Gündəm.az-ın suallarını Milli Məclisin deputatı Aqil Məmmədov cavablandırıb.
Müsahibəni təqdim edirik.
– Aqil müəllim, son günlər mətbuatda sizinlə, daha doğrusu, oğlunuz Turan Məmmədovla bağlı müxtəlif səpkili yazılar, məlumatlar tirajlanır. Oğlunuzun geyim tərzi, dünya görüşü, açıq fikirli olması xüsusi qabardılır. Yazılanlar sizi narahat edirmi?
– Mənim oğlum Türkiyədə təhsil alıb, orada yaşayır. O, incəsənət, teatr adamıdır, yaradıcı şəxsdir. Əsas odur ki, dövlətçiliyə bağlıdır. İnsanı oğlunun geyim tərzi, düşüncəsinə görə qınamaq nə dərəcədə etikdir? Bir də Allaha şükür, oğlum elə bir səhv hərəkət etməyib ki, mən nədənsə utanım. Kaş hər kəsin övladı mənim oğlum kimi tərbiyəli, savadlı, çalışqan, vətənə, dövlətə bağlı olsun. Bundan artıq heç nə demək istəmirəm.
– Bəs həmin saytları məhkəməyə vermək fikriniz varmı?
– Xeyr. Həmin jurnalistləri öz vicdanlarına buraxıram. Jurnalistikanın Peşə Kodeksi var. Onu oxusunlar, mənimsəsinlər. Qoy, həmin saytlar deputat Aqil Məmmədovun fəaliyyətindən yazsınlar. Gördüyüm və görə bilmədiyim işləri araşdırsınlar. Mən tənqidə açıq adamam. Səhvim varsa, düzəltməyə çalışacam. Amma mənim oğlumun adını nahaq hallandırırlar.
– Siz 1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişiniz. 53 yaşında – 2012-ci ildə ikinci ali təhsili Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirməklə almısız. Bu yaşda ikinci ali təhsil almağa sizi nə məcbur etdi?
– Oxumaq heç vaxt gec deyil. Quranda da qeyd edilir ki, elm beşikdən qəbirə qədərdir. Mən indi də oxuyuram. Burada nə qəbahət var ki?
– Həmçinin bildirilir ki, əminiz oğlu Cavid Qurbanovun yüksək vəzifədə çalışması sizin yüksəlişinizdə mühüm rol oynayıb. Bu fikirlə razısınız?
– Allah Cavid Qurbanovun canını sağ eləsin. Hər kəs öz bacarığı, çalışqanlığı, dövlət qarşısındakı xidmətlərilə seçilib, qabağa çəkilir. Biz hamımız xalqımızın xidmətçiləriyik. Kimisi buna yüksəv vəzifə, post kimi baxır, kimisi yüksək məsuliyyət. Mən şəxsən bunu yüksək məsuliyyət sayıram. İcra başçısı, deputat, nazir müavini, komitə sədri olmaq yüksək məsuliyyədir. Gərək bunu dərk edəsən. Mən icra başçısı kimi özümü doğrultmasaydım, insanlar məni deputat seçərdilərmi?
– Bir müddət öncə maliyyə naziri Samir Şərifov Milli Məclisdə çıxışı zamanı bildirdi ki, dünyadakı qiymətlərə baxanda Azərbaycanda qazın qiyməti heç nədir. Parlamentin əməк və sosial siyasət Komitəsinin üzvü kimi bununla razısınız?
– Bilirsiniz, qiymətləri Tarif Şurası müəyyən edir. Digər dövlət qurumları bu məsələləri müzakirə edir, dünyada gedən iqtisadi prosesləri, əhalinin sosial durumunu təhlil edirlər və sonda qərar qəbul olunur. Biz sadəcə, təkliflər veririk. Azərbaycan sosial yönümlü dövlətdir. Son 18 ildə maaşların artırılması, ünvanlı sosial yardımların verilməsində böyük irəliləyişlər əldə olunub. Dövlətimizin sosial proqramları göz qabağındadır. İndi uşaq pulunun verilməsi, pensiya yaşının aşağı salınması ilə bağlı fikirlər səsləndirilir. Gərək büdcəmiz buna imkan versin. 44 günlük Vətən Müharibəsindən sonra Qarabağda görün, necə quruculuq işləri aparılır. Bunlar hamısı bizim öz vəsaitlərimiz hesabına edilir. Bunları nəzərə almaq lazımdır.