Dünyada dəngələr yenidən qurulur. Gedən proseslər Azərbaycana da heç şübhəsiz ki, təsirsiz ötüşə bilməz. Yerləşdiyimiz bölgə “barıt çəlləyi”ni xatırladır. Qonşu dövlətlərimizdən Rusiya və İran, son olaraq da Türkiyə Suriyada əməliyyatlara start verməklə dünyadakı dəngələrin qurulmasında əsas iştirakçılara çevriliblər.

Belə bir şəraitdə Azərbaycanın nə etməli olduğu barədə sual meydana çıxır. Çünki cənub və şimal qonşumuz ABŞ başda olmaqla, Qərbin ciddi sanksiyalarına məruz qalır. Türkiyənin qətiyyətlə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Suriyada terrorçulara qarşı əməliyyatları davam etdirməsi onu sanksiya təhlükəsi ilə üz-üzə qoyur. Azərbaycanın isə ən çox investisiya yatırdığı ölkələr sırasında qardaş dövlət ön sıralardadır. Digər tərəfdən, Türkiyə daxil, Rusiya və İranla ticarət dövriyyəsi kifayət qədər yüksəkdir.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov məsələnin iqtisadi tərəfini bu cür izah etdi: “Bu gün yerləşdiyimiz region bütövlükdə dünyanın ən qaynar bölgələrindən birincisidir desək, səhv etmərik. Amerika ilə İran, Rusiya və Türkiyə arasında münasibətlərin bu qədər gərginləşməsi, Türkiyənin Suriya ərazisində məcburi hərbi əməliyyatlar aparması, bu əməliyyatların aparılmasına bir əli ilə hə deyib, digər əli ilə onun dayandırılmasını Türkiyədən tələb edən ABŞ və Rusiya ilə münasibətlərin getdikcə hədəqədən çıxması, regionda olduqca təhlükəli bir durumun yaranmasına aparan yoldur. Bu ölkələrin hər biri ilə Azərbaycanın həm iqtisadi, həm də digər səviyyədən olan yaxın münasibətləri var. Təbii ki, bizim xarici ticarət dövriyyəmizdə ilk iki yeri tutan Rusiya və Türkiyənin ABŞ-ın ciddi sanksiyalarına məruz qalması bu ölkələrlə əlaqələrimizə təsirsiz ötüşə bilməz.

Fikrət Yusifov ile ilgili görsel sonucu

Fikrət Yusifov: “Qabaqlayıcı tədbirlər barədə düşünməliyik”

Bu səbəbdən biz yaranmış vəziyyəti dərindən təhlil edib qabaqlayıcı tədbirlər barədə düşünməliyik. Bu gün idxal və ixracımızın daha da şaxələndirilməsi yaranmış vəziyyətdə ən doğru addımlardan hesab olunmalıdır. Biz bu durumda qonşu ölkələrdə baş verənlərə seyrçi kimi baxa bilmərik. Yaxın günlərdə Türkiyəyə qarşı ABŞ-ın daha ciddi sanksiyalarının tətbiq ediləcəyi gözlənilir. Bu sanksiyalar siyahısında qardaş ölkənin bank maliyyə sektoru da var. Deməli, türk lirəsi yenidən kəskin ucuzlaşa bilər. Bu isə bizim ixracatçılar üçün arzuolunan hal deyil”.

Elşən Mustafayev ile ilgili görsel sonucu

Elşən Mustafayev: “Baş verənlərə gecikmədən qiymət verilməlidir”  

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev isə siyasi tərəfdən danışdı: “Son günlər regionda gedən proseslər Azərbaycanın diqqət mərkəzində olmalı və baş verənlərə mütəmadi, gecikmədən qiymət verməlidir. Onsuz da son illər Suriya doğrudan da ”barıt çəlləyi”ni xatırladırdı. 4 ölkənin – ABŞ, Rusiya, İran və Türkiyənin bu regiondakı maraqları problemin nə dərəcədə təhlükəli olduğunu göstərir. Bu gün Türkiyənin Suriya ərazisində “Barış Pınarı ” əməliyyatlarına başlaması yaxın gələcəkdə böyük güclər arasında gərginliyin artmasına səbəb ola bilər. Ancaq digər dövlətlərdən fərqli olaraq Türkiyə yeganə dövlətdir ki, bu əməliyyatlara başlamağa haqqı çoxdur. Bu haqqı ona verən bir çox faktorlar var ki, kimsə bunu inkar edə bilməz. Ən əsası, uzanan Suriya probleminin fəsadları olaraq Türkiyə ərazisində 3.6 milyon suriyalı qaçqın var. Bu, iqtisadi durumunda zaman-zaman axsamalar olan Türkiyəyə milyardlarla dollara başa gəlir. Başqa tərəfdən, həmin qaçqınların içində terror təşkilatları ilə əməkdaşlıq edən, cinayətə meylli insanların olması da sirr deyil. Həmçinin Suriyanın Türkiyə ilə sərhəd ərazisində YPG, PKK kürd terror təşkilatlarının böyük əraziləri nəzarətdə saxlaması və həmin ərazilərdə terror dövlətini qurmaq istəkləri də birbaşa Türkiyənin milli təhlükəsizliyinə çox böyük təhdid idi. “Barış Pınarı” əməliyyatında əsas məqsəd həmin terrorçu quruplaşmaları məhv etmək, sərhəd boyu təhlükəsizlik zolağı yaratmaq və nəhayətdə suriyalı qaçqınları öz evlərinə qaytarmaqdır. Bu faktorların gücü o qədər böyükdür ki, nə ABŞ, nə Rusiya, nə də Bəşər Əsəd qarşı arqument qoya bilmir. Doğrudur, Avropa İttifaqı bunun əleyhinə çıxır və hər zamankı kimi ədalətsiz növbətçi bəyanatlarını verirlər.

Amma orada da fikirlər fərqlidir. Məsələn, Macarıstan, İspaniya açıq şəkildə əməliyyatlara dəstək verib. Məlumatlara görə, bir neçə Avropa İttifaqı ölkəsi də belə addım atacaq. Bütün bunlara rəğmən, böyük güclər Türkiyəni gələcəkdə daha güclü və təhlükəsiz dövlətə çevirə bilən uğurlu əməliyyatların keçirilməsində maraqlı deyillər. Bax əsas təhlükə də buradan yarana bilər. Burada vaxtilə bir-birinə qarşı olan güclərin müvəqqəti də olsa, gizli birliyinin şahidi ola bilərik ki, bu da müəyyən təxribatlar, çirkli kombinasiyalar şəklində özünü göstərə bilər. Türkiyəyə qarşı sanksiyaların tətbiq olunmasına gəlincə isə, hələlik bu, inandırıcı deyil. Maraqlı məqamlardan biri odur ki, Donald Tramp nə qədər hədələyici bəyanatlar versə də, əslində ordularını həmin ərazilərdən çəkməklə türk ordusunun hərəkətinə bir növ “yaşıl işıq” yandırmışdı.

Çünki ABŞ orduları ərazidə qalsaydı, nə hava zərbələri, nə də quru əməliyyatları olmayacaqdı. Burada görünür ki, bu əməliyyatlar ABŞ-la ilkin olaraq razılaşdırılıb, amma çox güman ki, bu razılaşma bəlli həddə qədər olub. Ona görə də Trampın açıqlamalarında hədələr məhz bu həddin keçilməməsinə hesablanıb. Ümumiyyətlə, hazırda ABŞ, İran, Rusiya və Bəşər Əsəd situasiyadan maksimim yararlanmağa çalışacaqlar. Bu istəklərinə Türkiyə mane olacaqsa, o zaman Türkiyəyə qarşı hansısa addımlar ehtimalları da var. Amma hələlik Türkiyə əməliyyatları uğurla davam etdirir. Azərbaycan da onu sona qədər müdafiə etməlidir. Bu gün Azərbaycan rəsmi olaraq Türkiyəni bu məsələdə dəstəkləsə də, bu dəstək bir bəyanatla bitməməlidir, davamlı olmalıdır. Açıq şəkildə bildirməlidir ki, terror dövlətlərinin yaranmasına imkan verilməməlidir. O cümlədən Qarabağda terror dövləti yaratmaq istəyən erməniləri PKK YPG ilə eyniləşdirməli və terrora qarşı hamının bir olmasına çağırış etməlidir”.