Qabil Hüseynli: “Ədalət Vəliyev prosesləri daha uzaqlara, daha praktiki istiqamətə çatdırmaq fikrindədir”

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən həftədən başlayaraq ölkədəki siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirir. Parlament seçkilərindən az sonra partiya sədrləri ilə görüşlər keçirilməsi hakimiyyətin ölkədəki partiyaların mövqeyinin güclənməsində maraqlı olması, siyasi islahatlar kursunun daha bir təzahürü kimi şərh edilir.

Qeyd edək ki, Ədalət Vəliyev AĞ Partiyanın sədri Tural Abbaslı ilə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, REAL Partiyasının sədri İlqar Məmmədov, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədri Qüdrət Həsənquliyev, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə görüşüb. Müsavat Partiyasının başqanı Arif Hacılı da görüş üçün dəvət alıb. Məlumata görə, Arif Hacılı görüşün Müsavat Partiyası qərargahında keçirilməsinin daha uyğun olduğu mövqeyindən çıxış edib. Yer məsələsinə görə tərəflər arasında görüş hələ reallaşmayıb.

Ədalət Vəliyev siyasi partiya sədrlərindən başqa cəmiyyətdə tanınan siyasi təhlilçilər, politoloqlarla da görüş keçirir. Görüşlərdən biri politoloq Qabil Hüseynli ilə baş tutub.

Onu da qeyd edək ki, bütün görüşlər Prezident Administrasiyasında keçirilib.

Bəs bu görüşlər iqtidar-müxalifət münasibətlərinə düzən gətirə bilərmi?

Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, bu cür görüşlər əvvəla cəmiyyətdə siyasi gərginliyi yumşalda bilər: “Mənim də görüşdə gəldiyim nəticələrdən biri o oldu ki, cənab Ədalət Vəliyev cəmiyyətdə siyasi gərginliyi aradan qaldırmaq üçün yollar axtarır. Mən belə başa düşdüm ki, siyasi partiyalarla təmaslar qurub onlarla fikir mübadiləsi aparıb ölkədəki real siyasi vəziyyəti, siyasi partiyaların rəhbərlərinin baxış bucağını, təkliflərini öyrənmək istəyir. Cəmiyyətdə siyasi həmrəyliyə aparan yolları axtarıb tapmaq və praktiki təkliflər hazırlamaq istəyir. Əsas məsələ isə mənim zənnimcə, siyasi partiyaların problemlərini və təkliflərini öyrənməkdir. Hələ ki məsələ öyrənilib ümumiləşdirilmə mərhələsindədir. Mən belə başa düşdüm ki, gələcəkdə siyasi partiyalarla polemika, dialoq praktikasını təkmilləşdirib onu iqtidar-müxalifət dialoquna çevirmək kimi də bir perspektiv nəzərdə tutulur”.

Q.Hüseynli hesab edir ki, proses dərinləşə bilər: “Məncə, bu iş davamlı olacaq, demək olar ki, bütün siyasi partiyaların liderləri ilə görüşlər keçiriləcək. İşin gedişi həm də iqtidar-müxalifət dialoquna çevrilə bilər ki, bu da tərəflər arasında münasibətləri yaxşılaşdıra bilər. İqtidar-müxalifət dialoqu zərurətinin olub-olmaması tam dəqiqləşdiriləndən sonra bu istiqamətdə işlər aparılacaq. Məncə, Ədalət Vəliyev prosesləri daha uzaqlara, daha praktiki istiqamətə çatdırmaq fikrindədir. Onun bu mövqeyi isə təbii ki, siyasi hakimiyyətin mövqeyidir. Müxalifət də prosesə konstruktiv yanaşsa, proses dərinləşə bilər”.