Yeni bir iş görmürük əslində. 30 ildi etdiyimizi bu dəfə bir qədər fərqli statusda icra edirik. İnsanların arasındayıq yenə. Əlimizdə diktafon, mikrofon, çiynimizdə kamera – dinləyir, yazır, qeydlər aparırıq. Saysız-hesabsız dərdlərin, qayğıların siyahısını tuturuq. Xətai 35 saylı seçki dairəsindən deputatlığa namizədliyini vermiş baş yazarımız Rauf Arifoğlu üçün imza toplayanda gördüklərimiz, yaşadıqlarımız isə silsilə yazının, bir neçə xüsusi buraxılışın mövzusudur əslində.

Insanlarla təmas, onları dinləmək ən gözəl bacardığımız işdir. Başda baş yazarımız olmaqla bu redaksiyadakı heç kəsin otağı şikayətçilərdən xali olmayıb. Gəliblər, saatlarla danışıblar, şikayətlərini yazıblar, gediblər. İndi də, növbəti dəfə Xətai sakinlərini dinləyirik. Evlərinə, binalarına, məhəllələrinə gedərək. İnsanların deputatlığa namizəddən gözlədikləri fərqlidir, doğru. Yol çəksin istəyirlər, binanın damını yamatsın, kanalizasiya borularını düzəltdirsin, avtobus xətlərini dəyişsin… Bir-birindən fərqli, amma adekvat olmayan arzulardır. Sənə qədər görülməli olan, vəd verildiyi halda həyata keçirilməyən işlər, aldadılan insanlar, qırılan ümidlər, öləziyən inamlar…

Minalanmış ərazidə gəzməyə bənzəyir seçicilərdən imza toplamaq. Səndən əvvəl viran qoyulan insan gözləntilərini yenidən dirçəltmək, onlara hər şeyin dəyişəcəyi ilə bağlı sözlər demək… Bəzən klişelərlə üz-üzə qalırsan: “Bundan əvvəl gələnləri gördük də… Səs alana qədər şirin dilini işə saldı. Səs alandan sonra sifətinin rəngini belə görmədik ”, “Həə, o biri də belə danışırdı. Noldu? Qəbuluna düşə bilmədik deputat olanda”, “Zəng etdim, cavab vermədi”, “Dərdimiz olanda yanımıza gəlmədi, eləcə yekə-yekə televizorda çıxış etdi”… Sənə aid olmayan, sənin məsuliyyət daşımadığın məsələyə görə utanmaq, səssiz dayanmaq… Çarəsizliklərin ən böyüyü bu olsa gərək. Insanlara xəyal qırıqlığı yaşadanların qurduqları xarabalıqlarda yerimək sizə asan gəlməsin. Minalanmış ərazi kimidir buralar dedim – harada emosional partlayışa tuş gələcəyini təxmin belə edə bilməzsən.

Bəzən bu görüşlər aparıcısı olduğum “Canlı debat” verilişi havasında keçirdi. Bir tərəfdə narazı sakin, bir tərəfdə bəndəniz. Birimiz xəyal qırıqlıqlarının təmsilçisi, birimiz dəyişiklik müjdəçisinin. Bir imza üçün bəzən blokda yarım saata qədər söhbət apardığımız olurdu sakinlərlə. “İmza verməyəcəm heç kimə!!! Məni aldatdıqları bəsdir” deyən bir xanımla dəqiqələrlə danışdığımı xatırlayıram. Ürək xəstəsi idi, amma çox da emosional. “Mənim 60-a yaxın yaşım var, nə deputatlar görmüşəm, daha aldadılacaq halım qalmayıb” deyirdi. İmza vərəqəsini bir tərəfə qoyub, ana-bala kimi söhbət etdik. Çünki məqsəd təkcə imza yığmaq deyildi, dərdlərini dinləməyə gəlmişdik, son 30 ildə olduğu kimi. Bir qəzetin öz səhifələrində yazandan sonra həllini tapan problemlərini sadaladım ona. Bir qəzet rəhbərinin bəzən 125 deputat gücündən daha artıq gücə malik olduğunu anlatdım. Bir işin üstünə düşərsə, qəzetçi ordusu nə dağlar aşa bilər – izah etdim. İstərsə 125 deputatı da ətrafına yığıb xalqın dərdini çözdüyünün örnəklərini dedim. Zamanında, elə indi də bir çox deputatların elə bu qəzetin gücünə arxalanıb, seçici problemi çözdüyünü, onu ictimailəşdirdiyini söylədim. Həm də söz yığını ilə yox, faktlarla! Bu 30 ildə neçə-neçə şəhid ailəsinin, əlilin, qaçqının, kimsəsizin dərdinə necə əlac olduğumuzu danışdım onlara. Dəryada damla misalı – sadəcə bir neçə örnəklə. Hamısını anlatsam, seçkiyə qədər o qapıdan ayrılmamam lazımdı. Gözlərindəki ifadənin, fikrinin necə dəyişdiyini görmək isə mükafatların ən böyüyü idi. O insanlardan heç imza da almadım, sonda imza vermək istəsələr də – sadəcə gələcəyə baxışları dəyişsin istədim. Ölkədə baş verən bunca dəyişiklik dalğasının, inqilab kimi qərarların onların həyatından yan ötməyəcəyinə əmin olsunlar arzuladım. Arzum da baş tutdu – sadəcə danışmaq, olanları təhlil etmək, ürək-ürəyə söhbətləşmək lazım idi… Söhbətləşmək, anlatmaq, təhlil etmək və ən nəhayət problemləri çözmək üçün vasitəçi olmaq – biz qəzetçilərin işi… Axı biz təsirli səs tonu ilə gözəl cümlələr qurmamışıq bu illər ərzində. İş görmüşük gerçəkdən – bir dönəm(5 il), iki dönəm (10 il) yox, tam 30 ildir. Dilə kolay… Say-say bitməz…

Dünən imza toplamaq üçün R.Arifoğlu özü seçicilərin yanına getmişdi. Onları həm də dinləməyə. Qapı-qapı gəzdirdilər bizi. Partlayan su borusunu göstərən kim, işləməyən liftindən şikayətlənən, “məni şikəst etdi” deyərək yolundan gileylənən kimi… Hiss edirsən ki, əslində çox kiçik, cüzi görünən, amma insan həyatlarını cəhənnəmə döndərən bu problemlər həll olunsa insanlar da xoşbəxt olacaq. Bəli, bəli, mübaliğəsiz – xoşbəxt. Hətta biri bəndənizi qırağa çəkib, “bu kişi bayram öncəsi pul versəydi, gedib bayram bazarlığımızı edərdik” deyəndə də təəccüblənmədim. Çünki bu ölkədə insanların arzuları onların məişətindən uzağa getmir. Millət vəkili olacaq şəxsin onların xeyrinə qanunlar hazırlamalı olduğunu, problemlərinin həllində həlledici fiqur olmasının vacibliyini dərk etmirlər. Daha praktik, daha əlçatan qayğıları yoluna qoyulsun istəyirlər… Amma dəyişəcək. Bu fikirlər, bu təəssürat da dəyişəcək… Çünki hər şey dəyişəcək…

Və… Günlərdir ürəyimi sıxan, hər yadıma düşəndə içimi parçalayan qadın səsləri… Döydüyüm qapıların o biri üzündən gələn “evdə heç kim yoxdur” cümləsi… Çarəsizliyin, ümidsizliyin, hüquqsuzluğun carçısı. Heç kim! Bir insan, şüurlu yaşa gəlmiş bir qadın necə özünü “heç kim” saya bilər? Söhbət uğursuz cümlə quruluşundan getmir ki, təkcə. “Qapını aça bilmərəm” desəydi, mənzərə daha gözəl, ümidverici olacaqdımı? Bəli, bu ölkədə hələ də qadının üzünə qapı bağlayıb (bir qəza, zəlzələ, yanğın, fövqəladə vəziyyət olarsa, içəridə qalacaq), ona özünü “heç kim” kimi təqdim etdirən kişilər var, nə yazıq ki. Hüquqlarını bilməməklə yanaşı, fərd olduqlarını unudan saysız-hesabsız zərif cinsin nümayəndələri… Bütün bunlar dəyişəcək… Dəyişməlidir. Əks halda, demokratik, sivil toplum olmaq şansımızı itirəcəyik…

Sevinc TELMANQIZI