ramil kuliyev ile ilgili görsel sonucuDünən Almaniyanın paytaxtı Berlindən sevindirci olsa da, bir o qədər də üzücü xəbər gəldi. Ramil Quliyev 200 metr məsafəyə qaçış üzrə Avropa çempionu oldu. Bəli, Avropa çempionu. Bu Azərbaycan idman tarixində əldə olunmamış bir nailiyyətdir. Lakin dünən Ramil bu nəticəni əldə etdi. Yenə də bu nəticə Azərbaycan idman tarixində əldə olunmamış bir nailiyyət olaraq qaldı.

Əvvəldə də qeyd etdiyim kimi həmyerlimizin bu qələbəsi bizi sevindirdi. Amma içdən, rahatlıqla, qürurla sevinə bilmədik. Səbəb isə çoxumuza bəllidir. Ramilin bu qələbəsi bizim ölkənin deyil, qardaş Türkiyənin hesabına yazılıb. Ramil hər nə qədər də qələbələrindən sonra hər iki dövlətin bayrağını əlinə alıb, şərəf dövrəsi vursa da, idman tarixinə qızıl hərflərlə yazılan ölkənin adı Türkiyə oldu. Necə ki, 2011-ci ildə yenə də Almaniyda keçiriliən Avroviziya mahnı yarışmasında qalibiyyətdən sonra Nigar Camal səhnəyə türk bayrağı ilə çıxmışdı. Lakin növbəti il həmin mahnı yarışmasına Türkiyə deyil, Azərbaycan ev sahibliyi etmişdi.
Ramil Azərbaycandan niyə getdi? Niyə Azərbaycanı təmsil etmək istəmədi? Bu ölkədə ona istənilən şərait yaradılmamışdımı? Bu cür sualların siyahısını uzatmaq elə də çətin deyil. Amma artıq sualların mənası da yoxdur. Reallıq budur ki, Ramil 2011-ci ildən Türkiyə vətəndaşıdır və günü-gündən artan performansı ilə qardaş ölkəni qürurla təmsil edir. Görəsən, Azərbaycan Atletika Federasiyasının sədri Çingiz Hüseynzadənin

Ramilin uğurlarından və ya Ramil Quliyev kimi Azərbaycan əsilli bir idmançının olmasından xəbəri varmı?

Əlbəttə, var. Azərbaycan Atletika Federasiyası ölkəmizə efiopiyalı legionerlər dəvət etdikləri zaman Ramilin yeniyetmələr arasındakı yarışlarda qazandığı uğurlarını legionerləri razı salmaq üçün onlara göstərirdilər.
Bir ağacı əkib, hər il onun meyvəsini dərib yemək, bazardan bir dəfə meyvə almaqdan daha ucuz başa gəlir, cənab Çingiz müəllim. Bir legionerə xərclənən pulların müqabilində biz həmin idmançıdan cəmi bir və iki yarışda uğurlu nəticə görə bildik. Buna misal olaraq biz Oleq Stepkonu göstərə bilərik. Bu siyahını uzatmaq olar. Amma nəyə lazımdır? Biz hələ Ramilin qələbəsinə sevinirik. Siz də sevinin. Kefinizi pozmaq istəmirəm. Həm də yerli idmançının qələbəsinin verdiyi qürur və sevinc bir başqa olur. Axı, öz bağımızdandır.

Bəziləri isə Ramili az qala vətən xaini kimi görürlər. Niyə ölkədən getdi? Niyə ölkəmizi təmsil etmir? Bu sualın ən yaxşı cavabını, sözsüz ki, Ramil bilir. Ramilə namərd, xain kimi baxmayın, buna haqqınız yoxdur. Gəlin, özümüzü Ramilin yerinə qoyub bir şəxs yox, idmançı kimi düşünək… Düşündünüz? Ramil ölkədən qaçmadı, gəzə-gəzə ölkədən getdi. Hələ gəzə-gəzə gedib Avropa və Dünya çempionu olub. Qaçsaydı nə olar?
Bütün bunların heç biri Ramil Quliyevin qələbəsinə kölgə sala bilməz. O, bu uğurları əziyyət çəkərək, öz üstündə işləyərək, doğru seçim edərək qazandı. İdmançı karyerası bitdikdən sonra o Türkiyədə unudulmayacaq. Ən azından buna media icazə verməyəcək. Gələcəkdə Ramili yarışmalarda münsif, “Survivor”da iştirakçı kimi görsəniz təəccüblənməyin.

Qardaş dövlətin uğuru bizim uğurumuzdur. Bu uğurun memarı azərbaycanlıdırsa iki qat bizim uğurumuzdur. Qaçış yarışlarında belə bir termin var – “Burun fərqi” ilə irəlidə. Bu mövzuda isə qarın yox, burun “qardaş”dan irəlidədir.

 

 

 

Müəllif: Əcəmi Əsədulla