03.08.2026 - 13:37
Dünya 18 baxış

Hərəkətsiz həyat tərzi və zülal: Gizli qocalma təhdidi?

Hərəkətsiz həyat tərzi keçirən şəxslərdə zülalın həddindən artıq qəbulu gözlənilən faydaları vermək əvəzinə, qocalma prosesini sürətləndirə bilər.

Minval.info xəbər verir ki, bu nəticəyə ABŞ-ın Viskonsin-Medison Universitetinin alimləri gəliblər. Tədqiqatın nəticələri “Cell Press Blue” jurnalında yayımlanıb.

Alimlər, zülal istehlakı ilə əlaqədar 350-dən çox elmi araşdırmanı təhlil ediblər. Nəticələr göstərir ki, aşağı zülallı qidalanma heyvanlar üzərində aparılan təcrübələrdə maddələr mübadiləsini yaxşılaşdırıb, iltihabı azaldıb və ömür uzunluğunu artırıb.

İnsanlar üzərində aparılan qısamüddətli tədqiqatlarda da oxşar nəticələr əldə olunub. İştirakçılarda qan şəkərinin səviyyəsi yaxşılaşıb, bədəndə yağ kütləsi və çəki azalıb. Bu dəyişikliklər qida rasionunun kalori miqdarı azaldılmadan müşahidə edilib.

Mütəxəssislər qeyd edirlər ki, zülalın azaldılması insulinə həssaslığı artıran və iltihabı zəiflədən FGF21 hormonunun səviyyəsini yüksəldir. Bununla yanaşı, hüceyrələrin böyüməsinə cavabdeh olan siqnal yollarının aktivliyi azalır, hüceyrələrin özünü yeniləmə mexanizmi isə daha səmərəli işləyir ki, bu da yaşlanma prosesini ləngidə bilər.

Araşdırmada metionin, izoleysin və valin amin turşularına xüsusi diqqət yetirilib. Bu maddələrin həddindən artıq qəbulu, xüsusilə az hərəkət edən insanlarda piylənmə, xroniki iltihab və yaşla bağlı xəstəliklərin riskini artıra bilər. Həmin amin turşuları əsasən ət, balıq, yumurta və idman əlavələrinin tərkibində yüksək miqdarda olur.

Ancaq alimlər vurğulayırlar ki, bu nəticələr hər kəsə şamil edilmir. İdmançılar, hamilə qadınlar, uşaqlar, travmadan sağalan şəxslər və əzələ kütləsini qorumağa ehtiyacı olan yaşlı insanlar üçün yüksək zülal qəbulu vacib olaraq qalır.

Tədqiqat müəllifləri bildirirlər ki, gündəlik zülal norması müəyyən edilərkən yalnız yaş deyil, insanın fiziki aktivlik səviyyəsi də nəzərə alınmalıdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: