
Müğənni dünən səhər saatlarında reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Hazırda müalicəsi davam etdirilir.
Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırlaşıb.
Bu barədə Minval.info-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığdakı modul tipli hospitalından məlumat verilib.
Bildirilib ki, müğənni 80% oksigen dəstəyi alır. Vəziyyəti ağır olaraq qalır: “O, dünən səhərdən xəstəxanamızın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Hazırda müalicəsi davam etdirilir. Saturasiyası normadan aşağı – 80%-dir. Huşu qapalıdır. Müğənninin arterial təzyiqi 129/81, nəbzi 72, şəkəri 173-dür”.
Məlumat üçün bildirək ki, Səyyad Əlizadə 1987-ci ildə ilk “Təbrizim” albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni “Azərbaycanım” adlı ikinci albomunu buraxıb. Gənc yaşlarında xalq mahnıları, təsniflər ifa edən Səyyad 1993-cü ildən Niyaməddin Musayev məktəbinin davamçısı olub. Sənətkar Könül Kərimova, Rahidə Baxışova, Mətanət İsgəndərli, Mənzurə Musayeva, Türkanə Həsənova ilə duetlər ifa edib. Hazırda “Bəyaz gecələr” Yaradıcılıq Mərkəzinə və “Bəyaz gecələr” MMC-yə rəhbərlik edir.


































