Ermənilər peyk bazarına girməyə çalışır. Ermənistan Prezidenti Armen Sarkisyan İsveçrənin Sürix şəhərində “Thales Group”un rəhbərlərindən olan Herve Dammannla görüşüb. Bu xəbəri “spacewatchch.global” saytı yayıb.

Sayt xatırladır ki, eyni məqsədlə tərəflər arasında 2019-cü ilin sentyabrında İrəvanda görüş keçirilmişdi.

O da vurğulanır ki, Cənubu Qafqazda nə Gürcüstanın, nə də Ermənistanın peyki var. Yalnız Ermənistanın geosiyasi rəqibi Azərbaycanın peyk sarıdan bəxti gətirib.

Azərbaycan 2013-cü ilin fevralında kosmosa dəyəri 233 milyon dollar olan Azerspace-1/Afrikasat-1a adlı ilk süni peykini buraxıb. Azərbaycan növbəti dəfə 2014-cü il iyununda “Azersky” adlı müşahidə peykini 157 milyon avro ödəyərək orbitə göndərib. Bu peyk ölkəmizin müdafiə və təhlükəsizliyinin təmin olunması baxımından xüsusi önəm daşıyır. “Azerspace-2” telekommunikasiya peyki isə 2018-ci ilin sentyabrında kosmosda qərar tutub. Dəyəri 190 milyon dollardır.

Yadima gəlir ki, hər dəfə Azərbaycan orbitə peyk buraxanda sosial şəbəkələrdə təlatüm yaşanırdı. Böyük çoxluq bunu süngü ilə qarşılayırdı. Bu addımı qəzəblə lənətləyənlər də vardı…

Gördüyünüz kimi, Ermənistan orbitə süni peyk buraxmaq üçün peyk bazarına girib. Peyk isə bahalı şeydir. Ona görə də Ermənistan yüz ölçüb bir biçməli olacaq.

Ən önəmlisi isə odur ki, Azərbaycan orbitə peyk buraxmaqla xeyli üstünlüklər əldə etdi. O cümlədən, hərbi sahədə. Orası da var ki, Azərbaycan süni peykə qoyduğu vəsaitin ən azı 60 faizini çıxarıb. Yəni kommersiya baxımından da bu, sahəyə kapital qoymağa dəyər…

Görəsən, ermənilər də süni peykə sahib olmaq eşqinə düşən Ermənistan iqtidarını yıxıb-sürüyəcəkmi? Düşünmürəm. Ermənilər başa düşürlər ki, süni peyk strateji önəmi olan bir məsələdir, ən azı bu səbəbdən ortada olan boşluğu mümkün qədər tez doldurmağa çalışmaq lazımdır. Onsuz da gecikiblər. Bu gecikmə isə Ermənistana baha başa gələ bilər.

Bir anlığa düşünün ki, müxalifətin yönləndirdiyi əks-təbliğat nəticəsində Azərbaycan iqtidarı orbitə süni peyk buraxmaq fikrindən vaz keçəydi. Bu, bizim xeyrimizəmi olardı? Düşünmürəm. Əksinə, Ermənistan qarşısında mövcud olan üstünlüklərimizin bir hissin itirərdik.

Nyu-York ştatının qubernatoru olmuş Eliot Spitzer elə ona gör də deyirdi ki, mütərəqqi addımları atmaqdan çəkinmək, onları təxirə salmaq inkişafın düşmənidir. Nə yazıq ki, bizim məmləkətdə inkişafa, tərəqqiyə müxalif olanlar çoxdur. Və nə yaxşı ki, bütün təzyiqlərə baxmayaraq bu kimi layihələri burub-büküb sandığın bir küncünə atmadılar. Yoxsa indi biz də ermənilər kimi süni peyk bazarında münasib satıcı ovuna çıxmaq zorunda qalacaqdıq.

Özü də bizim vətəndaşımız təkcə süni peykə dodaq büzmədi, eyni mənzərəni biz Formula-1 yarışları ilə bağlı da müşahidə etdik. 2012-ci ildə Bakıda Avroviziya Mahnı Müsabiqəsi keçiriləndə də sosial şəbəkələrdə bu yarışı yaş yuyub quru sərənlərin sayı-hesabı itmişdi. 2015-ci ildə keçirilmiş Avropa Oyunlarına da çoxlarının ürəyini bulandırdı. Bakı Olimpiya Stadionu da eyni aqibətlə qarşılaşdı. Məhz həmin stadionda 2019-cu ildə UEFA Avropa Liqasının finalı keçirildi. Arsenal və Çelsi üz-üzə gəldi. Tarixdə ilk dəfə Bakı Avropa miqyaslı final oyununa ev sahibliyi etdi. Bununla bitmədi. Məhz həmin stadionda UEFA-2020 Avropa Çempionatının 3 qrup mərhələsi və 1/4 final mərhələsi keçiriləcək. Təbii ki, həmin stadionun tikintisinə qarşı əks-təbliğat kampaniyası aparan müxalifət nümayəndələri də eyni həvəslə Olimpiya stadionuna tələsəcəklər. Futbol ulduzlarını canlı seyr etməyin zövqü bir başqa.

O da sirr deyil ki, UEFA və ya FİFA istəsə belə nə İrəvanda, nə də Tbilisidə bu kimi oyunlar keçirə bilməz. Niyə? Çünki bu kimi oyunların keçirilməsi üçün adıçəkilən təşkilatların standartlarına cavab verən stadion olmalıdır. Nə Ermənistanın, nə də Gürcüstanın belə bir stadionu yoxdur. Yaxın gələcəkdə olacağı da gözlənilmir.

Kütlə psixologiyası mütərəqqi şeyləri qəbul etmək gücündə deyil. İki ayağını bir başmağa dürtüb tərslik edən müxalifətin formalaşdığı ölkədə zatən başqa cür ola da bilməz. Ancaq indi dönüb geri baxanda əminliklə deyə bilərik ki, bütün söz-söhbətlərə rəğmən bu kimi layihələrin həyata keçməsə ölkəmizin inkişafına, beynəlxalq arenada tanınmasına ciddi təkan verdi. Ona da əminəm ki, Azərbaycan bu istiqamətdə görə biləcəyi işlərin əhatə dairəsini daha da genişləndirməlidir.
Corc Bernard Şou deyirdi ki, inkişaf dəyişiklik olmadan mümkün deyil, öz düşüncəsində dəyişiklik edə bilməyənlər ciddi dəyişikliklərə imza ata bilməzlər. Bu mənada hamımız-iqtidar da, müxalifət də, onlara simpatiya və ya antipatiya bəsləyən xalq da dəyişməlidir. Zamanın çağırışı belədir: Dəyişməliyik və bunun üzərindən Azərbaycanı da dəyişməliyik.

Xeyli müddətdir ki, ölkəmizdə dəyişikliklər gedir. Ortada bu prosesin davamlı və dönməz xarakter almasını istəyən iradə də var. Hazırda qızğın dövrünü yaşayan parlament seçkiləri prosesi də Azərbaycanda gedən siyasi dəyişikliklərin əsas elementlərindən biri kimi xüsusi diqqətə layiqdir. Heç şübhəsiz ki, yeni hökumətə dəstək verəcək yeni parlament ölkəmizin inkişafına öz töhfəsini verəcək.

Onu da əminliklə deyə bilərəm ki, inkişafa, mütərəqqi dəyişikliklərə can atan Azərbaycan Dağlıq Qarabağ probleminin həllində də öz mövqeylərini xeyli gücləndirəcək. Sirr deyil ki, bu məsələdə bizim iradəmizdən kənarda olan xeyli amillər var. Qədim hind atalar sözündə deyilir ki, biz küləyin istiqamətini dəyişmək gücündə deyilik, amma gəminin yelkəninə yön verməklə istədiyimiz mənzilə çata bilərik. Yəni, biz öz əlimizdə olan, bizim iradəmizdən asılı olan işləri keyfiyyətli şəkildə görə bilsək, qarsısın almaq gücündə olmadığımız küləklərin müqavimətinə baxmayaraq öz hədəfimizə-varmaq istədiyimiz nöqtəyə çata bilərik…

Müsəlman Şərqi elm və mədəniyyətdən uzaqlaşdı və bütün dünyanın heyrətlə izlədiyi və 5 yüz il davam edən intibah dövrünü əldən verdi. Qərb isə əksinə, intibah dövrü yaşamış İslam aləmindən nümunə götürərək elm və mədəniyyətə qucaq açdı, mütərəqqi ideyaların dalınca getdi, nəticədə dünyanın sahibinə çevrildi. Mütərəqqi ideyaların dalınca getməyin alternativi yoxdur. Unutmayaq, öz yelkənizmiz öz əlimizdədir. Bundan sonra yelkənə yön verməkdə səhv etməyə isə heç bir haqqımız yoxdur.