Bu gün saat 6-dan etibarən Bakı metrosu fəaliyyətini bərpa edib. Rəsmi məlumatda qeyd edilir ki, Bakı Metropoliteni pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirəcək.

Eyni zamanda metro stansiyalarına yalnız yaşayış yerini SMS-icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir. Sərnişinlərin tibbi maska taxmadan metropolitendən istifadə etməsi qadağandır.

Bəs metroda bu qaydalara necə əməl edilir?

Musavat.com-un əməkdaşı metro stansiyalarındakı vəziyyətlə tanış olub.

Stansiyalara giriş qapısının həm içərisində, həm də bayırında polislər dayanıb. Bayırdakı polislər insanların içəri maska ilə daxil olmaları üçün nəzarət edirlər. İçəridə isə sərnişinlərin sənədləri yoxlanır, onların müvafiq qaydada icazə alıb-almadığı müəyyənləşdirilir. “BakıKart”a gediş yükləmək üçün nəzərdə tutulan aparatların qarşısında yerə xəbərdarlıq işarəsi vurulub. Bu işarələrdə insanlara məsafə saxlamalı olduqları xatırladılır. Eyni zamanda terminal aparatlarının qarşısında da eyni işarələri görmək olur. Bundan əlavə, turniketlərin qarşısında, pilləkənlərdə, platformada insanlara məsafə saxlamalarını xatırladan işarələr vurulub.

Qatara daxil olub, bir neçə stansiya getdik. Müşahidə etdik ki, qatarların oturacaqlarında bir yer ara məsafəsi saxlamaqla oturmağa icazə verilir. Bunun üçün bir oturacaqların da üzərində insanlara xatırladıcı işarələr yapışdırılıb.

Metroda sərnişinlər də məsafə saxlayırlar. Müşahidə etdik ki, metro stansiyalarında şənbə günü olmasına baxmayaraq xeyli sərnişin var. Onların hər birinin ağzında maska var idi.

Bundan əlavə, metro qatarları da ən güc 2 dəqiqə 20 saniyə olmaqla gəlirdi. Bəzi hallarda isə interval 2 dəqiqədən də az olurdu.

Metro əməkdaşları bildirdilər ki, həm platformalar, həm də qatarlar dezinfeksiya edilib və bu, mütəmadi olaraq davam etdirilir.

Sərnişinlərlə söhbətimiz zamanı onlar metronun fəaliyyətinin bərpa olunduğundan razılıqlarını ifadə edərək bildirdilər ki, son günlər Bakı Nəqliyyat Agentliyi tərəfindən xəttə buraxılan avtobuslar kifayət etmir, sıxlıq yaşanır, küçədə bəzən saatlarla gözləməli olurdular. Hazırda isə bu cür problem yaşamırlar.