Külli miqdarda narkotik dövriyyəsi və xuliqanlıqda təqsirli bilinərək 5 il 6 ay azadlıqdan məhrum edilmiş Kənan Tağıyev barəsində hökmdən verilmiş şikayətə baxılıb.

“Minval.info” APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırılan iş üzrə ittihamedici hökm tamamilə ləğv edilib.

Hakim Ramin Qaraqurbanlının sədrlik etdiyi məhkəmə heyəti cinayət işinin birinci instansiya məhkəməsində düzgün tədqiq edilmədiyi qənaətinə gəlib. Məhkəmənin qərarı ilə Kənan Tağıyev bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlu 2021-ci ilin sentyabr ayında gözəllik salonlarından birinə girərək oranın işçilərinə qarşı təhqiredici sözlər işlətdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Sonradan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən yayılan məlumata görə, şəxsi axtarış zamanı Kənan Tağıyevin üzərindən və yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə Kənan Tağıyev verilmiş ittihamlarla təqsirli bilinərək 5 il 6 ay azadlıqdan məhrum edilib.

“Minval.info”