Hazırda nə Suriya və İraqda, nə Liviyada müharibə gedir, nə də İsraillə Fələstin savaşır; Donbas məsələsi unudulub, İdlib yada düşmür, ABŞ Venesuela, Kuba, İran və Rusiyaya sanksiyaları arxa plana keçirib. İndi bütün ölkələr canının hayındadır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə söhbətimizdə koronavirus pandemiyasının dünyada və regiondakı münaqişələrə, böhranlara təsirləri barədə danışmışıq. Onun Musavat.com-a müsahibəsini təqdim edirik:

– Elxan bəy, COVİD19 gündəmi Yaxın Şərqdəki müharibələri, iqtisadi savaşları “dondurub”. Sizcə, virus qurtarsa, münaqişələr yenə alovlanacaqmı?

– Bəzi ekspertlərin fikrincə, bəşəriyyət virus üzərində zəfər çaldıqdan sonra dünyanın nizamı dəyişəcək. Hesab edirlər ki, dünya koronavirus bəlasından öz səhvlərini görüb, nəticələr çıxaracaq. Mən də iqtisadiyyatda, siyasətdə, humanitar sahələrdə dəyişikliklər gözləyirəm.

Bu hadisələrdən sonra kapitalizm zəifləyə, iflas edə bilər. Çünki baş verənlər dövlət dəstəyinə ehtiyac amilini üzə çıxardı.

İtaliyada tibb ocaqları özəlləşdirilib, Almaniyada isə dövlət yardımı var. Bu iki müqayisə fərqi ortaya qoydu. Ona görə koronavirusdan sonra dünyada sol cərəyanlar güclənəcək.

Əslində, müharibə aparanlar anlamalıdırlar ki, virus kimi gözəgörünməz düşmənlər var, qan tökməyə, savaşmağa dəyərmi?! Baxın, İsrail Fələstinlə müharibə aparmır, əksinə, epidemiyaya qarşı birgə mübarizə göstərirlər. Suriya və İraqdan da müharibə xəbərləri gəlmir, BMT isə qərar qəbul edib ki, sanksiyalara ara verilsin, Kuba, Venesuela, İrana kömək göstərilsin. Mən də tərəfdarıyam ki, insanları xilas etmək lazımdır, sanksiyalar dayanmalıdır. Amma virusdan sonra hər şeyin hamar olacağını düşünmürəm.

– Yəni, dünya bundan dərs çıxarmayacaq?

– Tarixə baxsaq, görərik ki, hər 100 ildə belə öldürücü viruslar olub. 1720-ci ildə taun, 1820-də vəba Avropada yayılıb. Lakin yenə müharibələr olub.

1920-ci ildə “ispan qripi”ndən milyonlarla insan tələf olub, di gəl, müharibə və işğallar bitmədi. Əmin deyiləm ki, koronavirusdan sonra bəşəriyyət tamamilə özünə gələcək, münaqişələrə son qoyulacaq. İnsan öz səhvindən nəticə çıxarmayacaq, ibrət götürsəydi, I dünya müharibəsindən sonra gərək II dünya savaşı başlamazdı.

– Amma konspiroloqların qənaətinə görə, koronavirus da ABŞ-ın Çinə, İrana elan etdiyi müharibədir, sadəcə, nəzarətdən çıxıb…

– Virusun pandemiyaya çevrilmədiyi ilk vaxtlarda bu cür komplo teorelər yayılmışdı. Guya ki, Amerikanın iki düşməni var – Çin və İran, bioloji silahla onları vurmaqdadır.

Bəs, Amerikada niyə koronavirusdan 100 adam ölüb? Deyək ki, Çin və İran Vaşinqtonun düşmənləridir, İtaliyanın günahı nədir? Orada tələfatın və yoluxmanın miqyası daha böyükdür. Hətta İran və Çin də səsini çıxarmırdı, Amerikanı ittiham edirdilər ki, bu virus hansısa laboratoriyada hazırlanıb. ABŞ-ı bir məsələdə tənqid etmək olar ki, qüvvələri bir yerə qoyub səfərbər etmək lazımdır. Eyni zamanda həmrəylik baxımından Avropa Birliyi sınaqdan üzüağ çıxmadı. İtaliya Paris və Berlinə süni nəfəs aparatı üçün müraciət etdi, hər iki dövlət yardım əlini uzatmadı, dedilər ki, verə bilmərik, özümüzə lazımdır.

Bu fürsətdən Rusiya əla istifadə elədi və Moskva Romaya süni nəfəs aparatı təchizatında dəstək verdi. Putin özü İtaliyanın baş naziri Konteyə zəng edərək köməyini göstərdi. Bununla Kreml İtaliyaya mesaj verdi ki, siz Avropa Birliyində bizə qarşı sanksiyalara qoşulursunuz, amma dost Almaniya və Fransa sizə süni nəfəs aparatı vermədi, biz düşünmədən kömək etdik. Ümumiyyətlə, bu proseslərdə qloballaşma sınaqdan üzüağ çıxmadı.

– Belə çıxır ki, virus yox olduqdan sonra Qərbdə Rusiyaya münasibət dəyişə, sanksiyalara son qoyula bilər?

– Bax, elə əsas məsələ də bundan ibarətdir. Artıq Ukraynadan danışan yoxdur, gələn xəbərlərə görə, Donbasda da virus yayılıb.

Deyirlər ki, Qarabağda korona yayılmayıb, amma inanmıram. Ermənistanda varsa, ola bilməz ki, Qarabağda olmasın. Sadəcə, 31 martda seçki keçirib, sonra virusun Qarabağa çatdığını elan edəcəklər. Ukraynaya gəlincə, Avropa virusdan sonra Rusiya siyasətinə əl gəzdirə bilər. İtaliya sanksiyalarla bağlı məsələ qaldıracaq, onlar özlərinə mənəvi borc biləcəklər ki, Moskvaya dəstək versinlər. İndi də nə Krımın ilhaqı müzakirə edilir, nə Ukrayna…

Rusiyanın İtaliyaya etdiyi yardımdan güddüyü niyyət də elə sanksiya məsələsində Avropadakı monolitliyi dağıtmaq idi. Bundan sonra Ukrayna məsələsi arxa plana keçə bilər. Ola bilsin ki, Avropada Rusiya əleyhinə sanksiyalar yumşalsın, ya ortadan qaldırılsın, ya da İtaliya, Macarıstan, Fransa kimi dövlətlər sanksiyalara qoşulmasın.

– Elxan bəy, son sualımdır: pandemiya getdikcə yayılır, gedişat uzanır, bu mənada 2020-ni də Qarabağ danışıqları üçün indidən itirilmiş il saymaq olarmı?

– Əslində, virusdan əvvəl də danışıqlar istiqamətində irəliləyiş yox idi. Ermənistan atəşkəsi pozurdu, virusa baxmayaraq yenə pozur. Ona görə dünya bu xəstəliklə mübarizədən qalib ayrıldıqdan sonra Qarabağ danışıqlarında hansısa irəliləyiş gözləmirəm.
Bəzən jurnalistlər soruşurlar ki, mövcud vəziyyətdə torpaqları azad edə bilərikmi? Düzdür, Ermənistanın vəziyyəti ağırdır, işğalçı siyasətinə görə onsuz da Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır, ona həmişə kislorod olmuş İran və Rusiyanın da qapıları virus səbəbindən qapadılıb. Belə olan halda Azərbaycanın torpaqlarını azad etmək üçün qərarı verməyə heç nə mane olmur. Lakin nəzərə almalıyıq ki, biz eyni vaxtda iki düşmənlə müharibə aparmalı olacağıq: Ermənistan və koronavirusla….

Bu gün BMT baş katibi çağırış edib ki, atəşkəsə riayət olunsun. Ermənistan hiylə işlədərək reaksiya verib ki, çağırışa dəstək veririk. Halbuki, atəşkəsi özləri pozurlar. Odur ki, bu vəziyyət virusdan sonra da danışıqlarda irəliləyiş olmayacağını göstərir.