2018-ci ildən bəri xarici dövlət borcunu azaltmaq siyasəti yürüdən Azərbaycan hökuməti əvəzində daxili borclanmanı artırır. 2020-ci ilin sonu ilə müqayisədə daxili dövlət borcu 2022-ci ilin əvvəlinə 1 milyard 126 milyon manat artıb. Rəsmi məlumata əsasən hökumətin daxili dövlət borclarının həcmi 3 milyard manata yaxındır. Bunun 804,5 milyon manatı 2021-ci il ərzində yaranıb.

Hesablama Palatasının məlumatına əsasən 2021-ci ildə emissiya edilmiş istiqrazlar üzrə yalnız yaranmış faiz borcunun məbləği 318,6 milyon manat təşkil edib ki, bu da dövlət büdcəsində növbəti illərdə faiz xərclərinin əhəmiyyətli artımına şərait yaradıb.
2022-ci ildə isə dövlət büdcəsi layihəsində daxili dövlət borclanmasının yuxarı həddi 1 milyard 100 milyon müəyyən olunub. Yanvar-may ayları ərzində artıq hökumət 184,8 milyon manat daxili borclanma həyata keçirilib. 2022-ci ilin yenidən baxılan dövlət büdcəsi layihəsində büdcə kəsirinin 43 milyon manat artırılaraq 3 milyard 106 milyon manat olması nəzərdə tutulub. Kəsirin artımının maliyyələşdirilməsinin isə daxili borclanmadan cəlb olunan vəsait hesabına təmin olunacağı qeyd edilib. Hesablama Palatası bildirir ki, yüksək neft-qaz qiymətləri şəraitində büdcədə profisitin olması fonunda dövlət borclanmasının həyata keçirilməsi gələcək büdcələr üçün borca xidmətlə bağlı əlavə xidmət xərclərinin yaranmasına səbəb olur ki, bu bir daha vəsaitlərin idarəedilməsi üzrə maliyyə planlamasına dair mexanizmlərin təkmilləşdirilməsini zəruri edir.

İqtisadçı-ekspert Rövşən Ağayevin Musavat.com-a dediyinə görə, hökumət 2018-ci ildə qəbul etdiyi borc strategiyasında dövlət borcunun azaldılmasının əsas hədəf olaraq əbul edib: “Xüsusilə xarici borclanmanın azaldılması əsas hədəf seçilib. Bunun əvəzində ölkədə qiymətli kağızlar bazarının inkişaf etdirilməsi, xarici maliyyə risklərindən qaçmaq üçün daxili borclanmanın artırılması nəzərdə tutulurdu. Burada söhbət Maliyyə Nazirliyi tərəfindən həm 1 illik – qısamüddətli, həm də 2-3 illik – ortamüddətli dövlət istiqrazlarının emissiyasından gedir. Hesablama Palatasının bu məsələ ilə bağlı maraqlı sualı var ki, dövlət istiqrazlarının emissiyasının ölkədə qiymətli kağızlar bazarının inkişafına nə qədər rəvac verdiyi analiz olunubmu? Əgər qiymətli kağızlar bazarına ciddi bir təkan vermirsə, borclanmanı ildən-ilə artırma nə dərəcədə doğrudur?”

Ekspertə görə, əslində daxili borclanma üçün real əsas var: “Bildiyiniz kimi, Azərbaycanda dövlət büdcəsi kəsiri ildən-ilə artır. Bu kəsirin maliyyələşdirilməsi bir neçə mənbədən həyata keçirilir. Bunlardan biri büdcənin sərbəst qalığıdır, ikincisi özəlləşmədən daxil olan vəsaitlər, üçüncüsü isə daxili borclanmadır. Özəlləşmədən Azərbaycan praktikasında büdcəyə çox cüzi vəsait daxil olur. Qalır iki mənbə. Sərbəst qalıq 2017-ci ilədək böyük həcmlərlə olurdu -2,4 milyard manata yaxın. 2022-ci ilin 1 yanvarına sərbəst qalığın həcmi 1 milyard manatdan bir qədər artıq olub. Yəni yaxın 1-2 ildə bu mənbənin tükənməsi mümkündür. Buna görə də hökumət ya borclanmaya getməlidir, ya da sərbəst qalıq tam sərf olunmalıdır. Hökumət də xarici borclanmaya getmək riskindən yayınaraq daxili borclanmaya üstünlük verir. 2021-ci ildə daxili borclanma çox yüksək həcmdə olub. Bu borclanma cari ildən etibarən büdcədə ciddi faiz ödənişi xərcləri yaratmaqdadır”.

Bəs hökumət kəsirsiz büdcə planlaşdıra bilərmi? Ekspert bildirir ki, bunun üçün dövlət büdcəsi xərclərində səmərəliliyi artırmalıdır: “Dövlət büdcəsi xərclərində səmərəliliyi təmin etmək üçün ciddi islahatlara gedilməlidir. Xüsusilə kommunal təsərrüfatı sektorunda çalışan iri dövlət şirkətlərinin büdcəyə yaratdığı böyük xərclərdən qurtulmaq üçün bu sektorda kəskin sağlamlaşdırma həyata keçirilməlidir. Büdcə xərclərinin səmərəliliyini təmin etmək üçün həm də hökumət nəticə əsaslı büdcəyə keçməlidir. Təəssüf ki, neçə illərdir bu barədə qərar verilsə də, keçid hələ də baş tutmayıb. Büdcə vəsaitləri məqsədli proqramlar əsasında bölüşdürülməlidir. Düşünürəm ki, biz buna keçə bilsək, kəsirsiz olmasa da, daha az kəsirli büdcə planlaşdırmasına nail ola bilərik”.