“ “Sevgi romanı”nın ilk tizerini izləyicilər üçün bölüşdük. Hər həftə bir tizer paylaşılacaq. Filmin trileri yanvarın birində yayımlanacaq və fevralın 12-si filmin qala gecəsi olacaq. Ekran işinə maraq var. Düşünürəm ki, istədiyimiz uğuru qazanacağıq”.

Bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova Musavat.com -un suallarını cavablandırarkən deyib. O, filmin ərsəyə gəlmə prosesindən, aktyor seçimindən və “Altın Kelebek”də namizəd olmasından da danışıb.

– “Mələyin öpüşün”də tərəf müqabiliniz keçmiş həyat yoldaşınız Elşad Xose idi. “Lal yuxu” serialında və “Sevgi romanı” filmində dostunuz Şəhriyar Əbilovdur. Niyə ərsəyə gətirdiyiniz filmlərdə baş rola yaxınlarınızı seçirsiniz?

– Əslində Şəhriyar çox gözəl aktyordur. Ola bilsin ki, Azərbaycandakı rejissorlar onun istedadına güvənməyiblər, inanmayıblar. “Lal yuxu” serialında mən Şəhriyarın istedadını gördüm. Ona görə də “Sevgi romanı”nda tərədüd etmədən ona müraciət etdim. Şəhriyar yaraşıqlıdır. Bizim yaşımızda həm istedadlı, həm yaraşıqlı aktyorlar azdır. Aktrisalarla bağlı da problem yaşayırıq. Bəlkə də kinoşünaslar deyəcək ki, aktyorluğa daha çox üstünlük verməlisən. Biz kommersiya filmi çəkirik. Mənim üçün gözəl sima da önəmlidir.

– Filmlə bağlı ən çox eşitdiyiniz sual hansıdır?

– İndidən müxtəlif suallar ünvanlayırlar. Kimisi soruşur ki, intim və öpüş, döyüş səhnələri var? Şəhriyar Əbilovun döyüş səhnələri var. Sevgi, rəqs səhnələri də var. Film sevgi xəyanət, ehtiras kimi hisslərdən ibarətdir. Film “Mələyin öpüşü” kimi ağır dram janrında deyil.

– İki dostun sevgili obrazını canlandırması nə qədər asan oldu?

– Çox asan oldu. Siz Şəhriyarı o filmdə tanımayacaqsınız, onun “vizit kartı” olacaq. Mən 9 dəfə baş rolu canlandırmışam. Şəhriyar da “Mən klounam” filmində baş rolu canlandırıb. Amma onun “vizit kartı” “Sevgi romanı” olacaq.

– Kommersiya filmlərində aktyorların simasının gözəl olmasının vacib olduğunu vurğuladınız. Sizcə, Azərbaycanın tanınmışlarından ən cazibədar kimdir?

– Rüstəm Cəbrayılov həm yaraşıqlıdır, həm cazibədardır. Xanımlardan Pərvin Abıyevanı bəyənirəm.

– Onun aktrisalığını necə bəyənirsiniz?

– Mənim öz fikirlərim var. Pərvin yaxşı rejissorun əlinə düşsə, əsl istedadını göstərə bilər. Ümid edirəm ki, Pərvin bu sözlərimdən inciməz. Onun görünüşünü çox bəyənirəm. Amma istedadını yaxşı göstərə bilməyib. Yaxşı rejissorla işləməlidir.

– Bu il “Altın Kelebek”in azərbaycanlı namizədləri arasında siz də varsınız. Nazmizədlər arasında illərdir ki, sənətlə məşğul olmayanlar da var. Sizcə bu haqsızlıq deyilmi?

– Bəli, mən parlaq ulduz olmaq istəyirəm (Gülür). Bəlkə də mən seçilmədim. Amma “Altın Kelebek”i qazanmağı istəyirəm.