışdır. Azərbaycanda az-çox azad media vardırsa, söz azadlığı tamamilə boğulmayıbsa, aralarında Rauf Arifoğlunun da bulunduğu bir neçə vətənpərvərin sayəsində mümkün olmuşdur. Bu gün nə yazıq ki, xaricə sığınıb özünü təhlükəsiz hiss edənlərdən fərqli olaraq, “Yeni Müsavat”ın baş redaktoru öz ölkəsində qala-qala, min bir əzabla qurduğu, uğrunda zindanlara düşdüyü, çətinliklərə qatlaşdığı Vətəninin ən xırda maraqlarını belə xarici kəşfiyyat orqanlarına satmadan fəaliyyət göstərir, qurub yaradır. Sözsüz ki, bu çətin yolda onun da qarşısında aşa bilmədiyi böyük problemlər var və bəzən yüksək səslə bağırmaq istəyini pıçıltı ilə söyləməyə məhkumdur.
Bununla belə, Rauf Arifoğlunu irreal “ağ atlı oğlan” ola bilməməkdə qınayanlar haqlı deyillər. Rauf bəy tədricən damlayaraq daşları yaran su metodunu tutub və bizim kimi yanlış qənaətlərin hegemon olduğu, xarici təhdidlərlə əhatələnən toplumlarda demokratikləşmənin ən optimal variantı budur – yeri gələndə dövlətlə bir yerdə olmaq və hakimiyyətin səhvlərini ictimailəşdirə-ictimailəşdirə tərbiyələndirmək. Bu baxımdan Rauf bəyi cəmiyyətimizin ən yaxşı tərbiyəçilərindən biri adlandırmaq da olar.
Bu gün Rauf bəy Milli Məclis deputatlığına namizədliyini verib. Onun əsas alternativi özü qədər dəyərli şəxsiyyət olan İqbal Ağazadədir. Könül istərdi ki, hər iki insan MM-də seçicilərinin iradəsini ifadə etsin və əl-ələ verərək ölkəmizin demokratikləşməsi yolunda öz sözlərini desin. Amma demokratiyanın gözəlliyi də buradadır: bəzən seçicilər pislə yaxşı arasından deyil, iki yaxşıdan birini seçmək məcburiyyətində qalırlar, dolayısıyla yaxşılardan birindən imtina etməli olurlar. Bu çətin seçim qarşısında şəxsən mənim ən böyük təsəllim həmin dairənin seçicisi olmamağımdır. Belə bir şanssızlıq yaşasaydım, yəqin ki, rəqiblərin baş-başa getdiyi yarışda peşə təəssübkeşliyimin sözünə qulaq asar və Rauf bəyə yeni missiyasında uğurlar arzulayardım.