Ev muzeyinin yerində, sürüşmə zonasında hündürmərtəbəli binanın tikilməsi gözlənilir.
Bir müddət əvvəl saytımızda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının ev muzeyinin baxımsız vəziyyətdə olmasına dair material yayımlanmışdı. Biz həmin vaxt rəsmi orqanlardan ev muzeyinin acınacaqlı vəziyyəti ilə bağlı açıqlama almağa çalışsaq da, müvafiq qurumlar suallarımıza konkret cavab verməkdən çəkinmişdilər. Sadəcə olaraq bildirmişdilər ki, ev muzeyi ilə bağlı yaxınlarda yekun qərar veriləcək və müvafiq tədbirlər görüləcək. Bugünlərdə isə artıq məlum olub ki, görkəmli ədibin ev muzeyi söküləcək və yerində hündürmərtəbəli bina tikiləcək. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birbaşa tabeliyində olan və Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 44 ünvanında yerləşən muzeyin üzərindəki lövhə çıxarılıb və tikilinin ətrafında hal-hazırda hasarlanma işləri aparılır. Nə qədər qəribə olsa da, söküntü işləri Cəfər Cabbarlının 120 illiyinin təntənəli surətdə qeyd olunacağı dövrə, yəni 2019-cu ilə təsadüf edir. Bakucity.az bu ziddiyətin səbəblərini araşdırıb.




