“Sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmiz və regionumuz üçün olduqca mühüm əhəmiyyət kəsb edən siyasi hadisədir”.

“Minval.info” xəbər verir ki, bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov feysbuk səhifəsində yazıb:

O qeyd edib ki, Qoşulmama Hərəkatında 120 üzv dövlətlə yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Konfransı Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın olduqca ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğundan xəbər verir:

“Üzvlərinin sayına görə, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumudur. Hazırda Qoşulmama Hərəkatına üzv olan ölkələrin ərazisində dünya əhalisinin 55 faizi yaşayır. Dünyanın neft ehtiyatlarının 75, təbii qaz ehtiyatlarının isə 50 faizindən çoxu həmin ölkələrin payına düşür. Bu isə onun həm də iqtisadi əməkdaşlıq üçün ciddi perspektiv vəd edən beynəlxalq təsisat olduğunu göstərir.

Digər tərəfdən, Hərəkatın növbəti zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığını təsdiqləyir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”.

Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Nəticə etibarilə dünyanın 120 dövləti, yəni, planetin təqribən üçdə iki hissəsi Azərbaycanın ədalətli mövqeyinə öz dəstəyini ifadə edib”.

Ə. Həsənov əlavə edib ki, Azərbaycanın 2019-2022-ci illərdə hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artıracaq, beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirəcək, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək, qeyri-neft sektorunun və ixrac potensialımızın yüksəlişinə geniş imkanlar açacaq:

“Şübhəsiz, bütün əldə olunan müsbət nəticələrin əsasında Azərbaycan Prezidentinin hələ 2011-ci ildə ölkəmizin Qoşulmama Hərakatına üzvlüyü ilə bağlı qəbul etdiyi strateji qərar dayanır. Hansı ki, bu qərar BMT Baş Assambleyasında və digər beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini dəstəkləyən ölkələrin sırasını xeyli genişləndirdi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları tərəfindən Bakıda keçirilən Zirvə Görüşündə yekdilliklə Azərbaycanın quruma 3 il müddətinə sədr seçilməsini dəstəkləməsi də, şübhəsiz ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti uğuru və dünyada ona bəslənən etimadın göstəricisidir.

Prezident İlham Əliyev dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə, Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə nail olur, dövlətimizi addım-adım strateji hədəflərə yaxınlaşdırır. Amma çox təəssüf ki, xalqımızın milli maraqları üzərində qurulmuş bu siyasi kurs təkcə xaricdəki anti-Azərbaycan şəbəkənin, erməni lobbisinin və onun təsiri altında olan bəzi beynəlxalq qrupların deyil, həm də ölkə daxilində “milli demokrat” pərdəsinə bürünmüş bəzi radikal müxalif qrupların da müqaviməti ilə üzləşir. Hər dəfə ölkəmizdə keçirilən qlobal əhəmiyyətli tədbirlər ərəfəsində bu şəbəkə fəllaşır, cəmiyyətimizin sosial-siyasi nizamını ictimai müzakirə və fikir mübadiləsi müstəvisindən etiraz aksiyaları vasitəsilə küçələrə daşımağa, qəsdən qarşıdurma yaratmağa çalışır. Bu mənzərə 2012-ci ildə “Eurovision” musiqi müsabiqəsi, 2015-ci ildə l Avropa Oyunları və digər mühüm beynəlxalq tədbirlər ərəfəsində də müşahidə olunmuşdur. Bu dəfə radikal müxalif qruplar Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünü hədəfə almış və neçə gündür ki, dövlətimizin strateji maraqlarına xidmət edən bu mühüm beynəlxalq siyasi hadisəni gözdən salmaq üçün dəridən-qabıqdan çıxırlar.

Müxalifətin apardığı kampaniyanın təhlili göstərir ki, Azərbaycan əleyhinə oxşar təbliğat yalnız Ermənistanın kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilir. Təbii ki, bu sıraya Ermənistanla və erməni diasporu ilə sıx əlaqədə olan xarici medianı də əlavə etsək, daha doğru olar. İndiki halda radikal qrupların həyata keçirdiyi insanlıqdan uzaq çirkin qarayaxma kampaniyasının tezisləri işğalçı ölkənin anti-Azərbaycan kampaniyasının ideoloji istiqamətləri ilə tam üst-üstə düşür. Sanki hər iki qütb vahid mərkəzdən idarə olunur, yaxud ortaq və razılaşdırılmış maraqlara uyğun hərəkət edirlər. Görünür, oktyabrın 19-da həyata keçirilən qanunsuz mitinq cəhdinin də əsas məqsədi təkcə hakimiyyəti nəyəsə məcbur etmək deyil, həm də ölkə daxilində vəziyyəti gərginləşdirərək, dövlət qurumlarını adekvat addımlar atmağa məcbur etmək və xaricdəki anti-Azərbaycan şəbəkənin hərəkətə gəlməsi üçün zəmin yaratmaqdan ibarət olub.

Düşünürəm ki, Zirvə Görüşündən öncə radikal qrupların prosesə mane olmaq üçün atdığı addımlar, törətdikləri hüquqazidd hərəkətlər barədə təkrar fikir söyləməyə ehtiyac yoxdur. Lakin görünən odur ki, radikal müxalifətin xaricdən aldığı sifariş və təlimatlara uyğun formada prosesə mane olmaq cəhdləri iflasa uğradığına və xaricdəki şəbəkənin süni şəkildə ajiotaj yaratmaq səyləri heç bir nəticə vermədiyinə görə, indi də onlar nəzarətlərində olan media və sosial şəbəkələr vasitəsilə bu mühüm siyasi tədbirə qarşı kampaniya təşkil etmək yolunu tutublar. Məqsədlərinə çatmaq üçün hətta tədbirdə iştirak edən dövlət və hökumət başçılarını məsxərəyə qoymaq kimi qeyri-etik, mənəviyyatsız addımlardan belə çəkinmirlər. Bu, radikal müxalifətin beynəlxalq hüquqdan, beynəlxalq münasibətlər sistemindən xəbərsiz, müasir siyasi düşüncədən uzaq, gerizəkalı, bəlkə də ibtidai-icma təfəkkürünə malik olmasının əyani göstəricisidir. Müstəqil hüququn subyektlərini onların inkişaf səviyyələri, əraziləri, yaxud resurslarına görə məsxərəyə qoymaq məhz belə ibtidai-icma təfəkkürünün nümunəsidir. Bu, ən yaxşı halda dövlətlər arasında hüquq bərabərliyinin qəbul və yaxud dərk edilməməsi, ən pis halda isə irqçi düşüncənin təzahürüdür. Radikal müxalifətin belə idbar təfəkkürünün fonunda Azərbaycan Prezidentinin nə qədər işıqlı zəkaya, milli və bəşəri dəyərlərə, humanizmə söykənən düşüncə tərzinə malik olduğu bir daha qabarıq və aydın nəzərə çarpır. Məhz bu aydın, işıqlı təfəkkür də Azərbaycanı gələcəyə, böyük qələbələrə doğru aparır.

Yenə də artıq bir neçə dəfə səsləndirdiyim fikri təkrarlamağa məcburam: biz bu primitiv və ziyanlı təfəkkürlə hərəkət edən müxalifətlə hara gedirik? Cəmiyyət daxilində səsini ucaltmağa, siyasi hakimiyyətə iddia etməyə çalışan bu anti-milli qrupların özbaşınalığına nə vaxtacan dözməliyik? Artıq sağlam məntiqdən uzaq davranışlarla gündəmdə qalmağa çalışan, yeniləşərək, müasirləşə bilməyən, dövlətçilik təfəkküründən və əxlaq normalarından uzaq radikal müxalif qrupların siyasi səhnədən getməsinin və konstruktiv düşüncənin önə çıxmasının zamanıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan müxalifət də öz payını götürməli, müasir Azərbaycana müasir azərbaycanlının gözü ilə baxmağa alışmalıdır”.