Azərbaycanlılarda belə inanc var ki, “r” hərfi olmayan ayda balıq yeməzlər. Bu məntiqlə götürsək, bizi qarşıda uzunmüddətli balıqsız bir dövr gözləyir. 

Ancaq belə fikirlər də var ki, təzə balığı bütün aylarda yemək olar. Sadəcə, isti aylarda balıq tez xarab olduğu üçün ehtiyatlı olmaq lazımdır.

Amma indi nəinki isti aylarda, elə indi də balıq qəhətə çıxıb.

Sanki doğrudan da “balıqların şahı dəryada ölüb” və 2019-cu ilin sonu, eləcə də 2020-ci il əvvəlki qədər bazarlarda balıq qıt oldu.

Bunun müxtəlif səbəblərini yazmışıq və xüsusən çox sevilən kütüm (ziyad) balığının qızıldan baha, əlçatmaz olduğunu, bazarlarda az satıldığını qeyd etmişik.

Musavat.com oxucuları üçün hazırladığımız reportaj zamanı da aprel ayında vəziyyətin yaxşılığa doğru dəyişmədiyini gördük.

Bazarlarda, marketlərdə kütüm, təbii sazan, belamur, forel, kefal, skumbriya kimi balıqlar gen-bol deyil. Ümumiyyətlə, bu mövsüm insanlar istədikləri qədər balıq ala bilmədilər. Çünki dənizdən də balıq az çıxır.

Baş çəkdiyimiz marketlərdə öyrəndik ki, belamurun kilosu 9,50 manatdır. Forel balığı 14,90 manat, kefal 9, 80 manatdır. Ancaq yenə də soyuducularda kütüm balığının satılmasına şahid olmadıq.

Satıcılar deyirlər ki, balıq az gətirilir. Son bir ayda isə balıq ovu minimuma endirilib. Səbəb kimi xüsusi karantin rejimi göstərilir.

Balıqçılar dənizə az çıxıblar, hava şəraiti də öz təsirini göstərib, üstəgəl, onsuz da Xəzərdə balıq azalıb: “Novruz bayramı ərəfəsində kütüm 25-30 manat idi. İndi heç tapmaq olmur. Bəzi marketlərdə 10-11 manata məhdud sayda olur. Yəni, marketlərə az gətirilir, o da yenə baha…”

Bundan əlavə, karantin rejimi səbəbindən balıq ovuna gedənlər azalıb. Hazırda vətəgələrdə az sayda işçilər var.

Balıqçılar deyirlər ki, Xəzərdə balıqlar ötən əsrin 90-cı illərindən başlayaraq azalır. Son 15 ildə isə daha da intensivləşib.

Artıq dənizdə qızılbalığa, xəşəmə demək olar rast gəlinmir, təsadüfən toruna nərə cinsli iri balıq düşənlər isə şanslı balıqçı hesab olunur. Balıqçıları narahat edən həm də Kür çayında oxşar durumun yaşanmasıdır.

Çayda vəziyyət o həddə çatıb ki, 20 il əvvəl torlarına 30-40 kiloluq Kür nərəsi düşəndə ovu uğursuz sayanlar, indi özlərinin də dediyi kimi, balaca külmə balığına (vobla) şükür edirlər.

Balıq ovçularının fikrincə, balıqların yoxa çıxması, çayda və dənizdə suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqədardır. Kanal və arxlarda, göllərdə isə ölkə boyunca qanunsuz tor quranlar, “tok”la balıqların

Mütəxəssislər hesab edirlər ki, nərəcinsli balıqların azalması təkcə Azərbaycanda deyil, Xəzəryanın ölkələrin hər birində müşahidə olunur. Acı da olsa, bu faktı hamımız bilməliyik, ötən əsrin 80-ci illərindən indiyə kimi dənizdə balıq ehtiyyatları 30 dəfə azalıb.

Emil Salamoğlu,
Musavat.com,
Fotolar müəllifindir