Azərbaycanda koronavirusa yoluxanlar və bu epidemiyadan ölənlər olsa da, karantin günlərində apteklərə tələbat kəskin şəkildə azalıb. Bunu Musavat.com üçün reportaj hazırlayarkən əczaçılardan öyrəndik. 

Yasamal ərazisində yerləşən apteklərin birində çalışan Cənnət Tağıyevanın sözlərinə görə, koronavirus epidemiyası başlayandan onsuz da apteklərə, demək olar ki, yalnız tibbi maska və spirt üçün müraciət olunurdu, xüsusi karantin rejiminin tətbiqi isə ümumiyyətlə, vətəndaşların əczaxanalardan ayağını kəsib.

Əczaçı deyir ki, indi ən çox satılan və son günlər depolardan apteklərə az gələn preparatlar “Parasetamol” və “Arbidol” dərmanlarıdır.

Hətta, demək olar ki, bu dərmanlar qəhətə çıxıb. Səbəb isə xüsusən “Parasetamol”un antivirus xassəyə malik olmasıdır. Vətəndaşlar eşidiblər ki, bu dərman insanı viruslardan qoruyur, ona görə də apteklərə axışıblar.

Əslində, “Parasetamol” olduqca ucuz və tez tapılan dərmandır. Bu dərmanı həmişə 30 qəpiyə almaq mümkündür. Elə indi də apteklər qiyməti qaldırmayıblar.

Aptek işçisi bildirir ki, bununla belə axır vaxtlar dərman depolarından “Parasetamol” gəlmir və müştəriləri əliboş qaytarırlar:
“Hər gün bizdən “Parasetamol”, ya da “Arbidol” istəyirlər. Necə ki maska qıtlığı yaranmışdı, indi də “Parasetamol” çatışmazlığıdır. Bilmirik ki, niyə qəhətə çıxıb”.

Tibb üzrə professor Adil Qeybulla da hərarət qalxacağı halda qeyri-steroid ağrıkəsicilərdən deyil, “Parasetamol” həblərindən (500 mg – gündə 2 dəfə) istifadə etməyi məsləhət görmüşdü.

Apteklərdən onu da öyrənirik ki, virusla mübarizə ilə bağlı ən çox alınan vitaminlərdir. Yəni, vitamin “A, “C”, “D” tum kimi satılır. Bu dərmanların da immuniteti gücləndirdiyini bilən vətəndaşlar apteklərdən daşıyırlar.

Çox maraqlıdır ki, ölkədə xüsusi karantin rejimi və təmasın tam aradan qaldırılması qrip, soyuqdəymə kimi xəstəliklərin yayılma səviyyəsini sıfıra endirib.

Hazırda uşaqlarda hərarət salan “İbubrofen”, “Nurafen” kimi siroplar vitrinlərdə müştəri gözləyirlər. Həmçinin, “Azitramiçin” və s. antibotiklərin də satışı yoxa bərabərdir.

Aptekçilər deyirlər ki, son 10 gündə dərman satışı tam azalıb: “Gün ərzində 800-900 manatlıq alver olur. Adi vaxtda günə 1500-2000 manatlıq, hətta dekabr-yanvarda 3000 manatlıq alverimiz olardı.

İnsanlar heç yerə çıxmırlar, xəstəliklər azalıb, uşaqlar məktəbə, bağçaya getmirlər, ona görə də qrip yayılmır.
Həm də havalar istiləşib, mövsümi xəstəliklər sönməyə doğru gedir. İndi aptekə şəkər, böyrək xəstəliyi olanlar daha çox müraciət edirlər”.

Nə deyirik, təki elə olsun, insanlar sağlam, gümrah yaşasınlar, qazandığımız pullar dava-dərmana yox, xeyir işlərə xərclənsin….