Məşhur kolumbiyalı narkobaron Pablo Eskobarın ölümündən 26 ilə qədər vaxt keçir. Amma dünya hələ də ən böyük narkotik ticarətçisi kimi onu tanıyır.

Bizimyol.info bu dəfə Pablonun qızı Manuela haqda danışacaq. Kokain kralının şahzadəsi həm də ata Eskobarın varisi sayılır. Ona narkobarondan 20 milyard dollar qaldığı bildirilir.

Manuela 1984-cü ildə ABŞ-da dünyaya gəlib. Həmin günlərin canlı şahidləri deyir ki, Eskobarın qızı qayğısız, xoşbəxt böyüyüb. Onu hətta bir az ərköyün uşaq kimi xarakterizə edirlər. Zarafat deyil, Pablo Manuelanı həmişə şahzadəsi adlandırırdı.

Ata qızının hər arzusunu yerinə yetirməyə çalışırmış. Deyilənə görə, süd dişi düşəndə Pablo Manuelanın çarpayısının yanına 1 milyon dollar qoyubmuş.

Qızının “sənin nə qədər milyardın var?” sualına Eskobar “sənin baxışlarının dəyəri qədər” cavabını verirmiş. Danışırlar ki, Pablo sevgililərindən birini şahzadəsinə verdiyi sözə görə aborta məcbur edibmiş. Manuela həmişə onun yeganə qızı olacaqdı.

Narkobaronun doğma qardaşı Xuan Pablo danışır ki, Eskobar bir dəfə Medelyin yaxınlığında dağda fermada gizlənməyə məcbur qalıbmış. Həmin gecə çox soyuq olub, Pablo Manuelanın donmaması üçün 2 milyon dollar yandırıb. Eskobar daha çox yandırmağa hazır imiş. Sadəcə, evdə bu qədərmiş.

Xuan Pablonun fikrincə, Kali karteli ilə müharibəyə səbəb də Manuela olub. Çünki bir dəfə Eskobarın rəqiblərinin təşkil etdiyi partlayış qızının eşitmə qabiliyyətinə zərər vurub. Bundan sonra Pablo qisas alacağına and içib.

Amma Manuela üçün nağıl kimi həyat uzun sürməyib. Qız 9 yaşında atasını itirib. Üstəlik, son ilyarımda onların, demək olar, görüşmək imkanı olmayıb.

Pablonun ölümündən sonra Manuela üçün qeyri-sabit və təhlükəli həyat başladı. 10 yaşı olanda anası və qardaşı ilə Mozambikə qaçdılar. Az sonra Argentina ailəyə sığınacaq verməyə razı oldu.

Manuela atası üçün çox darıxırmış. Deyilənə görə, həmişə Pablonun ölüm günü geyindiyi köynəkdə yatırmış.

Eskobarın qızı yalnız 16 yaşında atasının nə işlə məşğul olduğundan xəbər tutmuşdu. Qız bundan sonra tamamilə özünə qapanmışdı. İctimai yerlərdə görünməməyə başlamışdı. Manuela hətta məktəbdən də imtina etmişdi.

2007-ci ildə ailə argentinalı jurnalist Xose Alexandro Kastanyoya 20 gün onlarla birlikdə yaşamağa icazə vermişdi. Ona Manuela ilə yalnız bir neçə dəfə söhbət etmək müəyəssər olmuşdu. Sonradan Kastanyo “Gözlərini yum, Şahzadə” kitabını yazacaqdı. Kitabın adı təsadüfi seçilməyib. Pablo qızını yatızdıranda bu ifadədən istifadə edirmiş.

Manuela indi Eskobar soyadından imtina edib, Xuana Manuela Marrokin Santos adlanır. Harada yaşadığı dəqiq bilinmir. Böyük ehtimalla Argentinadadır. İctimaiyyətə gənclik dövründə qardaşı və anası ilə çəkdirdiyi yalnız bir şəkil məlumdur.