Yanvar ayının 27-də 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu Gəncə prospekti 52 ünvanında seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib.

Görüşdə Rauf Arifoğlu bildirib ki, bu ərazinin problemlərinə bələddir. Çünki indiyədək “Yeni Müsavat”ın əməkdaşları dəfərlərlə buradan şikayət əsasında reportajlar hazırlayaraq, problemlərə müvafiq qurumların diqqətini cəlb ediblər. Bu günə qədər ərazidəki insanlara çox faydasının dəydiyini bildirən deputatlığa namizəd bundan sonra da ərazidə yaşayanların problemini istisnasız olaraq həll edəcəyini vurğulayıb.

R.Arifoğlu eyni zamanda seçicilərinə bildirib ki, onu seçməklə Milli Məclisdə bir tribuna əldə edəcəklər. Onlardan gələn təklif və tapşırıqlar Milli Məclisdə səsləndiriləcək, aidiyyatı dövlət qurumları qarşısında qaldırılacaq.

Namizəd qeyd edib ki, bu əraziyə gələndən burada aktivlik var. Çünki qaldırılan bütün problemlər dərhal öz həllini tapır.

“Hansı problemi çəkib göstəririksə, dərhal həll olunur” – deyən R.Arifoğlunun sözlərinə görə, ərazidə yerləşən binaların istilik sistemi həllini tapacaq, eləcə də abadlaşdırma işlərinə yaxın günlərdə başlanılacaq.

Zirzəmilərə su yığılması, liftlərlə bağlı problemləri də diqqətdə saxladığını deyən namizədin sözlərinə görə, dövlət üçün ən gərgin məsələ narazı vətəndaşlardır: “Vətəndaş narazı olanda, üşüyəndə, yanvarda evində ağcaqanad olanda bu, artıq son həddir. Problemləri müvafiq qurumlara çatdırmışıq. Bu əraziyə böyük sərmayələrin yatırılması üçün sözlər verilib. 41 min seçicinin şikayətini çatdırmışıq”.

R.Arifoğlu deyib ki, həm yerli, həm də mərkəzi hakimiyyət mətbuatda gedən məsələlərə həssas yanaşır: “Bizim göstərdiyimiz problemləri dövlət də görür, operativ reaksiya verir. Biz bundan istifadə edərək, insanların sosial problemlərini, su, yol, istilik, dam örtüyü, zirzəmilərlə bağlı vəziyyəti, həyətlərdə abadlıq işlərinin görülməsini və sair məsələləri qaldırırıq”.

Namizəd həmçinin özünün seçki platformasından bəhs edərək, qarşıdakı 5 ildə ətrafındakı jurnalist ordusu ilə vətəndaşların yanında olacağını vəd edib. Onun sözlərinə görə, hazırda bu ərazi üzrə deputatlığa namizədlərdən müvafiq qurumlarla ən funksional münasibəti olanı özüdür: “Sizin problemlər barədə lazımi qurumlara, onların nümayəndələrinə vatsap üzərindən 14 namizəd yazsa, onlardan cəmi birinə cavab gələcək. O da mənəm. Çünki mənim digər namizədlərdən fərqli olaraq dövlət qurumları ilə media gücümə görə yaxşı münasibətlərim var və sözümü eşidirlər. Bu ərazinin, ərazidəki insanların dövlətə müsbət münasibətini bərpa edəcəyik”.

 

R.Arifoğlu hazırda ölkədə böyük dəyişikliklərin getdiyini və Xətai rayonunun da bu dəyişikliklərdən faydalanmasını istədiyini deyib.

Sakinlər bir media rəhbərinin onların seçki dairəsindən namizəd olmasından məmnun olduqlarını deyiblər və bundan yararlanmaq üçün onun deputat seçilməsinin vacibliyini vurğulayıblar. Onlar Rauf Arifoğlunun simasında hər şeyin dəyişəcəyinə inandıqlarını ifadə ediblər.

Daha sonra vətəndaşlar R.Arifoğlunu yaşadıqları binalardakı problemlərlə tanış ediblər. Bunların sırasında zirzəmilərə yığılan su, təmirsiz binalar, həyətlərdə uşaqlar üçün oyun meydançalarının olmaması da yer alıb.

Vətəndaşlar istilik və təbii qazla bağlı problemlərin olduğunu, kanalizasiya məsələsində çətinlik çəkdiklərini, həyətlərdə müəyyən problemlərin olduğunu deyiblər. Namizəd sakinlərin müşayiəti ilə onların evlərindəki problemləri görüb, onların həlli ilə bağlı müvafiq qrumlara müraciət edəcəyini deyib.

R.Arifoğlu isə ayın 29-da saat 19.00-da sakinləri Şəms mərasim evində keçiriləcək görüşə dəvət edib. O, bildirib ki, həmin görüşdə ölkənin ən tanınmış, televiziya ekranlarında insanların dərdinə çarə qılan jurnalistlər iştirak edəcəklər: “Gələcəklər və hərəsi sizin bir dərdinizi həll etmək üçün bizim yanımızda olacaqlar. Gəlin, iştirak edin, öz dərdinizi, problemlərinizi səsləndirin. Biz də medianın gücü vasitəsilə onların həllinə çalışaq”.

Vətəndaşlar isə sonda R.Arifoğluna onların problemləri ilə yaxından maraqlandığı üçün təşəkkür edərək, ondan bu problemlərin həllini istəyiblər.

Musavat.com