Ölüm hökmü altında yatmış xristian qadın isə azad olunub

İnsan hüquqları təşkilatları 2014-cü ildən bəri kamerada tək saxlanılan 33 yaşlı universitet müəlliminin sərbəst buraxılmasını tələb edirlər. Alimin ailəsi Almaniyanın “DW” nəşrinə bildirib ki, Cahid Hafiz yerli islamçılar tərəfindən uydurulmuş küfr iddiaları əsasında həbs olunub.

Ötən həftə “Amnesty İnternational” təşkilatı Pakistan rəhbərliyindən ölkənin şərqdəki Multan şəhərindəki Bahauddin Zakariya Universitetinin müəllimini dərhal və qeyd-şərtsiz azad etməsini tələb etdi.

2013-cü ildə Hafiz “Facebook” səhifəsində küfr iddiası ilə ittiham olundu. Pakistanın sərt küfr qanunlarına görə o, edam cəzası ilə üz-üzə qaldı.

ABŞ administrasiyası həmçinin Pakistan hakimiyyətini Hafizi azad etməyə çağırıb, vitse-prezident Mayk Pens bu məsələ ilə bağlı şəxsən mövqe sərgiləyib.

2010-cu ildə Pəncab əyalətinin Rajanpur qəsəbəsində yaşayan Hafiz ABŞ-da təhsilini bitirdikdən sonra Bahauddin Zakariya Universitetində ingilis ədəbiyyatını tədris etmək üçün Pakistana qayıtdı. Həbs olunduğu dövrdə o, artıq tanınmış alim idi və elmi işinə görə təqdir olunurdu.

Hafizin atası “DW” nəşrinə verdiyi açıqlamasında oğlunun universitetdaxili siyasətin qurbanı olduğunu, liberal görüşləri səbəbindən İslamçı tələbə təşkilatı tərəfindən hədəfə alındığını söyləyib.

“2013-cü ildə universitet bir müəllim yeri üçün elan verdi. İslamçı “Cəmiyyəti-Talaba” təşkilatının üzvləri ora öz adamlarını keçirmək istədikləri üçün bu işə görə oğlumun rəhbərliyə müraciət etməməsini tələb etdilər, oğlum isə bu tələbi rədd etdi”, ata Hafiz-ul Nəsir deyib.

“Bir qrup oğluma qarşı pis niyyətli bir kampaniya başlatdı, kitabçalar payladı və onu küfrdə ittiham etdi. Oğlumu Amerika agenti çıxardılar. ABŞ-dan ölkəsinə xidmət etmək üçün qayıdan oğlum sonradan küfr ittihamı ilə polis tərəfindən tutuldu”.

Hafizin təkcə özü yox, ailəsi də təzyiqlərlə üzləşdi. İş o yerə çatdı ki, Multan şəhərində heç bir vəkil onun müdafiə etmək istəmədi.

Küfr 180 milyon əhalisinin 97 faizinin müsəlman olduğu Pakistanda həssas bir mövzudur. Hüquq müdafiəçiləri 1980-ci illərdə general Ziya-ul-Haqq tərəfindən irəli sürülən mübahisəli küfr qanunlarına yenidən baxılmasını tələb etdirlər. Fəallar deyirlər ki, qanunların küfrlə əlaqəsi azdır və çox vaxt kiçik mübahisələr və şəxsi intiqam zəminində istifadə olunur.

Hüquq qruplarının bildirdiyinə görə, 1987 və 2017-ci illər arasında Pakistanda 1549-a küfr hadisəsi qeydə alınmışdır. Küfr ittihamları ilə 75-dən çox adam məhkəmə qərarı ilə edam edilib. Bəziləri məhkəmələr tərəfindən küfr işlərində bəraət aldıqdan sonra da ictimaiyyət tərəfindən təqib olunub.

“Pakistan İnsan Hüquqları Komissiyasının üzvü Rəşid Rehman oğlumun işini araşdırmağa başladı, amma 7 may 2014-cü ildə o, öz kabinetində qətlə yetirildi”, Cahid Hafizin atası deyib.

Ata etiraf edib ki, ailəsinin daim ekstremistlərin hədəfinə düşə biləcəyi üçün davamlı qorxu içində yaşayır.

Bu yaxınlarda Pakistan Ali Məhkəməsi küfrdə günahlandırılan Vaji-ul Həsənə 17 il həbsdən sonra bəraət verdi. Asiya Bibi kimi tanınan xristian qadın da azadlığa buraxıldı. Hazırda o, Kanadada yaşayır. Zamanında bu qadının başına gələn müsibətlər haqqında “Yeni Müsavat”da biz də yazmışdıq.

“Bu şəxslərin sərbəst buraxılması mənə bir ümid verdi. Bəlkə oğlumu da azad edəcəklər”.

Pakistanın İnsan Hüquqları üzrə Müstəqil Komissiyasının sədri Mehdi Həsən deyir ki, 17 il həbsdən sonra cənab Həsənin sərbəst buraxılması müsbət hadisədir: “Düzdür, bu qərar çox gec verildi, amma təqdir edilməlidir. Pakistanın küfr qanununa düzəliş etmək vaxtı çatıb. Lakin dini qruplar bunu istəmirlər; hətta küfr işlərində ədalətli mühakimə olunmasına qarşıdırlar”, o, deyib.

Pakistan xristianları və digər dini azlıqlar ölkədə tez-tez hüquqi və sosial ayrıseçkilikdən şikayətlənirlər. Son bir neçə ildə ölkədə bir çox xristian və hindu sübut olunmamış küfr iddiaları ilə vəhşicəsinə öldürülüb.