Milli Məclisdə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edildi

İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Spiker Sahibə Qafarova əvvəlcə Milli Məclis nümayəndə heyətinin Qazaxıstana səfəri, TürkPA-nın toplantısı, keçirilən görüşlər barədə danışdı.

Bildirdi ki, səfərdə məqsəd Türkdilli Ölkələrin Parlament Assambleyasının 11-ci plenar iclasında iştirak etmək idi: “Qeyd etdim ki, ötən ilin noyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən 8-ci Zirvə Görüşündə alınan mühüm qərarlar, o cümlədən bu əməkdaşlıq və tərəfdaşlıq qurumunun ”Türk Dövlətləri Təşkilatı” adlandırılması türk dövlətləri rəhbərlərinin zamanın çağırışlarına adekvat münasibətinin növbəti təzahürü olub. Nəzərə çatdırdım ki, bu mənada, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına təkan verən amil kimi qiymətləndirilməlidir. Müharibədən sonra Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması, ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər haqqında da məlumat verdim. Bildirdim ki, artıq bu ildən etibarən keçmiş məcburi köçkünlərin öz evlərinə qaytarılmasına başlanacaqdır. Xüsusi vurğuladım ki, əldə edilmiş razılaşmalara uyğun olaraq, Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi bağlantısının bərpası və nəticə etibarı ilə ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi yolunda mühüm bir addım olacaq”.

Milli Meclis: Milli Məclisin iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib

Daha sonra  “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”  qanun layihəsinin müzakirəsi başlandı. Çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, təqdim edilmiş qanun layihəsində 2022-ci il dövlət büdcəsi gəlirlərinin 2 381.8 milyon manat artırılaraq 29 197.8 milyon manata, xərclərinin isə 2 424.8 milyon manat artırılaraq 32 303.8 milyon manata çatdırılması təklif olunur: “Dövlət büdcəsinin kəsirinin 43,0 milyon manat artaraq 3106,0 milyon manat məbləğində olacağı nəzərdə tutulur. Artırılan gəlirlərin 65%-i qeyri-neft, 35%-i isə neft gəlirləri hesabına formalaşacaq. Dövlət Vergi Xidməti xətti ilə yığılan vergilərin 2.9 milyard manat, Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmaların isə 345 milyon manat artırılması təklif olunur. Eyni zamanda Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1.192 milyon manat azaldılması nəzərdə tutulub. Dövlət büdcəsinin Əlavə gəlirləri qeyri-neft gərliləri hesabına – 1 351 mln. manat, əlavə neft gəlirləri hesabına 848 mln. manat, dövlət büdcəsində mövcud olan xərclər arasında yerdəyişmələrin aparılması hesabına 561 mln. manat, avtomobil yolları və ətraf mühitin mühafizəsi üzrə məqsədli büdcə fondlarının 2022-ci ilin əvvəlinə qalıqları hesabına müvafiq olaraq 181 mln. manat və 2.3 mln. manat, dövlət büdcəsinin kəsirinin genişləndirilməsi hesabına 43 mln. manat təşkil edəcək”.

Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirdi ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək. O qeyd etdi ki, maliyyə vəsaitinin böyük əksəriyyəti əmək pensiyaları üzrə maddi yardıma əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi üçün sərf ediləcək. M.Quliyev dedi ki, uşağın anadan olmasına görə müavinətlərə ayrılan vəsaitin daha 4 milyon manat artırılaraq 24 milyon manata çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, bu artım uşağın doğulmasına görə müavinətin məbləğinin bu ilin əvvəlindən 200 manatdan 300 manata çatdırılması ilə əlaqədardır. Bildirildi ki, dəyişikliklər nəticəsində Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 5606,3 milyon manat təşkil edəcək, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 299,5 milyon manat və ya 5,6 faiz çoxdur.

Müzakirələr zamanı çıxış edən komitə sədri Siyavuş Novruzov bəzi təkliflər verdi: “Seyid cəddinə arxayın olan kimi, neft və qazın qiymətinə arxayın olmamalıyıq. Yeni iş yerlərinin açılmasına və büdcəyə gəlir gətirən sahələrə diqqət yetirməliyik. Büdcə vəsaitlərindən də qənaətlə, düzgün istifadə etməliyik”. S.Novruzov müharibə veteranlarına verilən 80 manatlıq müavinətlərin 130 manata qaldırılmasını təklif etdi. Bildirdi ki, kommunal xidmət haqlarının artmasını nəzərə almaq lazımdır. “Birinci Qarabağ müharibəsi iştirakçıları ilə İkinci Qarabağ müharibəsi iştirakçıları arasında hər hansı ayrı-seçkilik yolverilməzdir. Birinci Qarabağ müharibəsində 4 il sərasər vuruşan oğullar var. Silahsız, hökumətsiz qoruyurdular Vətəni. Ona görə də onların arasında fərq qoymamalıyıq”, komitə sədri əlavə etdi.

Deputat Qüdrət Həsənquliyev dövlət büdcəsinin xərclərinin artırılmasını təqdir etdi: “Dövlət büdcəsi xərclərinin 32 milyard 333 milyona çatdırılması həqiqətən təqdirəlayiqdir… Hesab edirəm ki, bərpa ilə əlaqəli xərclər artırılmalıdır. Hər bir bərpa olunacaq yaşayış məntəqəsinə təcili olaraq, yollar, qaz, su, elektrik xətləri çəkilməlidir və imkanlı insanlara da şərait yaradılmalıdır ki, gedib öz dədə-baba yurdlarını bərpa eləsinlər. Bu məqsədlə Neft Fondundan əlavə olaraq, düşünürəm ki, 2 milyard manat vəsait ayırmaq mümkündür və mən bunu təklif edirəm”.

Q.Həsənquliyev ardınca digər vacib mövzudan bəhs etdi: “Vaxtilə mərhum prezident Heydər Əliyev tərəfindən 2003-cü il fevralın 1-də Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncam imzalanıb”. Deputat həmin sərəncamı oxudu. Ardınca hökumət üzvlərinin də iştirak etdiyi iclasda xitab etdi: ”Hörmətli sədr, hörmətli hökumət üzvləri! Mən hesab edirəm ki, bu gün binaların arasında gizlənmiş Xalq Cümhuriyyətinə qoyulmuş abidə nə Azərbaycan Xalq Cümhuriyyətinə, nə də Azərbaycan dövlətini dağılmaqdan qorumuş, Azərbaycanı dinc inkişaf yoluna keçirmiş Heydər Əliyevin sərəncamına yaraşmır. Ona görə də təklif edirəm ki, büdcədən vəsait ayrılsın. Bizim həm Nəsimi rayonunda, həm Yasamal rayonu ərazisində xarabalıqlara bənzəyən birmərtəbəli, köhnə üslubda inşa edilən binalar var. 2 hektar torpaq alınsın, Bakıda yeni parkların salınmasına çox böyük ehtiyac var. Yeni bir Cümhuriyyət parkı salınsın və orada da Cümhuriyyətə yeni bir abidə ucaldılsın. Bundan başqa, nəzərinizə çatdırım ki, 1982-ci ildə mərhum prezident Heydər Əliyev Hüseyn Cavidin nəşini Azərbaycana gətirdib. Mən təklif edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin baniləri Məhəmməd Əmin Rəsulzadənin nəşi Ankaradan Bakıya gətirilsin, Fəxri Xiyabanda bizim digər dövlət və ictimai-siyasi xadimlərlə birlikdə dəfn olunsun. Topçubaşovun – Azərbaycan Parlamentinin sədrinin nəşi Parisdən Azərbaycana gətirilsin. O, həm də Paris Sülh Konfransında Azərbaycan dövlətinin de-fakto tanınmasında müstəsna rol oynamış bir şəxsdir. Eyni zamanda Azərbaycanın ilk baş naziri Fətəli xan Xoyskinin də nəşi Tiflisdən Azərbaycana gətirilsin. Yəni biz təkcə abadlığa, quruculuq işlərinə deyil, həm də mənəviyyatımızın yüksəldilməsi üçün vəsait xərcləməliyik”.

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən bəzi deputatlar 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər nəticəsində neftin bir barelinin qiymətinin 50 dollardan 85 dollara qaldırılmasının riskli olduğunu bildirdilər. Bəzi deputatlar çıxışlarında neftin qiymətinin 75 dollardan götürülməsi təşəbbüsü ilə çıxış etdilər.

Bu gün Milli Məclis Amnistiya Aktını müzakirə edəcək

Maliyyə naziri Samir Şərifov isə bu fikirlərə cavabında narahat olmamağı tövsiyə etdi: “2022-ci ilin beş ayında ”Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub. 5 ay ərzində daxil olan vəsaitləri və növbəti 7 ayı üzrə daxil olacaq vəsaiti nəzərə alaraq, neftin bir barelinin orta qiymətinin 85 dollar götürülməsi məqsədəuyğundur”.

Müzakirələrdən sonra Milli Məclis “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Qanunu qəbul etdi.

Qeyd edək ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz (969,3 milyon manat) çoxdur. Keçən il dövlət büdcəsinin xərcləri isə 27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz (1 120.6 milyon manat) az olub. Müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz azdır.

İclasda Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. İnvestment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişə dəyişikliklər müzakirəyə çıxarıldı. Layihəyə əsasən, Sazişin adı dəyişir və “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad Qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı, pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. İnvestment Group Services, LLC arasında saziş adlandırılır. Podratçı tam olaraq Söyüdlü mədən filiz yatağından imtina edir. Tərəflər qəbul edirlər ki, hər hansı minatəmizləmə əməliyyatlarının, hərbi əməliyyatların dayandırılmasına, sülh prosesinə və təhlükəsizlik tədbirlərinə baxmayaraq minaların və partlamamış hərbi sursatların olması və düşmən hərəkətlərin edilməsi (hərbi, terror və digər hərəkətlər daxil olmaqla) riski Vejnəli mədən filiz yatağı, Qızılbulaq mədən filiz yatağı və Dəmirli mədən filiz yatağının müəyyən ərazilərində mövcud ola bilər. Podratçı Vejnəli mədən filiz yatağı, Qızılbulaq mədən filiz yatağı və Dəmirli mədən filiz yatağında minatəmizləmə əməliyyatlarını həyata keçirmək hüququna malikdir, lakin bu öhdəlik daşımır. Podratçının imtina etdiyi Söyüdlü mədən filiz yatağı Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir. Sazişdə əksini tapan Qızılbulaq mədən filiz yatağı Kəlbəcər rayonunun Heyvalı kəndi (keçmiş Ağdərə rayonu) yaxınlığında, Sazişə yeni əlavə olunan Dəmirli mədən filiz yatağı isə Tərtər rayonu Dəmirli kəndində – keçmiş Ağdərə rayonu – ərazisində yerləşir.

Komitə sədrləri də dəstək fikirlərini ifadə etdikdən sonra layihə səsverməyə çıxarılaraq yekdilliklə qəbul edildi.

“Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında” Memorandumun təsdiq edilməsi barədə” qanun layihəsi də qəbul edildi. Layihəyə əsasən, Azərbaycan və Qırğız Respublikaları arasında dövlət başçıları səviyyəsində Dövlətlərarası Şura təsis ediləcək.

Parlament memoranduma əlavə olunan “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurası haqqında Əsasnamə”ni də təsdiq edəcək.

İclasda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Qanununun layihəsi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi,  “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi ikinci oxunuşda təsdiq edildi. Qeyd edək ki, sözügedən layihələrdə maaş artımı nəzərdə tutulur. Daha çox müzakirə predmeti olan deputatların maaşı barədə danışılarkən bildirildi ki, əvvəlki dönəmlərdə deputatlara ayrılan müavinət və digər ödənişlər vergidən azad edilirdisə, bu dəfə yalnız əmək haqqı hesablanacaq və vergi tutulacaq.

Bu gün, 29 iyunda qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.