Ölkə üzrə 2400-dən çox məktəbdə profilaktik tədbirlər görülüb; iri AVM-lər də hərəkətə keçdi: dezinfeksiya işləri aparılır, əlavə vasitələr sifariş edilir…

Azərbaycanda koronavirusdan qorunmaq üçün təhsil ocaqları müvəqqəti olaraq bağlandı. Hazırda məktəblərdə dezinfeksiya işləri aparılır. İndiyədək 2400-dən çox məktəbdə profilaktik tədbirlər görülüb.

Nə qədər qəribə olsa da, bundan istifadə edən valideynlər uşaqlarını ticarət mərkəzlərinə, parklara aparıb gəzdirirlər. Bəs koronavirus (COVİD- 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bu kimi məkanlarda dezinfeksiya işləri aparılırmı?

“Yeni Müsavat”ın əməkdaşları olaraq parklarda apardığımız müşahidə zamanı öyrəndik ki, icra hakimiyyəti orqanları tərəfindən paytaxtın müxtəlif parklarında skamyalar, yaşıllıq ərazisi dezinfeksiya edilir.

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtda bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində və digər yerlərdə  tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Eyni zamanda bir neçə ticarət mərkəzində də olub, oradakı vəziyyətlə maraqlandıq. Müşahidə etdik ki, ticarət mərkəzlərində, mağazalarda insanlar bir o qədər də gözə dəymir. Lakin yeməkxanalar gündüz vaxtı olmasına baxmayaraq, dolu idi. Söhbət etdiyimiz insanlar bildirdilər ki, molların yaxınlığında olan idarələrdə, müəssisələrdə çalışırlar. Nahar vaxtı isə hesab edirlər ki, ən təmiz və təhlükəsiz yer mollardır. Buna görə də öz naharlarını bu ərazilərə salırlar.

Mollarda gəzən zaman barmaqla sayılacaq qədər insanın ağzında maska gördük. Eyni zamanda satıcıların da əksəriyyəti maskasız idi. Satıcılar bildirdilər ki, mağazalara çoxsaylı müştəri gəldiyi zaman onlar maskadan istifadə edib, öz sağlamlıqlarının qeydinə qalırlar. Mollarda gəzdiyimiz zaman hər hansı bir İran vətəndaşına rast gəlmədik. Eyni zamanda Bakının mərkəzi küçələrində demək olar ki, turist nəzərimizə çarpmadı. Turistlər olmasa da, Bakı sakinləri həm küçələrdə, həm də molların yeməkxanalarında əvvəlki günlərdə olduğu qədər və eyni rahatlıqla gəzirdilər.

Bəs bütün bunların fonunda mollarda hansı dezinfeksiya tədbirləri həyata keçirilir?

“Yeni Müsavat”a danışan  “Paşa İnşaat Ticarət Mərkəzləri Qrup”nun marketinq departamentinin rəhbəri Nuranə İsgəndərova bildirdi ki, onlara aid olan ticarət mərkəzlərində bütün lazımi tədbirlər görülür və bundan sonra da görülməkdə davam edəcək:

“Bizim qrupa ”28 Mall”, “Gənclik Mall”, Port Baku Mall” və “Dəniz Mall” daxildir. Bu ticarət mərkəzlərində biz lazımi dezinfeksiya tədbirlərini həyata keçiririk. Təbii ki, bizə də məlumdur ki, ölkədə virusun yayılması riski var. Ona görə də insanların üz tutduqları ticarət mərkəzlərimizdə onların sağlamlığı üçün əlavə tədbirlər də görürük. Bəzi avadanlıqlar və vasitələr var ki, biz onları sifariş etmişik. Bu həftə ərzində həmin sifarişlər də gəldikdən sonra onlardan da istifadə etməklə dezinfeksiya tədbirlərini həyata keçirəcəyik. Bundan əlavə, onu da deyim ki, ticarət mərkəzlərimizin sanitar qovşaqlarında əvvəllər əl qurudan aparatlardan istifadə edilirdi. Artıq sanitar qovşaqlarda birdəfəlik istifadə üçün nəzərdə tutulan salfetlər də qoyulacaq. Bütün bunlar insanların sağlamlıqları üçündür və koronavirus təhlükəsi aradan qalxana qədər də tədbirlərimiz davam edəcək”.

Bütün bunlarla yanaşı, mütəxəssislər hesab edirlər ki, hazırkı məqamda valideynlər uşaqlarını əyləncə mərkəzlərinə aparmayıb, evlərində qapalı vəziyyətdə saxlasalar daha məqsədəuyğundur. Eyni zamanda həkim mütəxəssislər hesab edirlər ki, böyüklər də kafelərdən, restoranlardan, küçələrdə adi günlərdə də natəmiz vəziyyətdə saxlanılan çayxanalardan uzaq durmalıdırlar. Hesab edilir ki, bu cür yerlərdə virusların yayılması riski daha yüksəkdir.

Onu da bildirək ki, hazırda insanların toplu halda olduqları bir çox yerlərdə, o cümlədən də avtobuslarda dezinfeksiya işləri aparılır. Bəzi iri marketlər, dövlət müəssisələri də bu aksiyaya qoşulub. Lakin kiçik mağazalarda, kafelərdə bu istiqamət üzrə hər hansı bir işlərin aparıldığının şahidi olmadıq. Sosial şəbəkələrdə də insanlar bildirirlər ki, xüsusilə də yol kənarında olan kafelərdə, dönərxanalarda dezinfeksiya aparılmayıb, müvafiq tədbirlər həyata keçirilmir. Buna baxmayaraq, həmin yerlərdə də bu gün xeyli sayda insan görmək olur. Onların isə heç biri qoruyucu maskadan istifadə etmirlər…