Şair Ramaldanov: “Azərbaycan qarşı tərəfdən mina sahələrinin xəritələrini istəməlidir…”
Azərbaycanın işğaldan azad edilən ərazilərində saysız-hesabsız mina partlayacağı günü gözləyir. Hər ötən gün daha çox gözdən itən, torpağın üst qatında cücərən ot-alafın altında qalan minalar ölüm daşıyıcısı olaraq tapdanacaqları günü “səbr”lə gözləyir. Ermənistan silahlı qüvvələri geri çəkildikcə arsenallarında olan piyada, tank, nəqliyyat vasitəsi əleyhinə minaları hara gəldi basdırıblar.
Dünya müharibələri tarixindən bəllidir ki, düşmən işğal etdiyi əraziləri tərk etmək məcburiyyətində qalarkən əsasən qəbiristanlıqları, qəbirlərin ətrafını minalarla əhatələyirlər. Aydındır ki, əksəriyyət dədə-baba yurduna qayıdacağı gün də olmasa, növbəti günlərdə yaxınlarının qəbirlərini ziyarət etməyə tələsir. Bu tələskənliyi düşmən də göz altına alır və minaları qəbirlər ətrafına basdırır. Erməni silahlı qüvvələrinin də xislətlərinə uyğun məhz bu cür addım atmaları da istisna deyil. Ona görə də işğaldan azad edilmiş ərazilərdən köçkün olan, ərazilərə gedən hər bir kəs mina təhlükəsini mütləq nəzərə almalıdır. Hərbçilərin, yerli idarəetmə orqanı əməkdaşının müşayiəti olmadan ərazilərdə hərəkət etməməlidirlər.
30 il Birləşmiş Millətlər Təşkilatının (BMT) 4 qətnaməsini icra etməkdən boyun qaçıran Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun qarşısından qaçarkən sonuncu pisliklərini ediblər – ölüm adacıqları olan minalarla torpaqları potensial təhlükə mənbəyinə çeviriblər. Noyabrın 10-da kapitulyasiya aktına imza atandan bu yana işğaldan azad edilmiş ərazilərdə 10-dan artıq Azərbaycan vətəndaşı və hərbçisi minaların qurbanı olub.
Hazırda faktlarla bağlı prokurorluq və polis əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri və əməliyyat tədbirləri həyata keçirilir. “Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik”, – açıqlamada bildirilib.

Hələ noyabrın 2-də, ANAMA-nın Təmizləmə Qrupunun minaaxtaranı, 1967-ci il təvəllüdlü Telman Bəbir oğlu Zeynalov Cəbrayıl rayonu ərazisində minatəmizləmə əməliyyatı həyata keçirərkən erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Telman Zeynalovun həmkarı, partlamamış silah-sursatın axtarışı ilə bağlı Füzuli rayonuna ezam olunmuş ANAMA əməkdaşı, 41 yaşlı Asif Mürsəl oğlu Xudiyev də minaya düşüb. Nəticədə “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti alıb. Füzuli rayonunda 36 yaşlı Yasin Ələsgər oğlu Əhmədov və onun qardaşı 31 yaşlı Asif Ələsgər oğlu Əhmədov minaya düşüblər. Nəticədə Yasin Əhmədov həlak olub, Asif Əhmədov isə ağır dərəcəli bədən xəsarəti alıb.
Noyabrın 23-də Rusiya sülhməramlıları, Azərbaycan Silahlı Qüvvələrinin, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin bir qrup nümayəndələri ölən hərbçilərin cəsədlərinin mübadiləsi üçün Tərtər bölgəsində ölənlərin axtarışlarını aparıblar. Axtarışlar zamanı rayonun Suqovuşan qəsəbəsi ərazisində mina partlayıb. Hadisə nəticəsində korpus komandirinin müavini, polkovnik Babək Səmidli həlak olub. Rusiya sülhməramlı qüvvələrinin bir zabiti də yaralanıb.

Hərbi ekspert Şair Ramaldanov “Yeni Müsavat”a deyib ki, Azərbaycan qarşı tərəfdən mina sahələrinin xəritələrini istəməlidir. Hərbi ekspert bildirib ki, mina sahələri döşənəndə formulyar tərtib edilir: “Bu bir növ mina sahələrinin xəritəsidir. Əgər erməni tərəfdən həmin formulyarları ala bilsək, konkret olaraq mina sahələrinin yerini müəyyən etsək, o əraziləri qısa müddətdə təmizləyə bilərik. ANAMA rəhbərliyi indiki işçi sayına görə mina sahələrinin təmizlənməsini nəzərdə tutaraq açıqlama verib ki, 10-15 il zaman lazımdır. Hesab edirəm ki, ölkə rəhbərliyi ANAMA-nın ştat sayını artıracaq, yeni texniki vasitələr alınacaq. Düşünürəm ki, ANAMA təmas xəttində fəaliyyətdə olduğuna görə işçilərinin sayı həmin reallıqlara uyğun idi. Hazırda isə Azərbaycan torpaqlarını işğaldan azad edib. Ona görə də əlavə işçilərə və texnikaya ehtiyac var”.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə 10-13 dekabr tarixlərində Ağdam, Ağcabədi, Füzuli, Goranboy, Tərtər və Xocavənd rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102″ Xidməti-Zəng mərkəzi sistemindən 17 müraciət daxil olub. ANAMA-dan ”Yeni Müsavat”a verilən məlumata görə, daxil olmuş 17 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 40 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 11 ədəd partlamamış hərbi sursat (PHS), 84 ədəd tank əleyhinə mina, 68 ədəd piyada əleyhinə mina və 50 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Agentliyin partlayış qrupu tərəfindən 137 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.


































