06.09.2026 - 20:42
Ölkə 16 baxış

Ət bahalaşır, kolbasa istehsalı sürətlənir

Azərbaycanda kolbasa istehsalı artmaqdadır. Ətin qiymətinin bahalaşması fonunda bu artım xüsusilə diqqət çəkir. 2026-cı ilin yanvar-iyul aylarında ölkədə 19 min 601 ton kolbasa məmulatı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12.4 faiz çoxdur. Avqustun 1-nə olan məlumata görə, hazır məhsul ehtiyatlarının 25.23 faiz azalması bazarda istehsal olunan məhsula tələbin də artdığını göstərir.

Minval.info xəbər verir ki, iqtisadçı Günay Hüseynova kolbasa məhsullarının tərkibinin yalnız ətdən ibarət olmadığını vurğulayır. O, istehlakçı davranışında dəyişikliklərin olduğunu və qlobal bazarda inflyasiya tempinin yüksəlməsinin idxal olunan məhsulların qiymətlərinə təsir etdiyini bildirir. Ətin qiymətinin mütəmadi artması nəzəri olaraq kolbasa və kolbasa məhsullarının qiymətinə də təsir göstərməlidir. Hazırda sümüksüz ətin qiyməti 20 manatdan yuxarı olduğu halda, kolbasa məhsullarının qiyməti təxminən 8-12 manat arasında dəyişir.

İqtisadçı bildirir ki, istehlakçı davranışına təsir edən digər amil kolbasa, sardelka, sosis və digər məhsulların hazırlanmasının daha rahat olmasıdır. Bu məhsulların istifadəsi istehlakçıya vaxt qazandırır. Bundan əlavə, idxal və yerli məhsulların qiymətlərini müqayisə etdikdə aralarında ciddi fərq olduğu görünür. Bu da təbii olaraq yerli istehsala tələbin artmasına şərait yaradır.

Sənaye mühəndisi Sayat Quliyeva isə Azərbaycanda kolbasa istehsalının artmasını bazarın tələbinə uyğun məhsul çeşidlərinin genişləndirilməsi və emal proseslərinin optimallaşdırılması ilə əlaqələndirir. O, müəssisələrin xammal tədarükünü optimallaşdırmaq, resepturanı düzgün balanslaşdırmaq və istehsal itkilərini azaltmaqla xərcləri kompensasiya edə biləcəyini qeyd edir. Hazırda 20-22 manat qiymətində olan ətlər kolbasa istehsalında istifadə edilmir. İstehsalda əsasən dondurulmuş və idxal olunan ətlərdən istifadə olunur ki, bu da xammal qiymətlərinin kəskin artmasının qarşısını müəyyən qədər alır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: