Aprelin 22-də Rusiyada referendum keçirilməliydi. Prezident Vladimir Putin konstitusiya dəyişiklikləri ilə əlaqədar ümumxalq səsverməsinə hazırlaşırdı. Lakin koronavirus pandemiyasına görə, referendum qeyri-müəyyən vaxta qədər təxirə salınıb. 

Putin bildirib ki, vətəndaşların sağlamlığı hər şeydən üstündür. Bəzi siyasi şərhçilərin fikrincə, Putinin referenduma getməkdə məqsədi 2024-cü ildən sonra da prezidentliyə gedən yolunu açmaqdır.

Lakin gedişatdan görünür ki, koronavirus pandemiyası bu ölkəni də ağuşuna almaqdadır. Aprelin 7-nə olan son rəqəmlərə görə, şimal qonşumuzda infeksiyaya ümumi yoluxanların sayı 7497-yə, ölənlərin sayı 58-ə, sağalanların sayı isə 494 nəfərə çatıb.

Politoloq Ramiyə Məmmədovanın Musavat.com-a bildirdiyinə görə, Rusiyadakı referendum payıza da qala bilər.

Onun fikrincə, Moskvanın siyasi kluarlarında, ölkənin mediasının gündəmində bu məsələ heç yada düşmür: “Referendum qeyri – müəyyən vaxta qədər təxirə salınıb. Üstəlik, Rusiyada virusa yoluxanların sayı getdikcə artır. Düzdür, bu ölkəyə koronavirus çoxlarından gec gəldi, amma sürətlə yayıldı.

Rusiyada ictimai – siyasi həyatın donması bir yandan da Putinə sərf edir. O, prosesi daha ağrısız şəkildə həyata keçirə biləcək”.

R.Məmmədova hesab edir ki, Putin ömürlük prezident olmağa hazırlaşır: “Prezidentlik müddətinin sayı ilə bağlı maddədən “ardıcıl” sözü çıxarılacaq. Bu müddətlərin hesabı “sıfırlanacaq”.

Bu, Putinə azı 2036-cı ilə qədər prezident kürsüsündə qalmaq imkanı verəcək. Rusiyanın 120 nəfər tanınmış mədəniyyət xadimi dəyişikliklərlə bağlı sərt bəyanatla çıxış edib.

Bəyanatda baş verənlər konstitusiya quruluşuna açıq qəsd və bir şəxsin xeyrinə hakimiyyətin qəsbi kimi qiymətləndirilib. Putin üçün bu etirazların səngiməsi baxımdan referendumun təxirə salınması bir fürsətdir”.

Politoloq qeyd etdi ki, Putin 2024-cü ildə prezident vəzifəsindən getməlidir, lakin onun bundan sonra nə edəcəyi bəlli deyil:
“Lakin onun təklif etdiyi konstitusiya dəyişiklikləri bəzi variantları göstərir. O, artıq rəhbərlik etdiyi az tanınmış Dövlət Şurasının statusunu qabardıb. Putin yenidən Baş nazir də ola bilər, çünki o hazırda Rusiya prezidentinin səlahiyyətlərini azaldır”.

Ekspert dedi ki, mayda referendum keçirilməsi istisna deyil, amma inandırıc görünmür: “Putin hesab edir ki, hakimiyyətdən gedərsə, ölkəsi ona qarşı olan güclərin qarşısında duruş gətirə bilməz. Belə hesab olunur ki, Rusiya hazırkı neft böhranına tab gətirə biləcək bir iqtisadiyyata sahibdir. Çünki Rusiyanın kifayət qədər xarici valyuta ehtiyatı var.
Hazırda Rusiyanın 600 milyard dollar dəyərində qızıl ehtiyatı mövcuddur. Səudiyyə Ərəbistanının isə 520 milyard həcmində valyuta ehtiyatı var”.