Cennifer Brikerin ömür yolu insan iradəsinin və özünəinamın nəyə qadir olduğunu anlamaq üçün ideal örnəkdi. Ayaqsız doğulan doğulan bu qız bioloji valideynlərinin imtinasından sonra onu övladlığa götürən Şeron və Cerald Brikerlərin böyük dəstəyi sayəsində inanılmazı bacarıb. İndi Cen hava gimnastı və publika önündə tez-tez çıxış edən əsl natiqdi.

İllinoysdan olan humanist cütlük başqalarından fərqlənən uşağın protez ayaqlardan istifadə edə bilməyəcəyini, əksinə, özünü narahat hiss edəcəyini anlayınca fərqli yola baş vurmalı olub. Cütlük Cenniferə sərbəst oturmağı, əllərinin köməyi ilə hərəkət etməyi öyrədən mütəxəssis tapıb. Gözləniləndən daha yaxşı nəticəyə nail olan şəxsi məşqçisinin yardımı ilə qarşısındakı əngəlləri məharətlə aşan qız uşaqlıqdan müxtəlif idman növləri ilə məşğul olmağa başlayıb. Həm voleybol, həm də basketbol oynayan qəhrəmanımız fiziki çatışmazlığa rəğmən, həmyaşıdlarından ayrı qalmayıb.

1996-cı ildə Olimpiya Oyunlarını izləyən Briker amerikalı gimnast Dominika Moçanunun azarkeşinə çevrilib və o vaxtdan məşqlərə start verib. Valideynləri hər addımını böyük həvəslə dəstəklədiyindən qısa müddətdə gimnastika üzrə ştat çempionu adını qazanıb. Əlbəttə, bu yolda əsas motivatoru özünə ruh əkizi saydığı Dominika idi…

Gözəl günlərin birində atasının ona öncəki soyadının Moçanu, Dominikanın isə doğma bacısı olduğunu söyləməsi özlüyündə maraqlı faktdı. Az keçmədən Cen gimnast bacısı ilə əlaqə yarada bilib. O vaxtdan qızlar ara-sıra görüşməyə, həftə sonları birlikdə vaxt keçirməyə başlayıb. Daha sonra isə gənc Briker hava gimnastikası ilə məşğul olmağa qərar verib.

Cennifer 2019-cu ildə pərəstişkarlarından biriylə – Dominik Bauerlə ailə qurub. Aktiv həyat tərzi keçirən akrobat xanımın əsas devizi isə onu sevə-sevə izləyənləri həyata kökləyir – Heç vaxt “bacarmaram” demə!