“Bu gün Azərbaycan xalqının və dövlətimizin qarşısında duran ən vacib vəzifə işğaldan azad edilmiş ərazilərimizə qayıtmaqdır”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisdəki büdcə müzakirələrində deputat Fəzail Ağamalı söyləyib. Büdcə layihəsində sosial layihələr, pensiyalar və digər sahələrə vəsaitlərin ayrıldığını vurğulayan deputat qeyd edib ki, qalan bütün vəsait işğaldan azad edilmiş şəhər və kəndlərimizin abadlaşdırılmasına yönəldilməlidir: “Mənim də çoxsaylı təkliflərim var. Lakin düşünürəm ki, bu təkliflərin bu gün reallaşması mümkün deyil, həm də doğru deyil.

İnsanların o ərazilərə qayıdışını təmin etməliyik. Hətta hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərin abadlaşması üçün ayrılmış 2,2 milyardlıq vəsait yetərli deyil, əlavə mənbələrdən istifadə etməklə bu vəsait artırılmalıdır”.

F.Ağamalı deyib ki, Azərbaycan iki cəbhədə müharibə apardı: “Bu müharibənin hər ikisində hökumətimiz öz peşəkarlığını göstərdi”.

Hökumət üzvlərinin müharibə dövründəki fəaliyyətini yüksək qiymətləndirən deputat həmkarlarını mükəmməl şəkildə hazırlanmış büdcə layihəsinə səs verməyə çağırdı.