Türkiyənin jandarma qüvvələrinin komandanı, ordu generalı Arif Çetin PKK-ya qarşı eyni zamanda üç bölgədə həyata keçirilən “Kıran Operasyonu” çərçivəsində Vanın Gürpınar rayonu, Bulgurlu dağı bölgəsindəki hərbi birlikləri təftiş edib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Van, Hakkari və Şırnak jandarma komandanlıqlarının cəlb edildiyi və ordu generalı Çetinin komandanlıq etdiyi əməliyyat hazırda davam etməkdədir. General əməliyyat bölgəsində komandirlərdən məlumatlar alıb, əsgərlərlə görüşüb. Əməliyyata 129 bölüyün və 14 taborun qatıldığını bildirib.

 

General deyib ki, prezident Ərdoğanın əmr və göstərişləri əsasında bölgə terrorçulardan tamamilə təmizlənənə qədər əməliyyat davam edəcək. Arif Çetin qəhrəman hərbçilərin terrorçuların “hininə girdiklərini” deyib.

 

“Ölkəmizdə vətəndaşlarımızın, millətimizin təhlükəsizliyi davaml olaraq təmin ediləcək. Bu dağlar terrorçulardan tamamilə təmizlənmiş durumdadır. Qalan ünsürlər varsa ən qısa zamanda onları da zərərsizləşdirəcəyik. Ən qısa zamanda bu bölgə terrorçulardan tamamilə təmizlənəcək, yaylaqlar sərbəst olacaq, kəndlilər hər kəs bağını, bağçasını rahat əkib-becərəcək”,-komandan bildirib.