Yanvar ayının 19-da seçkiqabağı təşviqat kampaniyası çərçivəsində 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu Əbilov küçəsinin sakinləri ilə görüş keçirib. 100-ə yaxın sakinin iştirakı ilə baş tutan görüşdə Rauf Arifoğlunun vəkilləri Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov, seçki qərargahının sədri Çingiz Özgür də iştirak ediblər. 

R. Arifoğlu görüşdə əhalini narahat edən problemlərdən bəhs edib, onların həlli üçün həm deputat, həm də Yeni Müsavat qəzetinin baş redaktoru kimi çalışacağını bildirib. Namizəd Əbilov küçəsində olan yol probleminin, qəzalı binaların olduğunu, dam örtüyünün, zirzəmilərin vəziyyətinin ürəkaçan olmadığını, həyətlərdə uşaqlar üçün şəraitin olmadığını qeyd edib. Abad həyət layihəsinin buraya gəlişinin zəruriliyini vurğulayıb. Həmçinin ərazinin marşrut problemini qabardan Rauf Arifoğlu bu problemin həlli ilə bağlı da aidiyyatı qurumlara müraciət olunduğunu, yaxın günlərdə problemin həllini tapacağını qeyd edib.

R. Arifoğlu həmçinin keçdiyi mübarizə yolundan, vətən uğrunda savaşından, rəhbəri olduğu qəzetin tarixi fəaliyyətindən bəhs edib. Vətəndaşlarımız üçün həssas olan Qarabağ problemindən bəhs edib, Milli Məclisdə təmsil olunarsa, bu problemi də diqqətdə saxlayacağını bildirib.

Namizəd, həmçinin özünün seçki platformasından bəhs edərək qarşıdakı 5 ildə ətrafındakı jurnalist ordusu ilə vətəndaşların yanında olacağını vəd edib. Ölkənin ən böyük media orqanına rəhbərlik etdiyini deyən namizəd bu bölgənin insanlarının problemlərini işıqlandırmaq və həllinə nail olmaq imkanlarından bəhs edib. Seçki prosesi dövründə Xətai rayonunda işıqlandırılan problemlərdən və görülən işlərdən danışıb.

R. Arifoğlu vətəndaşları narahat edən problemləri dinləməyə hazır olduğunu və onların həlli ilə bağlı vətəndaşların səslərini aidiyyatı qurumlara çatdıracağını bildirib. 50 nəfərdən çox peşəkar jurnalistdən ibarət böyük bir komandasının qarşıdakı 5 ildə Xətai 35 sakinlərinin yanında olacağını deyib.

R. Arifoğlunun çıxışları alqışlarla qarşılanıb. Sakinlər havanın soyuq və yağmurlu olmasına baxmayaraq namizədi tək qoymayıb, onun çıxışını dinləyib, problemlərini danışıblar. Sonda sakinlər də qeyd edib ki, problemlərinin həlli üçün öncə Abbasov Rauf Arifoğluna səs verməli, ona deputat səlahiyyətlərini qazandırmalı, daha sonra problemlərin həllini tələb etməlidirlər. Rauf Arifoğlu isə vurğulayıb ki, onun məqsədi nəinki seçildikdən sonra, elə seçkidən öncə də qəzet redaktoru kimi müəyyən problemləri həll etməkdir.

Namizəd həmçinin rəqibləri tərəfindən ona qarşı həyata keçirilən qara kampaniyadan bəhs edərək bildirib ki, qəsdən namizədlər arasına onunla eyni ad və soyadı daşıyan şəxslər salınıb. Burada məqsəd seçiciləri aldatmaq və səsləri bölməkdir. Seçiciləri isə onu Arifoğlu imzası ilə tanıdıqlarını və bülletendə məhz onun adını axtaracaqlarını, bu məsələdə diqqətli olacaqlarını bildiriblər.

Rauf Arifoğlu görünüş ardından alqışlarla yola salınıb. Namizəd həmçinin sakinlərin bir qismi ilə baş qərargaha doğru Sadıqcan 27 və Gəncə prospekti 46 küçələri ilə yürüş edib. Yürüş ərazidə yaşayan sakinlər tərəfindən də maraqla qarşılanıb. Yol boyu sakinlər Rauf Arifoğlu ilə görüşüb, ona problemlərini bildiriblər. Gəncə prospekti 35 ünvanında saklinlər binalarına təbii qaz və elektrik enerjisinin olmadığını deyiblər. Problemlər jurnalistlər tərəfindən qeydə alınıb.