“O səs Türkiyə” yarışmasının Bakıda seçim turu keçirilib.

Oktyabrın 19-20-si otellərdən birində Türkiyədən gələn heyətin nəzarəti əsasında azərbaycanlı istedadlar qeydiyyata alınıb.

Minval.İnfo xəbər verir ki, iki gün ərzində 200-dən çox namizəd seçim turuna qatılıb. Onlar öncə yarışmanın rəsmi saytından qeydiyyatdan keçib, ardından isə münsiflər qarşısında mahnı oxuyublar. Yarışmaya qatılmaq üçün can atan gənclərin performansı video şəklində qeyd edilib. Həmin görüntülər Türkiyədə izlənəcək və qatılımcı sayından asılı olmayaraq 2 nəfər azərbaycanlı yarışa dəvət ediləcək.

Həyəcanlı dəqiqələr səhər saatlarından başlayıb. Gənclər bir-bir qeydiyyatdan keçib, adının səslənməsini gözləyir, Türkiyədə, “TV8” ekranlarında tanınmış ulduzların önündə öz istedadını göstərmək üçün şans qazanmağı arzu edirdilər.

Saytımızın əməkdaşına danışan iştirakçılar həyəcanlı olduqlarını, bu şansı yaxşı dəyərləndirməyə çalışacaqlarını bildirdilər. Onlardan biri olan Tural adlı gənc istedad bildirdi ki, əgər yarışmaya dəvət edilərsə Elnurun uğurunu təkrar etməyə çalışacaq: “Burada hamımız bilirik ki, onlar Elnur Hüseynov kimi səs axtarırlar. Amma qəbul etmək lazımdır ki, hər kəsdə elə səs olmur. Mən də, digər iştirakçı namizədləri də özünə güvənir, uğur qazanmağa çalışırıq. Bacarığımızı göstərəcəyik, seçim onlara qalacaq. Əgər dəvət edilsəm, uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm”.

“O səs Türkiyə” yarışması bu il 9-cu mövsümünə start verib. Bu günə qədər sözügedən yarışmada bir çox azərbaycanlı iştirak edib. Onların böyük hissəsi izləyici rəğbəti qazanıb, yarışma sayəsində məşhur olub. Elnur Hüseynov isə “O səs Türkiyə”nin qalibi olan yeganə azərbaycanlıdır. O, hazırda karyerasına Türkiyədə davam edir.

Yarışmadan sonra populyarlıq qazanan digər azərbaycanlı ifaçı Çinarə Məlikzadədir. Çinarə ilk dəfə “Yeni ulduz” layihəsində uğurla çıxışlar edib. Daha sonra 2014-cü ildə “O səs Türkiyə” yarışmasına qatılır. İlk seçim turunda münsiflərdən yalnız Hadisə geri dönür və onun komandasında mübarizəsinə davam edir. Bir neçə turda uğurla yarışan gənc ifaçı sonradan yarışmadan ayrılır və sosial şəbəkələrdə ifalarına davam edir. “Gedək üzü küləyə” mahnısı isə onun bu sənətdə parlamasına təkan verir.

Gənc ifaçı Mehman Tağıyev də daha çox “O səs Türkiyə” yarışmasından məşhurlaşdıb. Bu yarışmaya qədər bir çox yerdə özünü sınayan, uğur qazanan gənc ifaçıya populyarlıq gətirən “O səs Türkiyə” müsabiqəsi olur. İlk seçim turunda muğamla giriş edərək “Sarı gəlin” mahnısını oxumaq ona böyük uğur gətirir. Bununla da bütün münsiflər heyəti özünə döndərməyi bacaran Mehman müğənni Sibel Canın komandasını seçir. Bir neçə turu uğurla geridə qoyan gənc ifaçı sonda yarışmadan ayrılmalı olur. Hazırda Mehman Tağıyev Azərbaycanda faəliyyətinə davam edir.

Bu siyahını daha da uzatmaq olar. Yarışma sayəsində həyatı dəyişən gəncləri görən digər istedadlı azərbaycanlılar da oxşar uğur üçün hər il can atır.

Məhəmməd Türkmən

Minval.info