QİSASÇILIQ HİSSİNİ ÜMUMXALQ MARAQLARI ADI ALTINDA GİZLƏTMƏK MÜMKÜNMÜ?

Bəri başdan deyək ki, əlbəttə, öz vətəndaş hüquqlarından istifadə etmək, siyasətlə məşğul olmaq, digər qanuni çalışma sahələrində özünü ifadə etmək Konstitusiyamızın verdiyi haqq və özügürlüklərdən olub, müzakirə mövzusu sayıla vilməz. O zaman bu planda müzakirə mövzusu və konkret olaraq bu yazını yazmağa vadar edən səbəb nədir? – Müzakirə mövzusu siyasətə qisasçılığı gətirmək çağırışıdır; qəbuledilməz olan dövlət idarəçiliyinə qisasçılıq iqlimi daşımaq istəyidir; öz hirs-hikkəni ümumxalq maraqları kimi qələmə verməkdir yolverilməz olan! – Elə başa düşürəm, söhbətin kimdən (nədən və nə üçün) getdiyi siyasi gündəmi izləyən vətəndaşlarımız üçün aşikardır. Keçmiş Səhiyyə naziri Əli İnsanovun “Amerikanın səsi” radiosuna bugünlərdə verdiyi müsahibəyə diqqət edənlər ümidvaram, bu müsahibənin ismarınclarına biganə deyil. – Biganə olmaq ona görə mümkün deyil ki, həmən-həmən çoxlu suallar yaranır? – Əgər Əli İnsanov zamanında nazir vəzifəsindən azad olmasaydı yaxud hakimiyyətdə başqa bir işdə çalışsaydı, hazırda tənqid etdiyi hakimiyyətin, siyasi kursun, idarəçiliyin bir nümayəndəsi, məmur olaraq öz iş-gücündə olacağı şübhə doğururmu? Şübhə doğururmu ki, hazırda tənqid etdiyi hakimiyyətin bir nümayəndəsi olaraq, müxalifətə qarşı durmayacaqdı? – Özü də, hakimiyyətin yüksək yetkililərindən fərqli (və özünəxas) olaraq, məhz yolverilməz ibarələrlə, tənqid yox, təhqirlərlə bildirməyəcəkdi fikirlərini?

Guya rəhbərlik etdiyi nazirlikdə hansı qanunsuz işlərə meydan açıldığı, mediada dəfələrlə işıqlandırılmış məslələr yaddaşlardan silinibmi? Bəs, bu istiqamətdə danılmaz keçmişi olan və o keçmişdən imtina etməmiş ( –sadəcə tənqidin (təhqirin) yönünü dəyişdirmiş) yaşlı akademik, guya ümumxalq maraqlarının ifadəçisi qiyafəsi geyməklə, kimi aldada bilər? Kimi aldada bilər ki, vaxtı ilə üzvü olduğu hakim komandadan uzaqlaşınca, keçmiş komanda yoldaşlarına yolverilməz sözlər söyləyən bu yaşlı insan, bugün təəssübkeşi kimi çıxış etdiyi müxalif qüvvələrlə də oyun oynamır? Nə müxalifətdə, nə iqtidarda dərin inam bəslənməyən yaxud bu inamı itirmiş bir yaşlı insana ən çox yaraşan nə olardı? – O olmazdımı, hirsə-hikkəyə həsr etdiyi enerjini, vaxtı, məsələn, elmi yeniliklərə həsr edə, hələ-hələ heç gizlədə bilmədiyi qisasçılq hissini demirəm… – Bir həkim kimi özü çoxundan yaxşı bilər ki, qisasçılıq hissi ilk növbədə o hisslərlə yaşaynın özünə ziyan vurur – sağlıq durumuna, qəbul etdiyi qərarlara və s..

Qisasçılıq hissi illa da əlçəkilməz, imtinaedilməz dərəcəyə yükəslibsə, o zaman ərazimizi işğal etmiş Ermənistan dura-dura başqa “qisas ünvanı” axtarmaq kimə yaraşıq verər? Əgər söhbət, keçmiş nazirdən, akdemikdən, yaşı yetmişin üzərində olan bir insandan gedirsə, o zaman belə məsələləri bilmirmiş kimi davranmaq… sadəcə və ən yumşaq şəkildə desək, qarşındakını sadəlöhv yerinə qoymaqdır.

Sözügedən müsahibədən bir azərbaycanlı kimi çox acı təəssüf hissi keçirdiyim məqamlardan biri də, işğalçı Ermənistanla bağlı deyilənlərdir. – Söhbətdən belə çıxdı ki, “bu iki xalqın günahı yoxdur” deməklə işğalçı ilə işğala məruz qalan tərəf bərabər tutulur, sanki ölkə xaricində kimlərəsə göndərmə edilir… Bunu qəbul etmək mümkünmü? – Bəlkə də, bir başqa yorumçudan bu barədə eşitsəydim, təsadüf sayardım, korrektə edilə bilərdi deyərdim və s. – ancaq xatırlayıram, Əli İnsanov nazir olarkən beynəlxalq tədbirdə iştirak üçün İrəvana getmişdi və döndükdən sonra ermənilər haqqında ilıq və nostalji yüklü müsahibə vermişdi… – nə bilim, artıq bizə qarşı nifrət hissi öləziyib-filan, sevgi hissi başlahabaşladır sayağı sözlərlə süslənmişdi o müsahibə… Budur, üstündən illər keçib, İnsanov yenə eyni mövqedəddir.

Bilirsiz, cəmiyyətimizin, cizgiləri var – ola bilsin, o cizgilər elan olunmayıb amma çoxumuz o yazılmamış qanunları bilirik, onunla yaşamağa çalışırıq, gücümüz çatdığı qədər o qanunlara sayğı duymaqdayıq. Bəs, bir keçmiş nazirin, keçmiş deputatın “əynimə kəfən geyib, mübarizə aparacam” deməsi nədən xəbər verir? – Belə bir mübarizə əzmi varsa (təkrarçılıq sayılmasın), o ərazi bütövlüyümüzün bərpasına, Azərbaycanın haqq səsinin yayılmasına, elm bayrağımızın yüksəldilməsinə, hətta, ən azından səmimi etiraflara həsr olunamlıdır yoxsa, kimlərisə şirnikdirib, meydanlara çıxararaq, öz hikkəsinə alət etməyə? Yaxud yerlibaz, yerlipərəst olmamışam deyərək, katibəsi, nə bilim, hansısa texniki personalının başqa rayondan olduğunu deməklə, ictimai fikri aldatmaq da nə? Nə qədər ağır da olsa, bu mövzuda eşitdiyim, səhihliyinə şübhə yeri olmayan bir hadisəni (hadisəsizliyi!) xatırladım sizlərə. – İnsanov nazir olan vaxtlar, rayonlarımızdan birinə iki yeni “Təcili yardım maşını” ayrılbmış və dərhal da rayona ismarınc gedib: nazir deyir, həkimlər də, sürücülər də, bizimkilərdən olsun, tez axtarın, adları bizə deyin, maşının birini də, konkret olaraq filan kəndə verin… – Mən eşitdiyim sözləri xeyli yumşaq, emosiyasız yazdım (yazdım ki, mənfi “nümunə”ni tirajlamayım) və bir azərbaycanlı, bir yazar olaraq yamaqdan belə utandım, necə ki eşitmək də, eşitdirmək də utandırıcıdır… Bəs belə ismarınclar verən akademik özü-özünə nə der, görəsən? – Mən şəxsən müsahibədə o yolverilməz hisslərdən arınıb-durulduğuna dair təsbit, etiraf, imtina görmədim. Bu, jurnalistə “konkret, rədd ol!” demək deyil; bu, Qafqazların ən güclü müstəqil media quruluşunu yaratmış insanı, bütün kollektivi ilə birgə təhqir etmək, dara düşüncə ondan üstüörtülü üzr istəmək, azadlığa çıxınca bir xeyli başqa havalar əsdirmək də deyil… Məncə, etirafın şəkli də, dərinliyi, üfüqü də fərqli olmaldır! – Bununçün ilk növbədə etirafın özü barədə düşünmək lazımdır, onu etməyə özündə güc tapmaq lazımdır. Bir həkim kimi də, bir insan kimi də, həqiqət libası geymək, Tanrı verən ömrü həqiqətlərə, sağlamlığa və sağlam fikrə həsr etmək lazımdır.

Siyasi partiya yaratmaqsa, durub-dururkən olmur, ideologiya olmalıdır ortada, ideoloji əsaslar olmalıdır. Əgər bir neçə il öncə qurduculuğunda iştirak etidyin partiya hakimiyyətdəsə və ilk Nizamnaməsində bugünədək köklü dəyişiklik etməyibsə, fərqli sayıla biləcək ideologiyalar da başqa partiyalar tərəfindən neçə illərdir gündəmdə tutulmağa çalışılırsa, bu, yeni partiya yeni ideologiyamı icad edəcək? – Əgər o ideologiyanın əsasları sözügedən müsahibədə səsləndirilən fikirlər içindəydisə, o partiyaya bu cəmiyyətin ehtiyacı olduğuna hansı arif inanar? – Belə çıxır ki, ideologiya axtarmağa, ideoloji əsaslar işləməyə ehtiyac duymadan, sadəcə öz şəxsi ambisiyalarından qurtula bilmədiyi üçün bir partiya yaratmaq yeniliklərə gətirib çıxaracaq, eləmi? – Bunu, bəlkə bir gənc edə bilər, bir təcrübəsiz edə bilər, amma yaşı 70-in üzərində olan bir insan bu qədər sadəlöhv ola bilməz; demək, partiya üzvlərini sadəlöhv saymalıdır…

Başında hiss-hikkəli insan duran sadəlöhvlərlə hara varılar?..

Əkbər Qoşalı,
Milli QHT Forumu İdarə Heyətinin üzvü