Hər kəsin üfunət iyindən burnunu tutaraq, üzünü turşudaraq, keçdiyi zibil qablarının yaxınlığında bir arabanın üzərində, altına yığılmış karton kağızları üzərində oturmuş təxminən 5 yaşlarında olan oğlan uşağı diqqətimi cəlb etdi. Onu buraya qədər sürükləyən səbəb nədir, yanında kimsə varmı deyə düşünərkən, başını zibil qutusuna salaraq, orada nə isə axtaran yaşlı adam dəydi, gözümə… 

Tələsik zibil sellofanlarını cırıb-tökür, əlinə keçən plastikləri, kartonları, dəmir içki qablarını arabanın üstündə, uşağın yanına qoyduğu kisələrə yığırdı. Uşaq isə tərpənmədən ətrafı izləyir, maraqlı nəzərlərlə yoldan ötənlərə baxır, özünə yönələn üzgün baxışları qarşılayırdı.

Yaxınlaşıb, onu bu duruma salan səbəbi soruşduqda yaşlı adam kədərlə başını buladı. Üzündə “guya danışsam nə dəyişəcək, sənə dərdimi niyə deyim ki…” ifadəsi vardı. Jurnalist olduğumu biləndə dilinin qıfılı açıldı, özündən, nəvəsindən, ailəsinin çətin durumundan bəhs etdi.

Məlum oldu ki, 1956-cı il təvəllüdlü Qurbanəli Hacıkərim oğlu Qocayev   Ağdamdan məcburi köçkündür. Elə yurd-yuvasından didərgin düşdüyü gündən həyat ona sərt üzünü göstərib. İndi yeganə gəlir mənbəyi zibil qutularından dəmir materiallı tullantıları toplamaq və kiloqramını 7-8 manata sataraq, çörəkpulu əldə etməkdir. Gündə 7-8 manat pul qazanan Qurbanəli dayının himayəsində əsəb xəstəsi olan həyat yoldaşı, iki nəvəsi, qızı və yeznəsi var.

Yeznəsi də maşın yumaqla gündəlik 5-10 manat qazanc əldə edir və bununla da kirayə qaldıqları evin aylıq pulunu ödəyir. Ailənin əsas yükü Qurbanəli Qocayevin üstündədir. Arabanın üzərindəki uşaq isə qızının 5 yaşında olan ikinci oğlu Cavid Zeynalovdur. Onun iki yaş özündən böyük olan qardaşı isə məktəblidir.

Qurbanəli dayı deyir ki, indi iş tapmaq çox çətindir, onun kimi yaşlı adamların isə ümumiyyətlə, üzünə baxan olmur. Qızının ailəsi kirayədə qalsa da, özü həyat yoldaşı ilə Binə rayonunda, məktəblərin birinin həyətində birotaqlı köhnə daxmada qalır.

Sənətinə, bacarığına gəlincə, həmsöhbətim sürücü olub, indi də sürücülük vəsiqəsi var. Sürücü kimi qazana bilmədikdə isə tikintidə fəhlə işləyib: “Tikintidə çox işləmişəm, ancaq orada da pul qazanmaq olmur. Ölənə qədər işlədirlər, pul almaq vaxtı çatanda isə deyirlər ki, pul yoxdur”.

6 nəfərlik ailənin bir nəfər də rəsmi işləyən üzvü yoxdur. Dövlətdən də hər hansı sosial müavinət və ya pensiya bu ailənin büdcəsinə gəlmir. Qəhrəmanımın ən böyük arzusu sosial yardım ala bilmək və həyat yoldaşının müalicəsinə dəstəkdir. Yaşına və bacarıqlarına uyğun iş olarsa, ən azından bu antisanitar mühitdən, zibil yığmaqdan xilas ola bilər.

Yardım etmək istəyən şəxslər üçün Qurbanəli Qocayevin əlaqə telefonunu da qeyd edirik: (+994) 70 832 06 52