Aprelin 27-dən ölkədə xüsusi karantin rejimi yumşaldıldı, bəzi dükanların fəaliyyətinə icazə verildi. Həmçinin indi SMS vasitəsilə 2 deyil, 3 saat küçəyə çıxmaq icazəsi var. Bununla da ölkənin bütün şəhər və regionlarında əvvəlki aktiv həyat qismən də olsa bərpa olunmağa başlayıb.

Azərbaycanın ikinci böyük şəhəri qədim Gəncədə də xüsusi canlanma hiss olunur. Havanın istiləşməsi bu canlanmanı daha da artırıb. Şəhərin mərkəzi küçələrində paltar, mebel, elektronika, kompüter dükanları, dəftərxanalar, surətçıxartma obyektləri, fotostudiyalar, eləcə də lombardlar yavaş-yavaş işlərini bərpa etməyə başlayıb. Lakin müşahidə etdik ki, bu tip dükanların fəaliyyətinə icazə verilsə də, bəziləri bağlı, bəzilərində isə hələlik hazırlıq işləri görülür.

Yaxınlaşıb dükanlardakı vəziyyəti öyrənməyə çalışdıq. Paltar dükanlarında, demək olar ki, yeni modellərə rast gəlinmirdi.

Satıcılarla söhbətləşdikdə bildirdilər ki, hələlik karantin tam ləğv olunmadığından yeni paltar gətirmək imkanları yoxdur.

Dükanlarda olan paltarlar da ötən il anbarda qalanlardır, hansı ki, satıcılar onları böyük endirimlə, dəyər-dəyməzinə satmağa çalışır. Məsələn, şəhərin mərkəzi küçələrindən biri olan Cavad xan küçəsindəki paltar dükanında istənilən paltarı 5 manatdan almaq mümkündür. Onların arasında həm böyük, həm də kiçiklər üçün geyimlər var. Buna baxmayaraq, həmin dükana girən alıcıların sayı az idi. Ümumiyyətlə, müşahidə olunurdu ki, dükanlar öz qapılarını açsalar da, müştəri sarıdan korluq var.

Alıcılardan biri ilə söhbətləşərkən bildirdi ki, tələbədir, özü üçün ayaqqabı almaq istəyir: “Bakıda universitetlərin birində təhsil alıram. Novruz bayramı ilə əlaqədar valideynlərimin yanına gəlmişdim. Ağlıma gəlməzdi ki, iki aya yaxın burada qala bilərəm. Ona görə də özüm ilə təxminən 1 həftəlik paltarlarımı götürmüşdüm. İndi isə havalar isinib, geyinməyə yaz ayaqqabım yoxdur. İki gündür şəhərin dükanlarını gəzsəm də, istədiyim kimi ayaqqabı tapa bilmirəm. Çünki bəziləri ya keyfiyyətsizdir, ya da ki, yaz geyiminə uyğun gəlmir”.

Digərlərinə nisbətən uşaq geyimləri satılan dükanlarda aktivlik hiss olunurdu.

Qeyd edək ki, kiçik dükanlar açılsa da, böyük ticarət mərkəzləri hələlik fəaliyyətə başlamayıb. Məsələn, “Gəncə Mall” ticarət mərkəzinin mayın 4-dən sonra açılacağı gözlənilir. Lombardlarda, büjiteriya dükanlarında da canlanma var idi. Qızıl mağazaları isə qapılarını açsa da, satıcılardan başqa kimsə gözə dəymirdi. Məlum məsələdir ki, toyların qadağan olunması bu sahəyə öz təsirini göstərib.

Nəqliyyatda isə sıxlıq müşahidə olunurdu. Yenidən yol kənarlarında taksilər sıraya düzülüb. Küçələrdə yaşlı, ahıl insanlara da, azyaşlılara da rast gəlmək mümkündür.

Bundan əvvəl şəhərin mərkəzi parkları xüsusi lentlə bağlanaraq, giriş-çıxışına qadağa qoyulmuşdu. İndi isə həmin lentlər aradan qaldırılıb, bu cür məkanlarda gəzişən cütlüklər gözə dəyir. Bununla belə, parklardakı skamyalar yenə də çevrilmiş vəziyyətdə qalmaqdadır.

Mütəxəssislər də dəfələrlə qeyd edir ki, xüsusi karantin rejiminin yumşaldılması pandemiyanın bitməsi demək deyil. İnsanlar hər zaman ehtiyatlı olmalı, izolyasiya qaydalarına əməl etməli, tibbi maska taxmalıdır. Lakin artıq bu qaydalara əməl edənlərin sayının azaldığı hiss olunur. Əgər bundan əvvəl apteklərdə tibbi maska ajiotajı yaşanırdısa, məlum olduğu kimi, bu problem aparılan tədbirlər nəticəsində aradan qaldırıldı və indi də tibbi maska, əlcək alanların, ondan istifadə edənlərin sayı azalmağa başlayıb.

Bunun da öz səbəbləri var. Bəziləri havaların isinməsi ilə koronavirus probleminin sovuşduğunu düşünür, bəziləri isə tibbi maskaların heç də virusun qarşısını almadığını əsas gətirir. Həmçinin sosial izolyasiya qaydalarına əməl edənlərin sayı kəskin azalıb. Mütəxəssislər həyəcanla bildirir ki, bu vəziyyət koronavirusa yoluxma dinamikasını artıra və nəticədə yenidən xüsusi karantin rejimi sərtləşdirilə bilər.

Lakin xüsusi karantin rejimi yumşaldılsa da, polis şəhərdə nəzarət-yoxlanış qaydalarını gözdən qoymur, avtobusları, şəxsi avtomobilləri saxlayaraq həm sürücüləri, həm də piyadaları araşdırır. Ümumiyyətlə isə, digər bölgələrdə olduğu kimi, Gəncədə də sakinlər mayın 4-nü, aktiv həyatın yenidən bərpa olunacağı günü böyük səbirsizliklə gözləyirlər – xüsusən də iş yeri Bakıda olanlar.

Doğrudur, aprelin 27-dən sonra bir sıra iş yerləri açılsa da, şəhərlərarası nəqliyyat hələlik fəaliyyətə başlamadığı üçün işləmək icazəsi olan və bölgələrdə qalan işçilərin böyük əksəriyyəti paytaxt Bakıdakı iş yerlərinə dönə bilmir. Yalnız şəxsi avtomobili olanlar geri dönmək imkanına mailikdirlər.

Xatırladaq ki, ölkədə karantin rejiminin mayın 4-də bitəcəyi gözlənilir.

“Yeni Müsavat”