Əməkdaşımız Ərdəbildə həkim müayinəsinin, dərmanların qiymətlərini öyrənib; buradakı “makler” şəbəkəsi azərbaycanlı xəstələri klinikalara daşıyır…

– Mən bimərəm, xəstəyəm bala, bu da əlillik vəsiqəm, həkimə gedirəm.

– Keçin xanım, keçin. Həkimə gedən, xəstəsi olan başqa kim var?

Azərbaycanın İranla olan Astara sərhədində bizim gömrükçülər sağlam vətəndaşlarla klinikalara gedənlər arasında fərq qoyurlar, onları başqa piyada xəttindən buraxırlar.  Fəqət bu qayda hamıya şamil olunmur. Əgər əlillik vəsiqəsini göstərə bilməsən və yaxud taqətdən düşmüş ovqatda görünməsən, əlində bir yük görsələr hamı kimi sıxlığın içində növbə ilə sərhədi keçib İrana getməlisən.

Həkim qəbulu 16:00-dan başlanır

Bizim səfərimiz Ərdəbildə klinikalardan birinəydi. İrana heç vaxt getməyən oxuculara agah olsun ki, yalnız müayinədən keçib dərhal qayıtmaq istəyirlərsə, sərhədi səhər tezdən keçməyə ehtiyac yoxdur.

Çünki xeyli gözləməli olacaqlar. İranda özəl klinikalarda xəstə qəbulu saat 16:00-dan başlanır və ona qədər doktorlar dövlət xəstəxanalarında xidmət göstərirlər. Dövlət xəstəxanaları isə yalnız İran vətəndaşlarının üzünə açıqdır, bizim yox…

Onlarda tibbi sığorta olduğuna görə iranlılar dövlət xəstəxanalarında pulsuz müayinədən keçirlər, əməliyyat olunurlar və s. Həkimlər dövlətin tibb müəssisələrində iş saatı bitdikdən sonra əməkdaşlıq etdikləri özəl klinikalara üz tuturlar. Burada isə 16:00-dan axşama qədər həkim qəbuluna düşə bilərsiniz.

Ərdəbilə 10 manata get və “MTN İrancell”ə qoşul…

Beləliklə, biz sərhədi keçib, İranın Astara şəhərinə daxil oluruq. Burada qarşımıza çıxan bir “batalyon” taksi sürücüsü Ərdəbilə, Təbrizə aparmağı təklif edir. Onların yaxasından qurtulmaq çətindir, amma mümkündür.

Bir mühüm nüansı nəzərə almağınız vacibdir ki, həkimə getmək üçün qabaqcadan Ərdəbil, yaxud Təbrizdə tanış adam tapın, o, əvvəldən adınızı növbəyə yazdırsın, çatanda klinikada gözləməyəsiniz.

Bu dəllallığı taksi şoferləri də görə bilirlər, di gəl müəyyən qədər zamanınız gedəcək. Biz Bakıda olarkən tanış “makler” tapmışdıq və bütün işləri İrana getməmişdən yoluna qoymuşdu.

İranın Astara şəhərindəki taksi sürücülərinə gəlincə, onlar sizə qiymət “oxuya” bilərlər, amma Ərdəbilə 10 manatdan artıq verməyin və deyin ki, “ağa, bizi apar Ərdəbilə, Sərçeşmədə düşəcəyik”. Sərçeşmə Ərdəbilin mərkəzi meydanıdır.

Bir haşiyəyə çıxaraq anons edək ki, İrana gedərkən onların mobil operatorlarından birindən kart alın, ucuzdur, rahatlıqla adamlara zəng edin, internetə qoşulun. Telefonunuzda “MTN İrancell” adı çıxanda həyəcanlanmayın, bizdəki “Azercell”, “Bakcell” kimi bu da onların mobil operatorunun adıdır.

Aşırımlarda şütüyən iranlı “Formula 1-çilər”…

Biz də şirin azərbaycanlı ləhcəsində danışan taksi sürücüsünə 10 manat verib, Ərdəbilə yola düşürük.

İran Astarasından Ərdəbilə 80 kilometr məsafə var, ancaq yollar o qədər də hamar deyil, üstəlik, yolun əsas hissəsi aşırımlardır, uzaqda isə başıqarlı Savalan dağları görünür…

Sizi aparan taksi şoferləri sözün əsl mənasında “Formula 1″ yarışçılarını geridə qoyarlar. Bizim üçün həddindən artıq riskli və təhlükəli sayılan bu cür avtomobil idarə eləmək onlarda adi bir haldır.

Sürücülər aşırımları elə bir sürətlə gedirlər, yük maşınlarının yanından elə bir ötmə əməliyyatları edirlər ki, adamın bağrı yarılır, fikirləşirsən ki, bu dəqiqə ya aşırımdan aşağı yuvarlanacaqsan, ya da qarşıdan gələn iri yük maşının altına girəcəksən.

Amma “Baba, narahat olma, biz hər gün belə sürürük, sən hələ qarın-buzun üstündə sürməyimizi görməmisən, yollara duz səpirlər, uçuruq”, – deyə, guya səni arxayınlaşdırırlar.

Ərdəbilə gedərkən yolboyu düyü sahələri, kombinatlar, istirahət mərkəzləri qarşımıza çıxır. Sürücü deyir ki, yayda dincəlmək üçün ailəvi gəlib günü 10 manata ev kirayələyənlər olur, dağların əhatəsində sərinləyirlər.

Yollarla bağlı bir təəssüratımız da odur ki, axşamlar hər tərəf işıqlıdır, qayıdarkən aşırımlarda heç bir əziyyət çəkmirsən. Bizdə isə gecə magistrallar alatoranlıq olur, göz-gözü görmür.

“İraqla müharibədən çox, avtoqəzada adam itirmişik”

Və nəhayət, aşırımlardan enib qaynayan, izdihamlı bir şəhərə daxil oluruq. Bura şəxsi maşınla gəlməyin, qarmaqarışıqlığın, nəqliyyatın xaosu içində başınızı itirərsiniz.

İranda avtomobil sürmək çox qəlizdir, nizam-intizamsızlıq hökm sürür, kim haradan istəyirsə dönür, dairəvi yola eyni vaxtda hamı girir və adama elə gəlir ki, bu dəqiqə maşınlar bir-birinə çırpılacaq.

Mən indiyə qədər getdiyim nə Gürcüstan, nə Türkiyə, nə Rusiya, nə də İraq şəhərlərində belə xaotik nəqliyyat görməmişdim.

Elə buna görədir ki, taksi sürücüsünün sözlərinə görə, İran İraqla müharibədən çox, avtomobil qəzalarında insan tələfatına yol verib.

Şəhər yol polisi isə tıxacların aradan qaldırılması üçün qeyri-adi sistem tətbiq edib. Belə ki, sarı rəngli avtomobillərin yoluna ağ rəngli maşınlar girə bilməzlər.

“Ağa, bax, qabaqdan gələn maşınların arasında bir dənə ağ rəngdə avtomobil görməzsən. Hər birinin öz yolu var.

Sarı maşınların yoluna girmək olmaz. Sən başqa yoldan girib evə, ya işə getməlisən ki, sarıların zolağına çıxmayasan”- deyə sürücümüz izah edir.

Onun sözlərinə görə, təhlükəsizlik kəməri taxmayan sərnişin cərimələnir. Bu da təxminən 30 manatdır. Şəhər isə səhərdən axşama kimi qaynayır, bazarlar, dükanlar açıqdır, insanlar yollarda, parklardadır…

Klinikalara xəstə daşıyan “makler”lər və tibbi sığorta…

Bütün bu müşahidələrin yekununda basabas, tıxac olan bir küçəyə daxil olub klinikaya gəlib çıxırıq. Bizə bələdçilik edəcək ərdəbilli balası tibb mərkəzinin qapısı ağzında gözləyirdi.

Orada onlarla belə “makler” işləyirlər. Bu şəxslər xəstə gətirdikləri üçün həm klinikadan pul alırlar, həm də müştəridən.

Həkim qəbuluna növbəsiz daxil oluruq, dediyimiz kimi, qabaqcadan adımızı yazdırmışdı. Yeri gəlmişkən, Ərdəbildə Astarada olduğu kimi,  Azərbaycan manatı tədavüldə deyil, çalışın ki, həmin güvəndiyiniz “makler” pulunuzu tümənə çevirsin.

Məsələn, bizdən 80 min tümən, yəni 10 manat alaraq həkim qəbuluna ödəniş edir. Müayinədən sonra həkim bizi başqa bir özəl klinikaya rentgenə göndərir.

Bələdçimizlə taksiyə minirik, 10 min tümən, yəni 1 manat verərək həmin klinikaya gedirik.

Burada 260 min tümən (təqribən 32 manat) ödəniş edərək yaxın adamımızı müayinədən keçirirlər və 15-20 dəqiqə ərzində nəticələr təqdim olunur.

Şəhərdə “Babək”, “Ərdəbil Meducal Center” və s. çoxlu klinikalar var. Diqqət çəkən mənzərə budur ki, İranın özəl klinikalarında “məzarlıq sükutu” var.

Çünki özləri dövlət xəstəxanalarında tibbi sığortadan istifadə edirlər. Klinikalarda isə ancaq Azərbaycandan gələnləri görmək olar. Tibb mərkəzlərinin binaları geniş, müasir avadanlıqlarla təchiz olunub. Bələdçimiz deyir ki, ayda 35 manat tibbi sığorta verirlər, müayinə, əməliyyat, doğuş və s. xərclər pulsuzdur. Üstəgəl, tibbi sığortaya verdikləri pullar gələcəkdə alacaqları pensiyaya müsbət mənada ciddi təsir göstərir.

Müayinə və dərman ucuz, diaqnoz düzgün…

Buradakı rentgen müayinəsinin nəticəsini geri qayıdaraq həkimə təqdim edirik və resept yazır. Bələdçimizlə elə klinikanın yanındakı aptekə daxil oluruq, cəmi 25 manat dərmanlara ödəniş edirik. Bir sözlə, bir saat ərzində iki müayinə, dərman xərcləri üst-üstə 65-70 manat edir. Bakıda isə özəl klinikalarda həkim qəbulu 35-40 manatdan başlanır və biz 95 manat kompüter tomoqrafiyasına ödədiyimiz halda Ərdəbildə eyni müayinəyə 32 manat verdik. Dərmanlara gəlincə, İran öz vətəndaşlarının tibbi sığortası olduğu üçün dərmanı özlərinə ucuz satır, bizə isə baha… Məsələn, iranlılar 5 manata aldığı dərmanı bizə 10 manata verirlər. Ancaq yenə də Azərbaycanla müqayisədə bizim üçün ucuz hesab olunur.

Bəzi dərmanların resepti yazılmasa, oradakı aptekdən sizə verməyəcəklər. Bir məsələni da nəzərə alın ki, İranda aptekdən dərman alarkən həkimin reseptini özünüzdə saxlayın.

Çünki geri qayıdanda Azərbaycan gömrüyünü keçərkən dərhal siqnalizasiya işə düşür, gömrük əməkdaşları üzərinizdə dərman olduğunu müəyyən edirlər və sizdən resept tələb olunur.

Resepti və dərmanları təqdim edirsiniz, əldəki cihazla yoxlanışdan keçirib sizi buraxırlar. Əgər resept olmasa, həmin dərmanlar aktlaşdırılır. Sizsə işinizi rahatlaşdırdığı üçün ərdəbilli bələdçiyə 10 manat zəhmət haqqı verib, “təşəkkür mi konəm” deyirsiniz, aşırımlı yollarla Ərdəbildən Astaraya yola düşürsünüz.

Beləliklə, azərbaycanlıların İran həkimlərinə niyə getməsi aydınlaşır: düzgün diaqnoz və ucuzluq. Ərdəbillilər demişkən, canınız ağrımasın, ağa…

Emil SALAMOĞLU,
Ərdəbil – Bakı