“Azərbaycanın mineral su ehtiyatlarının 40 %-ə qədəri işğaldan azad olunan ərazilərdədir. Burada təbii olaraq çıxan yüksək ehtiyata malik mineral bulaqların üzərində kurort-rekreasiya zonalarının yaradılması nəzərdə tutulur”.

“Minval.info” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” adlı paneldə çıxışı zamanı deyib.

Nazir bildirib ki, su ehtiyatlarının 70%-i ölkə xaricində formalaşan Azərbaycanın Qarabağdakı su resurslarına çıxışı önəmlidir: “Bu ərazilərdə ekoloji əhəmiyyətə malik relikt göllər, çoxsaylı çaylar, su anbarları var. Ekoloji cəhətdən təmiz enerji mənbəyi olan yeraltı termal suların istifadəsi də böyük əhəmiyyət kəsb edir. Buradakı zəngin su ehtiyatlarından həm içməli su, həm kənd təsərrüfatı, həm də elektrik enerjisi istehsalı üçün istifadə ediləcək”.

Onun sözlərinə görə, azad olunan ərazilərdə yaradılan su anbarlarının, ərazidən axan çayların hidroloji rejiminin öyrənilməsi məqsədilə müşahidələr bərpa edilir, su obyektlərinin səmərəli istifadəsi və mühafizəsi üzrə dövlət nəzarəti təşkil edilir.

“Ərazilərin ekoloji nəzarətdən kənarda qalması nəticəsində uzun illər su obyektlərinin vəziyyəti barədə dəqiq məlumatların əldə edilməsi mümkün olmayıb. Lakin bu gün çayların çirklənmə səviyyəsinə nəzarət məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilir. Yerli və beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalar tərəfindən aparılan analizlərin nəticələrinə əsasən həmin ərazidən axan transsərhəd çayların çirklənməyə məruz qaldığını müəyyən edilib” – M.Babayev əlavə edib.