Bayram günlərində Bakıda yaşayan insanların bir xeylisi bölgələrə, rayonlara üz tuturlar. Bununla əlaqədar hər dəfə Bakı Beynəlxalq Avtovağzalında sıxlığın olması adi hala çevrilmişdi. Bu məqamdan isə işbazlar istifadə edir, gediş haqlarını qaldırıb, sərnişinləri narazı salırdılar. Bəs Ramazan bayramı ərəfəsində avtovağzalda vəziyyət necədir? 

Musavat.com-un reportyor qrupu Bakı Beynəlxalq Avtovağzalında olub, mövcud vəziyyətlə maraqlanıb.

Avtovağzalda olduğumuz zaman həmişəkindən fərqli olaraq avtobusların deyil, bilet kassalarının qarşısında növbənin olduğunu gördük. Əvvəllər sərnişinlər avtobusların qarşısına toplaşıb, dispetçerin bayramdan istfadə edib qaldırdıqları qiymətləri endirməyə çalışırdılar. Bu zaman təbii ki, mübahisələr də yaşanırdı. Necə deyərlər, insanların bayramı elə bəri başdan qara gəlirdi. İndi isə bu cür halla üzləşən sərnişinə rast gəlmədik. Əvvəldən biletlərini alan sərnişinlər avtobuslara yaxınlaşıb, biletdə göstərilən yerlərində əyləşirdilər. Eyni zamanda hazırda da bəzi bölgələrə bilet satışı davam edirdi. Xüsusilə də Quba, Qusar istiqamətinə gedənlər çox olduğu üçün bu bölgələrə biletin satıldığı kassaların qarşısında sıxlıq var idi. Sərnişinlərlə söhbətimiz zamanı onlar bildirdilər ki, günah özlərindədir:

“Yay aylarında Qusara gedənlər çox olur. Ona görə də adətən bileti əvvəlcədən alırıq. Bu gün isə bir qədər gecikdiyimiz üçün növbədə gözləməli olmuşuq”,-deyə Qusar sakini Kamran bildirdi.

Sərnişinlər söylədilər ki, biletlərin qiymətində hər hansı bir artım yoxdur, avtovağzalın rəsmi saytında göstərilən qiymətlərə uyğun olaraq biletlərini alıb, yola çıxırlar. Ölkənin qərb, cənub sərhədlərində yerləşən və buna yaxın bölgələrə adətən iri tutumlu avtobuslar işləyirlər. Həmin nəqliyyat vasitələrinə biletlər kassada satılır. Nisbətən yaxın olan mərkəzi aran zonasına isə mikroavtobuslar gedirlər. Bu mikroavtobuslara biletlər kassada satılmır. Sərnişin mikroavtobusa minən zaman dispetçer tərəfindən bilet ona təqdim edilir. Sabirabad, Saatlı, İmişli istiqamətinə gedəcək olan sərnişinlər avtobusların azlığından şikayətləndilər, bildirdilər ki, dünən də avtovağzalda xeyli gözlədikdən sonra mikroavtobus gəlib. Sərnişin çox, avtobus az olduğu üçün bir qism şəxs rayona gedə bilməyib…

Avtovağzalda müşahidə etdik ki, mühafizə və nəzarət sistemi də xeyli gücləndirilib. Hər mərtəbədə bir neçə mühafizəçi və nəzarətçi gəzərək, insanlara lazımı köməkliyi göstərir, təhlükəsizliyə nəzarət edirdilər. Bundan əlavə, sərnişinlər üçün gözləmə yerləri də dəyişdirilib. Bilet kassaları əvvəlkindən fərqli olaraq avtobusların bir neçə metr yaxınına gətirilib. Gözləmə skamyaları da kassalarıın yanında quraşdırılıb. Ona görə də sərnişinlər bilet almaqda, gözləməkdə çətinlik çəkmirlər.

Rəsmi məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi Ramazan bayramı ilə əlaqədar iyunun 4-dən 10-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Açıqlanıb ki, sərnişin sıxlığının tənzimlənməsi məqsədilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq.

Sərnişinlər yaranacaq suallarla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzi, kassaların yanında yerləşən məlumat bürosu və perron nəzarətçilərinə müraciət edə bilərlər. Səfər biletlərini reysin yola düşməsinə 10 gün qalmışdan başlayaraq avtovağzalın və Nizami küçəsi, 126a ünvanında yerləşən “Silkway” turizm şirkətinin kassalarından və onlayn qaydada “avtovağzal.az” saytı üzərindən əldə etmək mümkündür.