“Bank Avrasiya” ASC bu ilin I yarısını 1,6 milyon manat zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 2,6 milyon manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-iyun aylarında “Bank Avrasiya”nın gəlirləri 6,2 milyon manat (illik müqayisədə 5,3% az), xərcləri 3,4 milyon manat (7,7% az), xüsusi ehtiyatlara ayırmaları isə 4,4 milyon manat (16,6 dəfə çox) təşkil edib.

Bu il iyulun 1-nə “Bank Avrasiya”nın aktivləri 161,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,7% azdır. Bunun 91,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 20,6% böyüyüb.

Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 27,7% azalaraq 93,4 milyon manata, o cümlədən depozit portfeli 4,7% azalaraq 47,9 milyon manata düşüb, balans kapitalı isə 1,6% artaraq 67,8 milyon manata çatıb.

Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5%-i “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85%-lik, “Xalq Sığorta” ASC-nin 50%-lik səhmdarı), 37,5%-i “PDM Qrup” MMC-yə, 25%-i isə “Azbizneskom” MMC-yə məxsusdur.