Kartdan-karta limitlər: Nağdsız ödənişlər təhlükədə?
Kartdan-karta köçürmələrə limit tətbiq edildikdən sonra vətəndaşların nağd ödənişlərə üstünlük verəcəyi gözlənilir. Ekspertlər bu məhdudiyyətlərin nağdsız ödənişlərin həcminə təsir edəcəyini və alternativ ödəniş üsullarına tələbatın artacağını düşünürlər.
Minval.info xəbər verir ki, iqtisadçı Asif İbrahimov bu məsələnin əsas müzakirə mövzusunun kartdan-karta köçürmələrə necə limit qoyulacağı deyil, sahibkarların vergidən yayınma səbəbləri olması lazım olduğunu vurğulayıb.
İbrahimovun fikrincə, iqtisadiyyatda yalnız nəticələrlə mübarizə aparmaq problemin həlli deyil, sadəcə onun əlamətlərini idarə etməkdir. Dövlətin ilk növbədə sahibkarların POS-terminaldan niyə istifadə etmək istəmədiyini və bəzi hallarda niyə vətəndaşlardan ödənişi şəxsi kart hesablarına köçürmələrini istədiklərini araşdırması vacibdir. Bu davranışın arxasında təkcə vergidən yayınmaq istəyi deyil, həm də iqtisadi və inzibati amillər dayanır.
İqtisadçı əlavə edib ki, vergi yükü və vergi inzibatçılığı sahibkarların qərarlarına birbaşa təsir edən əsas amillərdəndir. Verginin məbləği ilə yanaşı, onun hesablanması, bəyan edilməsi və inzibati prosedurlar da biznes üçün əlavə xərc yaradır. Buna görə də vergi sistemi sahibkarları qanuni fəaliyyət göstərməyə təşviq etməlidir.
Ekspertin sözlərinə görə, bank xidmətlərinin maya dəyəri də bu məsələdə mühüm rol oynayır. POS-terminal əməliyyatları üzrə komissiyalar, hesabların aparılması və elektron ödənişlərin emalı ilə bağlı xərclər xüsusilə mikro və kiçik sahibkarlar üçün ciddi maliyyə yükü yaradır.
O, həmçinin vurğulayıb ki, sağlam rəqabət mühitinin formalaşması üçün bütün sahibkarlar eyni qaydalara əməl etməlidir. Əks halda, vergilərini tam ödəyən və fiskal çek təqdim edən sahibkar daha yüksək xərclərlə fəaliyyət göstərir, qaydaları pozan isə üstünlük əldə edir.
ƏLAQƏLİ
İstifadə müddəti bitmiş məhsullar hara gedir? – Şəffaflıq sualları artır
Asif İbrahimov hesab edir ki, kartdan-karta köçürmələrə limit qoyulması problemin köklü həlli deyil. Dövlətin paralel olaraq POS-terminaldan istifadəyə və fiskal çek verilməsinə nəzarəti gücləndirməsi, elektron ödənişlərin maya dəyərini və sahibkarların inzibati yükünü azaltması, vergi siyasətini isə qanuni fəaliyyət göstərməyi daha sərfəli edəcək şəkildə qurması vacibdir.
İqtisadçı bildirib ki, əks halda bu gün kartdan-karta köçürmələr məhdudlaşdırılacaq, sabah nağd hesablaşmalar artacaq, daha sonra isə bazar yeni qeyri-rəsmi ödəniş mexanizmləri tapacaq. Onun fikrincə, iqtisadi siyasətin əsas məqsədi yayınma yollarını bağlamaq deyil, yayınmağa ehtiyac yaratmayan biznes mühiti formalaşdırmaq olmalıdır. Sahibkar qanuna əməl etməyi məcbur olduğu üçün deyil, bunun iqtisadi baxımdan daha sərfəli olduğuna görə seçməlidir. Bu yanaşma uzunmüddətli perspektivdə həm vergi daxilolmalarını artıracaq, həm də kölgə iqtisadiyyatının həcmini azaldacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftin qiymətində sürpriz artım: Dünya bazarları həyəcan içində!
İstifadə müddəti bitmiş məhsullar hara gedir? – Şəffaflıq sualları artır
Çip inqilabı: Yapon nəhəngi 'kioxia' rekord qazanca imza atdı
Avtomobil bazarının yeni rəqibi: Alıcılar niyə onlayn elanlara üz tutur?