Dünyada ən populyar sosial şəbəkə olan “Facebook”un sahibi və baş direktoru Mark Zukeberq ABŞ prezidentliyinə keçmiş iddiaçı Bernie Sanderin bu mövqeyi ilə razıdır ki, dünyada milyarderlər olmalı deyil. Belə ki, Zukeberq öz əməkdaşları ilə sual-cavab axşamında söhbətləşib.

Suallardan biri belə olub: “Siz demokratların prezidentliyə namizədi olmuş Sandersin dünyada milyarderlərin mövcudluğunun düzgün olmadığı haqda sözlərinə necə yanaşırsınız?”

Bernie Sanders belə fikirlə özünün Tvitter-bloqunda çıxış etmişdi.

“Heç kimin bu qədər pula sahib olmağa haqqı yoxdur. Mən düşünürəm ki, nəsə yaxşı iş gördüyünüz üçün mükafatlandırılmalısınız, amma bu qədər sərvət cəmləmək məqsədyönlü və ədalətli deyil” deyə Mark Zukeberq bildirib.

Xatırladaq ki, Zukeberq bu yaxınlarda 40 yaşdan gənc ən varlı amerikalı elan edilib. “Forbes”in hesablamalarına görə onun kapitalı 70 milyard dollara yaxındır.

Mark Zukerberq

Facebook-un sahibi suala cavabında əlavə edib ki, onun indiki statusu xeyriyyəçiliklə məşğul olmaq üçün yaxşı imkan yaradır. O, pullarını gələcəkdə xəstəliklərin kökünü kəsmək üçün xanımı ilə birlikdə yaratdığı investisiya fonduna yatırır. Zukeber hesab edir ki, belə təşəbbüslərin dövlət tərəfindən maliyyələşdirilməsi onların inkişafı sürətini ləngidərdi, yaxud ümumiyyətlə belə layihələr mümkün olmazdı.

Qeyd edək ki, uzun illərdir dünyada iqtisadi balansın pozulması cəmiyyətlərdə bir çox sıxıntılara gətirib çıxarıb. Bəzən imkanı olan şəxslər, o cümlədən milyarderlər bu çətinliyə biganə qalmır, öz sərvətlərini elmə, incəsənətə, öldürücü xəstəliklərlə mübarizə edən təşkilatlara yönləndirirlər. Lakin bunu etməyən milyarderlər də var. Bəs Markın “Heç kimin milyarder haqqı yoxdur” ifadəsi nə dərəcədə doğrudur? Milyarderlərin olması cəmiyyətlərə neqativ yoxsa pozitiv təsir göstərir?

Psixoloq Elnur Rüstəmov mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Bütün məsələ tək qazanmaq deyil. Əsas məsələ bir insanın nə üçün qazanır söhbətidir. İnsan milyon da, milyard da qazana bilər və bu bir müddətlik də, uzun zamanlı da ola bilər. Lakin qeyd etdiyim kimi, əsas məsələ qazandığını idarə etməkdir. Dünya praktikasına diqqət edəndə görürük ki, milyarderlər fond yaradıblar, xeyriyyə təşkilatları qurublar və yaxud qazandığının bir qismini imkansız ailələrin uşaqlarının təhsilinə bağışlayır, onların sosial şəraitlərinin yaxşılaşdırmasına yönəldiblər. Yəni bu insana bağlı məqamdır və həmin statistikaya baxanda görürük ki, qazanan insanlar qazanmaqla bərabər öz dünya görüşlərinin inkişaf etdirilməsinə, özlərinin fərdi inkişafına, təhsillərinə mütəmadi olaraq yatırım edirlər. Yəni onlar üçün madiyyat bir vasitədir”.

Psixoloq vaxtilə Azərbaycanda da bu cür ənənə olduğunu xatırladıb: “Uzağa getməyək, Zeynalabdın Tağıyevin atdığı addımlar, Qızlar Seminariyasını yaratması , bir çox insanların təhsil almasına yardımçı olması faktları var. Yəni xeyriyyəçilik faktları Azərbaycanda da olub. Sadəcə indi bunu təşviq etmək, qabartmaq lazımdır. Belə olan təqdirdə düşünürəm ki, Azərbaycanda olan milyarderləri müəyyən sosial layihələrə, incəsənət və elmin inkişafına cəlb etmək olar. Doğrudur, bu gün bunu edənlər var. Lakin daha çox təşviqat işləri olsa, daha çox olar. Çünki bu gün imkansızlıqdan təhsil ala bilməyən çoxlu sayda gəclərimiz var ki, onlara mütləq dəstək olmaz lazımdır”.

Qeyd edək ki, dünyada milyonlarını xeyriyyə işlərini xərcləyən bir çox milyarderlər var. Onlardan biri də Bill Geytsdir. Geyts 80 milyard dollarlıq sərvətinin yarısını xeyriyyə üçün xərcləməyə söz verib. Bu gün isə ianələrin böyük bir qismini elm üçün edir. O, uşaq iflici, malyariya və vərəm kimi bütün dünya üçün olduqca təhlükəli olan xəstəliklərlə mübarizə üçün 10 milyard dollardan çox ianə bağışlamışdı. Onun həyat yoldaşı Melinda Geyts də öz növbəsində olduqca xeyirxah biri olaraq tanınır.

“Ebay”ın qurucusu Pierre Omidyar sürətli bir formada varlanıb. O, özünü “ən çox həzz aldığım şey, bahalı və lüks avtomobilləri almaqdır” deyə ifadə edir. Omidyar 357 milyon dolların üzərində olan sərvətinin yarısını bağışlayacağını söz verib. Məşhur biznesmen sərvətinin böyük hissəsinin Pledgeyə verilməsini müəyyən edən müqaviləyə heç bir tərəddüdsüz imza atıb və 180 milyon dollar ianə bağışlayıb.

Ted Turner isə xeyriyyə cəmiyyətinə 2, 2 milyon ianə bağışlayıb.