“Bəzi müğənnilər yüksək məbləğdə pullar xərcləyirlər ki, trenddə olsunlar. Düşünürlər ki, ulduzdurlar, mahnıları çox gözəldir, sevilirlər. bu fikirləri hər yerdə səsləndirirlər. Onların psixoloji problemləri var. Trenddə olmaq 1500 manatdan başlayır. Bilmirlər ki, özlərini aldadırlar, xalqı deyil”. 

Bu sözləri müğənni-bəstəkar Rübail Əzimov musavat.com-a müsahibəsində deyib.

Bir çox populyar mahnılara imza atan ifaçı simasının tanınmama səbəbindən də bəhs edib: “İnsanlar səsimə qulaq asır, mahnılarımı sevir, amma məni tanımır. Xalq artisti Alim Qasımovla ifa etdiyimiz  “Xarı-bülbül” duetimiz sevilib. Sənətkarımızın məşhur “Xatirədir” mahnısını mən aranjeman etmişəm. Sözləri Baba Vəziroğluna, musiqisi Kamal müəllimə aiddir. Hamı o mahnını sevir, amma mənim aranjeman etdiyimi bilmir. “Eşq”, “Bitsin artıq” mahnılarım populyardır. Amma insanlar sevə-sevə dinlədiyi müğənninin adını bilmir, üzünü tanımır”.

– Buna səbəb nədir? 

– Mən heç vaxt 2 manat verib, efirə çıxmaq niyyətində olmamışam. Uzun müddət bu prinsiplə yaşamışam ki, işimi görəcəyəm, qazancımı işimə yatıracağam. Amma sonra gördüm ki, insanlar üzümü tanımır. Indi isə düşünürəm ki, üzümü tanıtmaq, insanlara göstərmək məcburiyyətindəyəm. Çünki indi internet əsridir. Tanınmaq üçün vasitələr çoxdur və mənim peşəkar səviyyədə işlərim var. Niyə insanlar məni tanımasın?

– Qadın müğənnilər üçün tanınmaq daha asandır, geyim, şəxsi həyat ilə diqqət çəkə bilirlər. Bu durum kişi sənətçiləri narahat edir. Çünki dəfələrlə dilə gətiriblər.

– Mənə də deyirlər ki, şou-biznesdə yaşananlara münasibət bildir, diqqət çək. Mən özümü  həyasız xəbərlərin içində görmürəm. Bu sahədə hər üzdə insan görmüşəm, onların əqidəsi bəlli deyil. Bu şeylər kişiliyimə yaraşmır, mənə ayıb gəlir, kişiliyi itirmək olmaz. Elə olmaq istəmirəm, mənim təbiətim ağırdır, ailəm, övladlarım var. Elə yaşamalıyam ki, övladlarım mənimlə fəxr etsin.

– Xalq artisti Alim Qasımovla bir çox layihəniz var. Sənətkarla işləməyin müsbət və mənfi tərəfləri hansıdır? 

– Alim Qasımovla ilk işimiz “Xatirədir” oldu. Alim müəllim çox kaprizlidir, çox tələbkardır. Kiminsə üçün bu xoş olmaya bilər. Mənim üçün avantajdır. Sənətkarın kaprizini çəkmək lazımdır ki, öyrənəsən. Bir müğənni duet oxumaq üçün ona 35 min dollar təklif edib, amma razılaşmayıb. Sonra “Xarı-bülbül” mahnısını dinlədi, bəyəndi, oxudu. Jurnalist Nicat Dağlar bu mahnıya mətbuat konfransı etdi. Mənim üçün fəxr ediləsi işdir. Amma dinləyicilər çox dinləmədi. 2 ilə 150 min dinlənilib. Amma elə mahnılar var ki, bir günə 50 min dəfə dinlənilir. Mahnı var, çörək üçündür. Mahnı da var, ürək üçündür.

– Çox zaman valideynlər övladlarının incəsənətə gəlməyini istəmir. Onlar övladlarının polis, həkim, hüquqşünas olmasını istəyir. Sizin ailəniz müğənnilik istəyinizi necə qarşıladı? 

– Anam tərəf incəsənətə meyllidir. Dayılarım həvəskar musiqiçidir. Hər zaman ailəm məni dəstəkləyib. Bağçaya gedəndən tədbirlərdə oxuyurdum. Məktəbə gedəndə də tədbirlərdə oxuyurdum. Beşinci sinifdə məni Bülbül adına ixtisas məktəbinə keçirdilər. 11-ci sinfə kimi muğam təhsili almışam. Festivallara qatılırdım. Məktəbin əsas hücumçu komandasında idim. Mərhum prezident Heydər Əliyevin iştirak etdiyi tədbirlərdə çıxış edirdik. Roma Papası Azərbaycana gələndə çıxış edən 5 uşaqdan biri idim. Məktəbdə oxuduğum illərdə bir çox uğurlar əldə etmişəm. Milli Konservatoriyaya qəbul oldum, ikinci kursda oxuyanda studiya, dijital musiqiyə tərəf meylləndim. Dərsə getmirdim, aranjemançı Rabil Səfərliyə deyirdim ki, çayını gətirib, qulluğunu edim, amma yanında işləyib öyrənim. Çünki həm də pianoçuyam. Konservatoriyanı bitirib, hərbi xidmətə getdim. Qayıdanda dedilər ki, Nadir Bayramlı studiyasına səs rejissoru axtarır, o gündən də həmin studiyada çalışıram. Çox işlər görmüşəm, sadəcə özümü reklam edə bilmirəm.

– İndi işin əsas hissəsi reklamdan asılıdır…

– Hər il türk dövlətlərinin musiqi mədəniyyətlərini birləşdirən layihə edirik, 7 ölkənin musiqiçisi bir araya gəlir. TRT, Kral, Kanal D-dən bizə müqavilə göndərdilər ki, yayımlasınlar. Amma Azərbaycanda maraqla qarşılanmadı. Mən işlərimi reklam edə bilmirəm.

– Kaliforniyaya dəvə almısınız, amma maddi çətinliyə görə gedə bilməmisiniz. Mədəniyyət Nazirliyinə yardım üçün müraciət etmisiniz? 

– Heç kimdən kömək istəməmişəm. Bir gün Alim Qasımov zəng etdi ki, İranda dostlarımız “Sərhəd” adında film çəkir. İranda yaşayan azərbaycanlılar mənə zəng etdilər, danışıb, razılaşdıq. Cənubi Azərbaycanda yaşayan kəndli qızın, Şimali Azərbaycandan olan əsgəri sevməsindən, Araz çayının onları ayırmasından bəhs edir. Təbii ki, obrazlar simvolikdir, siyasi mənaları var. Çox gözəl filmdir, Kann Festivalında lauriyat oldu. Beynəlxalq festivallarda hələ də uğur qazanır. Filmə “Həsrət” adlı mahnı yazdım, Alim müəllim oxudu. Daha sonra film rejissor işinə, həm də musiqisinə görə Love İnternational Festivalda nominasiya qazandı. Bizi 23 sentyabrda keçiriləcək təsbirə dəvət etmişdilər. Rejissor İrandan olduğu üçün Amerikaya gedə bilmədi. Alim müəllim də getmədiyi, həm də işlərim çox olduğu üçün gedə bilmədim. Mükafatları göndərəcəklər. Təbii ki, maddi dəstək də olmadığı üçün getməkdən imtina etdim.

– Yerli film və seriallara mahnı yazmışınız?

– “Xarı- bülbül” mahnım “Ata ocağı” serialında tez-tez səsləndirilir.  Azərbaycanda seriallara mahnı yazmaq üçün mənə müraciət edirlər. Amma ciddi yanaşmırlar. Danışırıq, vaxt ayırırıq, amma sonda pul ayırmaq istəmirlər, qiymətdə razılaşmırıq. Mənim dediyim qiymət onlara çox gəlir.

– Bəlkə siz işlərinizi göstərmədiyiniz üçün istədiyiniz məbləği sizə vermirlər?

– Bəlkə də. Mən çıxıb özümü tərifləyə bilmirəm. Elin gözü tərəzidir, əvvəl axır ifamın dəyəri bilinəcək.

– Hazırda ən çox müzakirə edilən “Youtube” trendidir ki, birinciliyi “Mash-up” oxuyan vaynerlər tutur. Bu hal sizi narahat edir? 

– Mən baxış sayına inanmıram. Baxırsan ki, 5 şərh yazılıb, amma 1 günə 100 min baxış olub. Bu mümkün deyil. O qədər insan baxırsa, fikir də bildirər. Mən “Youtube”dan uzun illərdir istifadə edirəm, pulla alınan baxış hiylələrindən də xəbərim var. Amma düşünürəm ki, insan saxtakarlığa əl atanda özündən başqa heç kimi aldatmır. O şəxslər pullar xərcləyirlər ki, trenddə olsunlar. Düşünürlər ki, ulduzdurlar, mahnıları çox gözəldir. Onların psixoloji problemləri var. Trenddə olmaq 1500 manatdan başlayır. Özlərini nə vaxta kimi aldadacaqlar.

– Siz kimə qulaq asırsınız?

– Kamıya qulaq asıram, yeni çıxan bütün mahnıları dinləyirəm. Bizim studiyada yaxşı və ya pis deyə bir şey yoxdur. Bütün kateqoriyadan müğənnilər gəlir, ona görə bütün mahnıları dinləyirəm. Təbii ki, meyxanalar bura aid deyil. Meyxana mənə uzaq janrdır. Namiq Qaraçuxurlu və Rəşad Dağlıdan başqa heç bir meyxanaçını dinləmirəm.

– Elə ifaçı varmı böyük məbləğ qarşılığında belə ona mahnı verməzsiniz?

– Kommersiya məqsədi ilə yazılan mahnılar da var. Mən hamıya mahnı verə bilərəm. Xüsusi qadağa siyahım yoxdur. Əsl sənətə xərclənən pul kommersiya məqsədli yazılan mahnılardan qazanılır.