Təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin yeni “qaynar xətt” yaratması ilə bağlı açıqlamalarına münasibət bildirib.

Minval.info xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert qeyd edib ki, Təhsil Nazirliyi yeni “qaynar xətt” yaratmağı düşünür:

“Təzəsini yaratmağa ehtiyac yoxdur, “146” “Qaynar xətt”i var. Sadəcə olaraq elektron ünvanınıza, “qaynar xətt”inizə gələn müraciətlərə baxmaq lazımdır. Yenisi üçün niyə büdcə vəsaitini sərf edirsiz ki? Buna sərf olunacaq vəsaitə nə qədər qonaqlıqlar vermək olar, şəkil çəkdirmək olar”.

Kamran Ağayev ironiya ilə bildirib ki, məktəblərdə baş verən neqativ hallardan xəbər tutmaq üçün Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur: “Mən sizin elektron ünvanınıza bu barədə kifayət qədər məlumat dəfələrlə yollamışam. Sadəcə olaraq görməzlikdən gəlmisiz, sizə məsləhət verənlərə inanmısız, onları doğru saymısınız. Mən dəfələrlə sizə yazdım, dedim ki, gəmidə artıq yük var. Hətta “Nuh” da öz gəmisinə artıq yük götürmədi”.

Daha sonra ekspert Təhsil Nazirliyinə ağır ittiham irəli sürüb: “Qapı – qapı gəzib TV-lərə, saytlara, universitetlərə mənimlə əlaqə saxlamamağı, əməkdaşlıq etməməyi dediniz. Yenə də söyləyirəm, əgər gəminizdəki artıq yükləri atmasanız, yaxın keçmişin trend mahnısı yenidən gündəm olacaq: “Bu qədər asandırmı çıxıb getmək?””.