Müəllimin şagirdi vurması o qədər müzakirə olunur ki.. Müəllim dözümlü olmalıdırmı, yoxsa psixoloji cəhədən mohkəm olmalıdır. yoxsa psixoloji və pedaqoji cəhətdən yaxşı yetişdirilməlidir ki, gərgin vəziyyətləri idarə edə bilsin və ya soyuqqanlıqla qarşılaya bilsin? Bəlkə bugünkü cəmiyyətdə sinfi idarə etmək üçün yuxarıda saydıqlarımız da kifayət etməz?

Öncə giriş üçün bəzi məslələri açıqlayıb daha sonra əsas səbəblər və fikrimcə mümkün həll yolları aramağa başlayacam.

Heç bir müəllim şagird vurmaqdan zövq almır. Hər bir müəllim sinif tərəfindən sevilməkdən zövq alır. Müəllimin gücünü və motivasiyasını artıran birinci səbəb budur. Nə dövlətin ona necə dəyər verdiyi , nə də valideynlərin, cəmiyyətin müəllimə baxışı bu zövqdən onu məhrum edə bilməz. Bu elə bir hissdir ki, onu yalnız dadmış insanlar anlaya bilər. Əslində sevgi hər bir insanın ehtiyacı olan bir duyğudur və bu ehtiyacın bir hissəsinin qarşılığını sinifdən, uşaqlardan, yeniyetmələrdən ala bilən müəllim həm sakit, huzurlu, həm də işinə motivasiyalı ola bilir, ətrafdakı çirkinliklər onun ruh aləmini kəskin şəkildə aşındıra bilmir. Əslində bunu bacarmış müəllimlər digər iş səhələrindəki insanlardan daha şanslı, daha xoşbəxtdirlər. Nəzərə alaq ki, müəllim cəmiyyətin ən gənc, ən təmiz, ən çox müsbət enerji saçan, duyğuları hələ kirlənməmiş və ya az təxrib olunmuş, düşüncələri hələ tam qəliblənməmiş(mənfi və ya müsbət olaraq),  duyğu və düşüncələri əyilib düzəlməyə hələ uyğun olan bir kəsimi ilə ünsiyyətdə olan bir peşə sahibidir. Bu baxımdan müəllimin işi heç bir peşə ilə müqayisə oluna bilmir.

 

Məqsədə keçməzdən öncə bu yazıda səsləndiriləcək fikirlərlə tanış olmanızı istəyirəm. Aşağıdakı başlıqlar verildiyi kimi ardıcıllıqla şərh olunmaya bilər, çünki verilmiş problemlər bir-biri ilə bağlıdır, iç-içədir.

  1. Eqoist cəmiyyətin cahilliyinin gətirdiyi problemlər
  2. Qorxu kültürü ilə idarə olunmanın nəticələri. Qorxu kültürü ilə dəyərlər kültürünün yaratdığı fərqli cəmiyyətlər. Nə qədər fərqindəyik bunların ? Qorxu(mənim dediyim olacaq yoxsa onun?), Dəyər (bu ailə üçün, sinif üçün, şirkət üçün, vətən üçün doğru olanları edə bilməyə səy etmək və s.)
  3. Fərqli düşüncələrə açıq olan insan hansı mühitdə yetişə bilər sizcə?
  4. Qorxu və Dəyərlər kültüründə özündən güclü və özündən zəif görünənlərlə münasibətlər sistemi necədir? Hər ikisində səlahiyyətlər var amma nəyə dayanır bu səlahiyyət.
  5. Dərsdə səs salan, dayanmadan başqalarını dürtmələyən və sinfin dərsə fokuslanmasına mane olmasının səbəbləri nədir deyə düşündükmü, araşdırdıqmı?
  6. Mədəniyyət dəyişmədən təhsil sistemi dəyişə bilərmi və ya dəyişiklik edə bilərsinizmi? Görürük son zamanlar nazirlik səviyyəsində müəyyən dəyişikliklərə can atılır, amma yarım yapalaq qalır, az təsirli olur , bəzən də çoxları tərəfindən bəyənilmir
  7. Uşaqların həm də böyüklərin öz duyğularını tanıması
  8. Sorğulayan uşaq nə deməkdi? Çoxlu sual verməklə uşaqda nə dəyişəcək ki? Tanıdığımız məşhur alimlərin nə özəlliyi var idi ki, bu qədər dəyərli kışflər etdilər?
  9. Müəllimin sinifdə çəkdiyi zəhməti və aldığı maddi və mənəvi qarşılığı müqayisə edən neçə nəfər var?
  10. Sinifdəki hay küyün mədəni ölkələrlə müqayisəsi.
  11. Mediyanın vurduğu zərərlər və maariflənmə
  12. Müəllim yetişdirmə və məktəbin , müəllimin içində olduğu cəmiyyətə təsiri(daim tənqid olunan məktəb və müəllim nə dərəcədə təsiredici ola bilər?)

Professor Doğan Cüceloğlunun “Qorxu kültürü və Dəyərlər kültürü” deyə müqayisəsi var. Biz  tarixən qorxu kültürü ilə böyümüş nəsilik və hazırda bunu davam etDİRməkdəyik. Hakimiyyətlər, krallar, şahlar qorxu ilə idarə etmişlər, sonra Sovet hakimiyyəti dövründə də qorxu ilə idarə edilmişik və valideynlərimiz də bu mühitdə böyüdükləri üçün onlar da bizi bu dəyərlərlə böyütmüşlər. Bu mədəniyyətlə yetişən insan istər ailədə, istər işdə , istərsə də sinifdə güc göstərməklə idarə etməyə alışıb, onun başqa alternativi yoxdur. Həmçinin tabeçiliyində olan insanlar da, yəni ailə üzvləri, işçiləri və şagirdləri(məktəb direktorudursa məktəbin müəllimləri) də bu güc qarşısında tabe olmaqla başını salamat saxlamağa çalışır.  Əks təqdirdə rəhbər olan şəxs bir yolla onu əzib tabe etməyin yolunu tapacaq. Bu rəhbərin fikrincə qarşısında onun fikrinə alternativ olan, bəlkə də daha ağıllı, məntiqli və faydalı fikir söyləyən birisi, rəhbərdən daha üstün, bacarıqlı, ağıllı, savadlı görünə bilər ehtimalı yarada bilər. Ona görə də həmişə bu rəhbərlər ətraflarında daha əfəl, qeyd-şərtsiz itaət göstərən insanlar saxlayır.  Digər qrup insanları isə xain, düşmən kimi görürlər və göstərməyə çalışırlar.  Öz eqolarını təmin etmək üçün əsrlərlə inkişafın qarşısını almışlar, hal-hazırda da bu dəyərlərə sahib olan cəmiyyətlər inkişafdan geri qalmaqda davam edirlər. Əksinə eqoist cəmiyyət formalaşıb və bu eqo ilə fərqində olmadan valideyn övladını, müdir işçisini, müəllim şagirdini əzir. əzir , sonda əzik nəsillər yaranır və beləcə davam edir. Bu əzik nəslin nümayəndələri özündən zəif gördüklərinin qarşısında aslan kimi, özündən güclünün qarşısında dovşan kimi davranırlar. Biz bu xüsusiyyətləri məmur tayfasında bariz gördüyümüz halda özümüzdə görmürük, çünki alışılmış olan bir halın fərqində olmaq çətindir, hər insanın işi deyil.

Dəyərlər kültüründə isə hər şey bambaşqadır.  Orada insan olduğu ortamda, yəni işlədiyi şirkət , müəssisə üçün, ailə üçün, sinif üçün (bunlar hamısı vətəndir, yəni vətən üçün) ən doğrusunu etməyə çalışır. Fərqli fikirlərə açıq olur, onları özünə təhdit kimi görmür. Sorğulayan olur və sorğulayan nəsil yetişdirir. Sual soruşa bilən, daha doğrusu suallar yağdıra bilən uşaq, inkişaf edən, mənəvi cəhətdən huzurlu olan insan deməkdir.  Bu yerdə bir şeyi qeyd edim ki, sual soruşa bilən nəslin olmamasının başqa bir nəticəsi kimi son zamanlar şagirdlər və böyüklər arasında intihar hallarının artmasını göstərə bilərəm. Demək ki, bu çox önəmli bir məsələdir. Qalan səbələr varsa bunun altsəbəbləridir. Məktəbdə bir dostuyla və ya müəllimi ilə problem yaşayan bir şagirdimiz evdə bunu dilə gətirdikdə valideynin avtoritar cavablarının (məsələn valideynlərin doğru bildikləri amma yanlış olan məsləhət vermə formaları və ya danlamaları) onları növbəti dəfə sual verməkdən və ya fikir bildirməkdən uzaqlaşdırır. Belə uşaq bir daha öz sirlərini, arzularını valideyni ilə bölüşmür. Bir müddətdən sonra artıq onun daxili dünyasında baş verən təlatümlərdən və içindən də çıxa bilmədiyi bu hallardan valideyninin xəbəri olmur.  Bizim içinəqapanıq  və ya əksinə hiperaktiv adlandırdığımız uşaqların bu vəziyyətə gəlməsində valideynin rolu bir nömrəlidir. Bu problemi də yalnız valideyn həll edə bilər. Kənar müdaxilələr yetərsiz qalır. Amma valideyn bunu həll etmək üçün ya peşəkarlardan yardım istəyərək özünü yetişdirməlidir, ya da özü araşdıraraq yetişməlidir. Avtoritar rejimin məhsulu olan bu valideynlərin özünü yetişdirməsi, haradan başlaması lazım olduğunu bilməsi isə demək olar ki imkansız kimi görünür. Çünki yeniliklərə açıq olmadığından və ya Xoşqdəm və Zaurkimilərin fikirləri ilə işğal olunduqlarından onların doğru bildikləri, amma həqiqətdə səhv olan qəliblənmiş düşüncələrini dəyişdirmək çox çətindir.  Xüsusən 30 yaşdan böyük olan valideynlərin fikirlərində dəyişiklik etməyin nə qədər çox çətin olduğunu öz praktikamda az görməmişəm. Bu dəyişimi təmin etmək üçün o qədər uzun zaman lazımdır ki, beyində kök salmış düşünmə tərzi kökündən təmizlənsin (update) və daha saf düşünməsinə zəmin yaransın. Bu dəyişim olmadıqca və ya qorxu mədəniyyətinin virusları tam təmizlənməmiş qarışıq düşüncəli topluluqda yetişən nəsillər içlərində tonlarla ağırlıqlarla həyatda dolaşır. Mən bunu şagirdlərlə dostca etdiyimiz söhbətlərimdən bilirəm. Sözsüz ki, bu şəraiti yaradan birmənalı olaraq əsrlərlə indiyə qədər olan hakimiyyətlərdir. Onlar daha rahat, zəhmətə qatlaşmadan idarə etmək üçün bu cür idaretmə yolunu seçmişlər. Dəyərlər mədəniyyətində (kültüründə) böyümüş valideynin isə övladına verdiyi dəyər, onu dinləmə şəklindən anlaşılar. Övladının dərdini, problemini və ya fikrini dinləyərkən onu ən dəyərli fikir insanı kimi göz-gözə dinləyər, sözünü kəsib burada sən səhv edirsən deyib özünün doğru bildiyi (bu tam doğru olsa belə) fikirləri yeritməklə, məsləhət verməklə onu danışmaqdan soyutmaz, əksinə daha da geniş danışmasına təşviq edən davranışlar göstərər. Öz həll metodunu və məsləhətini deyil, uşağın bu problemlər haqqında nə düşündüyünün qiymətli olduğunu sərgiləməklə,  uşaqda dəyərlilik duyğusunu qabartmış olur (əks halda uşaq özünü dəyərsiz hiss edir), uşaq öz fikirlərinə, düşüncələrinə, özünə inamı artır və beləliklə öz probleminin ən yaxşı həll yolunu kəşf edir. İnanın ki, hər bir uşağın beyni öz problemlərini həll edə biləcək imkanlarla yaradılmışdır. Beynin bu funksiyası fərdin həyatda qalmasını təmin etmək üçündür. Əgər bu funksiya uşaqlıqdan ailə və toplum tərəfindən pozulmamışdırsa, hər kəs özü həyatda qalmanın ən yaxşı yolunu tapmaq gücünə sahibdir,. Heyvanlarda həyatda qalma funksiyası instinktiv olaraq baş verirsə, insanda düşünmə ilə baş verir. Yaxşı düşünmək üçün isə beynin azad olması əsas şərtdir. Başqalarının fikirləri , psixoloji təsirləri, cəmiyyətin ədalətsiz qınaqları, mediyanın lazımsız doldurmaları ilə işğal olunmuş beyin azad beyin olmadığı üçün ilk yaradılışdakı funksiyaları zədələnmiş olur və keyfiyyətli fəaliyyət göstərə bilmir. Ona görə də fərdə ən yaxın olan onun ailəsi ona dəyər verməklə uşaq kənar təsirlərdən özünü qoruya bilir. Nəzərə almaq lazımdır ki, uşaq bəzi dəyərlərlə – dürüstlük, doğruluq və ədalət  kimi dəyərlərlə hazır donatılmış vəziyyətdə dünyaya gəlir. Ona görə də ailə özü bu dəyərləri pozmadıqca uşağın dəyərlər anlayışını zədələməmiş olur. Belə bir ailədə yetişən fərd azad düşüncəyə sahibdir.

Qorxu mədəniyyətində(kültüründə) ata söz verər oğluna, amma sözünü tutmaya bilər. O, necə istəsə elə də edər. Onun işi gücü çoxdur. Oğlu onu sorğulaya bilməz  Dəyərlər mədəniyyətində(kültüründə) isə əksinədir. Söz verən ata sözünün də , söz verdiyinin də dəyərini bilir. Sözünü tutmasa oğlu ona xatırladar, onu sorğulayar. Dəyərlər mədəniyyətində haqlı olan güclüdür

Avropanın inkişafı maariflənərək məhz qorxu mədəniyyəti (kültürü) yaradan rejimləri, krallıqları ləğv edib, dəyərlər kültürü qurduqdan sonra başladı. Həmin dövrdə neçə-neçə dahi fikir insanları, ədəbiyyat, incəsənət. musiqi insanları  meydana çıxdı, hansı ki, indi onları oxuyub heyran qalırıq və qidalanırıq. Məgər ondan qabaqkı dövrlərdə avropada belə insanlar dünyaya gəlmirdi? Gəlirdi, amma əzənlərin əzdiyi əziklərə çevrilib, iz qoymadan dünyadan köçüb gedirdilər. Eyni dövrdə avropanın müxtəlif yerlərində elm adamları yetişdi. Necə oldu ki, bu qədər dəyərli insanlar (Dalton, J, J. Tomson, Robert Milikan, Ernest Rezerford, Hans Geiger, Ernest Marsden, James Chadwik, Niels Bor, Maks Plank, Louis De Brogle, Ervin Schrodinger, Werner Heizenberg və s)  dünyaya eyni zamanda gəldi və birlikdə atomun hissəciklərini kəşf etdilər. Bu tip insanlar əvvələr avropada doğulmurdumu?. Cavab yəqin ki aydındı.

Bu alimlərin özəllikləri nədir ki, bu qədər böyük işlərin öhdəsindən gəldilər? Onlar ona görə şanslı idilər ki, uşaqlıqdan sual vermək , maraqlanmaq azadlıqları var idi, və bu yöndə onları təşviq edən ətrafları olmuşdu.

İndi sizdən soruşuram , mədəniyyət dəyişmədikcə təhsil sistemindən gözlədikləriniz dəyişərmi? Cahil toplumun ən bariz göstəricisi burada fərdlərin həmişə başqalarını günahlandırmalarıdır. O, öz günahları ilə o qədər dostlaşıb , mehribanlaşıb ki, onları artıq günah kimi görmür, amma eyni tip günahı başqasında gördükdə onun çox tez fərqinə varır və onu tənqid edir.

Həyatda üç növ insan var: 1. Başqalarının etdiyi səhvlərdən özünə dərs çıxaranlar. 2. Başqalarının səhvlərindən nəticə çıxarmayıb, yalnız özü səhv etdikdən sonra (başı daşdan daşa dəydikcə) özünə dərs çıxaranlar. 3. Öz səhvlərindən belə dərs almayanlar. Üçüncü növ. eyni səhvi ömür boyu təkrar etsə də nəticə çıxarmır. Üçüncü növ insanların üzərində dayanmaq istərdim, çünki ən təhlükəlisi bunlardır. Bu insanları tanımaq istəyirsinizsə, onların iki fikrinə diqqət edin. Onlar həmişə öz bəxtlərindən şikayət edərlər və bir də öz uğursuzluğunda kənar günahkarların olduğunu iddia edirlər. Bu iki fikri dayanmadan söyləyənlər üçüncü tip insanlardır. Məqsədimiz ailə-uşaq olduğu üçün nümunəni oradan vermək istəyirəm. Məsələn düşünün ki, bir ata və ana övladlarının oxumasını, ali təhsilli olmasını istəyirlər. Uşağı dərsdən kənar məşğul olduğunu gördükləri hər anda ona get dərsini oxu deyib otağına göndərməyə çalışırlar. Onlar bunu təkrarladıqca (get dərsini oxu) uşaq dərsdən bir az da soyuyur, kənar məşğuliyyətlər ya artır ya da olduğu kimi davam edir. İllərlə bu proses bu ailədə davam edir. Amma valideynlər heç öz fikirlərində, davranışlarında  və ya sözcüklərində belə dəyişiklik etmədən 11 il davam edə bilirlər. Bu valideyn sizcə 3-cü növ deyilmi? Valideyn göstərdiyi davranışın faydasız olduğunu görsə də bu səhv addımından əl çəkmir, davamlı olaraq o səhvini təkrarlayır. Alternativ bir yol axtarmaq haqqında düşünmək belə istəmir. Çünki qəliblənmiş düşüncə və davranışlar onu işğal edib, robotlaşıb və bəlkə də instinktə çevrilib. Belə valideynlərə deyəndə ki, heç olmasa bir həftə və ya bir ay bu sözlərdən istifadə etməyəsiz , bu müddət ərzində heç bir müdaxilə etmədən, uşaqda ola biləcək dəyişiklikləri  müşahidə edəsiniz. Təəssüf ki, bunu belə etmirlər, öz cahilliklərinə o qədər güvənirlər ki, imtahan gününə qədər davam edərək həm uşağın, həm də öz həyatlarını zəhər edirlər. Başqa bir nümunə məktəbdən verim. Sinifdə bəzi şagirdlər dərsdə imtizansızlıq göstərirlər, müəllim xəbərdarlıq edir, dərsi pozmamaları üçün hədə qorxu gəlir. Amma bu hal eyni şagirdlər tərəfindən davam edir, amma müəlim də eyni reaksiya verməkdən əl çəkmir. Beləcə ilin sonunadək bu vəziyyət davam edir. Burada şagirdin dərs müddətində sağa sola dönüb yoldaşlarını dürtmələməsi, danışması və onların dərsə fokuslanmasına mane olması, bu səbəbdən də müəllimi qıcıqlandırmasının altında yatan səbəblər var. Müəllim pedaqoji peşəkarlığı, uşaq, yeniyetmə psixologiyasına  nə dərəcədə bələd olması və xüsusilə qeyd edim, motivasiyasının olması nəticəsində yaranmış hər bir vəziyyətə uyğun olaraq müxtəlif davranışlar göstərə bilər. Şagirdin davranışlarına qarşı göstərdiyi reaksiyanın faydasız olmasını görüb yeni yollar araşdırmaq haqqında düşünməli, araşdırmalıdır. Əslində müəllim peşəkarlığını artırmaq üçün həm dövlət dəstəyi olmalıdır, həm də fərdi istək vacib amildir. Dövlət müəllimin üzərində qoyduğu tələbləri onun həyata keçirməsi üçün müəllimə uyğun şərait yaratmalı, onun həm maddi, həm də mənəvi ehtiyaclarını ödəməklə, dövrün tələblərinə uyğun olaraq elmi bilik, bacarıq, pedaqoji, psixoloji inkişafını təmin etməyə borcludur. Bunlar müəllimi ayaqda tutan, onda həyata və işinə qarşı motivasiyasını yaradan amillərdir. Amma bir müəllimin yetişməsi (peşəkar olması) üçün dövlət dəstəyi bəs etmir. Müəllimin dövlət dəstəyindən sonra işinə və həyata qarşı motivasiyası yaranacaq, sonra özünün şəxsi istəyi ilə də özünü daim yetişdirmək üçün vasitələr axtaracaq. Hazırkı dövrdə özündə gördüyü çatışmazlıqları aradan qaldırmaq üçün və ya sadəcə maraqlı olduğu üçün uyğun mütəxəsislər arayıb onların dərslərinə, seminarlarına qatılmağa can atacaq, konfranslarda iştirakçı olmaq istəyəcək. Bir konfransda iştirak edib, ustad pedaqoqların araşdırmaları və fikirlərini dinləməklə aldığı faydanı bəlkə onlarla, bəlkə də yüzlərlə oxuduğu kitablardan almaya bilər.  Bu şəkildə yetişmiş müəllimin sinifdə problemləri qalarmı? Hətta bu sinifdəki valideynlərin təkcə övladları ilə deyil, həmçinin ailə daxili problemləri belə qalmaz. Çünki müəllim bir uşağın problemini təkcə uşaqla deyil, onun ailəsi ilə birgə həll edərsə qalıcı bir nəticəyə çata bilər. Çünki bu problemlərin əsas qaynağı ailədir. Deməli müəllim cəmiyyətə təsir edə bilən qüvvədir. O zaman məktəb uşaqları qapalı bir binada deyil, həyatla, cəmiyyətlə iç-içə olaraq onları həyata hazırlayan bir müəssisə olar. Müəllim təkcə əlində olan şagirdlərə deyil, bütün ətrafındakılara yön verən, maarifləndirən birisinə çevrilir. Hal-hazırda isə müəllim-valideyn münasibətləri necədir? Müəllim problemi həll etmək üçün uşağın durumunu valideynə bildirən bir şəxsdir. Valideyn nə edir? Uşağın evdə gözünü qorxudaraq ya da ən yaxşı halda özünün dəyərli sandığı məsləhətləri verərək, onu göstərdiyi mənfi davranışlardan çəkindirməyə çalışan bir şəxsdir. Qorxu ilə idarə olunmağa və idarə etməyə alışmış bir valideynin bundan başqa bir seçimi yoxdur.  Bu durumda nə müəllim, nə də valideyn qurucu deyil, əksinə uşağın ruh dünyasına dağıdıcı təsir göstərən varlıqlara çevrilmişdir.

Yuxarıda qeyd etdiyim müəllimi inkişaf etdirən vasitələrlə təchiz olunmuş, daim  inkişaf edən müəllimlərimizin olduğunu və bir də bu gün müəllimlərimizin yuxarıda saydıqlarımdan nə qədər məhrum olduğunu düşünməyi sizin öhdənizə buraxıram.  Bu müqayisə, problemlərimizin kökünü  aydınlaşdıran vasitədir. Bu müqayisəni edən birisi məncə müəllimləri günahlandırmaqdan əl çəkər və özünə dönər.

Bəzi məmurların müəllimlərin büdcədən maliyyələşməsini israf kimi görmələri onların müəllimin dövlətin əsas sütunu olduğunu anlaya bilməmələrindən irəli gəlir. Onlar dövlətin hakimiyyətdən ibarət olduğunu düşünürlər. Unudulmamalıdır ki, hakimiyətlər daim dəyişər, amma dövlətin, ərazinin bütöv qalması cəmiyyətin sağlam olmasından, onun hansı dəyərlərlə yaşamasından asılıdır. İnsanın dünyaya gəldikdə fitri olaraq özü ilə gətirdiyi dürüstlük və ədalət dəyərləri pozulduqca, valideyn öz davranışları ilə övladının bu dəyərlərdən qurulu olan evini yıxdığının fərqində olmadıqca, özünün də əslini bilmədiyi, əvvəlki nəsillərin ona sırıdığı dəyərləri övladına sırımağa çalışdıqca fitrətinə zidd olan dəyərləri mənimsəməyə məhkum olan yeni nəsil əlbəttə gərgin, hiperaktiv, istər insana istərsə də kainata sevgidən və qarşılıqlı hörmətdən məhrum olacaq.

Mədəni ölkələrin məktəblərində şagirdlərin davranışlarını bizim şagirdlərlə müqayisə etdikdə orada sinifdə daha az gərginlik yaşandığının şahidi oluruq. Səbəb odur ki, orada uşaqlar kənardan tələb olunan deyil, daxildən gələn məsuliyyət duyğusuna sahibdirlər  və buna görə də davranışlarının fərqindədirlər.  Bizdə nəinki uşaqlar, böyüklər də bundan məhrumdurlar, çünki onlar da bu şəkildə yetişdirilib.Nə demək istədiyimi bir müşahidəmlə izah etmək istəyirəm. Müəllimlər üçün keçirilən seminarlarda , kurslarda təlimçi çox mədəni, təzyiq və qorxu ilə idarə etməyi sevməyən birisi olduqda müdavim müəllimlərin davranışlarının sinifdə şagirdlərimizin göstərdiyi davranışlarla eyni olduğunun şahidi oldum. Təlimçi psixoloq öyrətmək istədiyi fikri hər bir müəllimin sinifdə yaşadığı bir situasiya üzərində qurmaq istəyir. Bu situasiyanı danışdıqdan dərhal sonra müəllimlərin hər biri yaşadığı belə bir problemli situasiyanı yanındakı müəllimlə bölüşməyə başlayır. Hansı ki, bilirik ki, belə bir hadisəni hər bir müəllim müşahidə edib. Amma müəllimlər psixoloqun bu situasiyanı xatırlatmaqla məqsədinin onun həlli yollarını bizimlə birlikdə araşdırmaq olduğunun fərqində deyillər. Təbii ki, təlimçi vermək istədiyi mesajı yalnız sözləri ilə deyil, həm də davranışı ilə sızdırmaq istədiyi üçün avtoritar tərzdə diqqəti özünə tərəf cəzb etmədiyi üçün, müdavimlər də onun avtoritar olmadığını hiss etdikləri üçün məqsədə yönlü deyil, öz istəkləri istiqamətində, yəni söhbətin ləzzətini çıxarmaq  istiqamətində fəaliyyətlərini davam etdirdilər. Nəhayət mənim müdaxiləmdən sonra müəllimlər dönüb pixoloqu dinləməyə başaladılar. Az sonra təlimçi yenə ikinci bir situasiyanı söylədikdən sonra müəllimlər də yenidən əvvəlki kimi bu cür hadisələrdən öz yanındakı müəllimə danışmağa başladılar. Beləliklə biz o dərsdən heç bir nəticə almadan çıxmalı olduq. Burdan çıxan nəticə nədir? Biz cəmiyyət olaraq təzyiq və qorxu altında böyüdülüb idarə olunduğumuz üçün övladlarımız da bu şəkildə böyüdüyü, nəticədə sosial məsuliyyət, qarçılıqlı hörmət duyğusu yaranmamış olması nəticəsində şüuraltı olaraq qorxu mədəniyyəti ilə idarə edilməsini tələb edir. Demək ki, burada qarşılıqlı hörmət, ən əsası isə özünə hörmət, öz məqsədlərinə hörmət kimi dəyər formalaşmayıb. Müəllimlər təlimçinin, şagirdlər müəllimin, işçilər müdirin, məmurlar daha böyük vəzifəli məmurun  qarşısında ondan çəkindikləri qədər məsuliyyətlidirlər və hörmət göstərirlər. Üzərilərində təzyiq olmadıqda, qarşılıqlı hörmət, empatiya, dürüstlük, ədalət kimi dəyərləri daşıyan bir idarəçi ilə birlikdə olmağın gözəlliklərini görmədiyi, duymadığı üçün duyğularına zidd olan bu dəyərlərlə idarə olunmağı bir müddət, bəlkə də həmişəlik qəbul edə bilmir. Belə bir cəmiyyətlə heç bir sahədə inqilab etmək olmaz. İnqilabı etməyi bacarsan da onlar yenə də yeni bir əzən qüvvəni görmək istəyəcəklər.

Bütün bu problemlərin həlli maariflənmək və maarifləndirməkdən keçir.  Əgər Təhsil Nazirliyi məktəblə bağlı mütəəqqi bir dəyişiklikıər etmək istəyirsə öncə cəmiyyət o dəyişiklik və onun faydaları haqqındada ən az müəllimlər qədər məlumatlandırılmalıdır. Çünki məktəb şagird və müəllimlərin olduğu bir məkan deyil. Məktəbdə valideynin yeri yoxdursa biz şagirdə istədiklərimizi verə bilmərik. Mənim fikrimcə, məktəb bərabərdi müəllim üstəgəl şagird üstəgəl valideyn deməkdir. Bu da bərabərdi Cəmiyyət. Baxın, məktəbin nə qədər önəmli yeri var. Sizcə məktəb dövlətin ən çox diqqət ayıracağı bir sütunu deyilmi?

Bu problemlərin həlli maariflənməkdirsə, burada ən böyük məsuliyyət daşıyan qurumlardan biri də mediyadır. Mediya insanları nəyə məhkum edərsə, böyük əksəriyyət də onun əsiri olar. Gözəl və mənalı şeylərin əsiri olmaq, çirkin və mənasız şeylərin ağası olmaqla necə müqayisə oluna bilər? Dərd odur ki, çirkin və mənasız şeylərin əsiri olanlar daha çoxdur. Bu mediyanın əsəri deyilsə, bəs nədir? Gözəl dəyərlərə sahib olan, tarazlıqlı duyğulara və düşüncəyə sahib olan bir nəsil yetişdirmək istəyiriksə,  bu günkü mediya olduğu kimi davam edirsə, ona qapımızı bağlamaq bizim edə biləcəyimiz birinci və mədəni bir protestodur. Bu mediyanı dəyişməyə məcbur etmə vasitəmizdir. Bununla biz beyinlərimiz işğal olunmaqdan qurtararaq, içində olduğumuz zindanın qapısını aralamış olarıq. İkinci edə biləcəyimiz özümüzə dönmək, öz duyğularımızı tanımağa, onları – fitrətdən gələn ülvi duyğularımızı (sevmək, güvəndə olduğunu hiss edə bilmək, dürüstlük, ədalət )yenidən kəşf etməyə yönəlməkdir.

Məktəblərdə yaşanan xoşagəlməz hadisələrdən sonra bəziləri “gəlin müəllimlərimizi qoruyaq” deyə paylaşımlar edirlər. Sual doğur:  Kimdən qorumaq istəyirsiz müəllimi? Həqiqətən müəllim müdafiə olunmalıdırmı? Kimdən? Düşmənləri kimlərdi? Bu suallardan sonra “gəlin müəllimlərimizi qoruyaq” ifadəsi çox gülməli oldu indi , elə deyilmi? Sual vermək bu qədər önəmlidir. Sual vermədən həqiqəti tapa bilmərik. Sual verə bilməyən övladlar da həqiqəti tapa bilməz, sürünün bir parçasına çevrilər. Ona görə sorğulayan, suallar yağdıran övladları yetişdirməyə ehtiyacımız var. Bunun üçün hər davranışımızda özümüz özümüzə sual verməklə başlayacağıq ki, beyin düşünməyə başlasın. cəmiyyətin, adətlərin, çevrəmizdə qurmuş olduğu düşüncə divarlarını dağıtsın.

Ələkbər Şərbətov