31.08.2026 - 20:37
Kriminal 34 baxış

Bakı və Abşeronda kişilər niyə zorakılığa məruz qalır?

2025-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 1 413 zərərçəkən qeydə alınıb. Bu zərərçəkənlərin 1 176-sı qadın, 222-si isə kişi olub ki, bu da kişilərin ümumi zərərçəkənlər arasında 15,7 faizini təşkil edir.

Minval.info xəbər verir ki, zərərçəkən kişilərin sayına görə ilk sırada Abşeron rayonu qərarlaşıb. Sonrakı yerləri isə Bakının Sabunçu və Xəzər rayonları tutur. Abşeronda 13, Sabunçu və Xəzər rayonlarının hər birində 12 kişi məişət zorakılığından zərər çəkib.

Psixoloq İlahə Məmmədova bildirir ki, bu vəziyyətin arxasında bir sıra iqtisadi, sosial və psixoloji amillər dayanır. Əsas səbəblərdən biri Bakı və Abşeronda əhali sıxlığının yüksək olması və sürətli urbanizasiya prosesidir. Müxtəlif regionlardan bura köç edən insanların sayının çoxluğu fərqli sosial-mədəni mühitlərin bir araya gəlməsinə səbəb olur. Yeni mühitə uyğunlaşmaq üçün vaxtın az olması, yüksək əhali sıxlığı və digər amillər qeydə alınan hadisələrin və zərərçəkənlərin ümumi sayına təsir göstərir.

Ekspert vurğulayıb ki, kişilərin məişət zorakılığına məruz qalması bütün hallarda zorakılığı törədən tərəfin qadın olması anlamına gəlmir. Bəzən ailədaxili münasibətlərdə qarşılıqlı psixoloji təzyiq uzun müddət davam edir. Kişinin susması, qarşı tərəfi görməzdən gəlməsi də qadın tərəfindən psixoloji təzyiq kimi qəbul oluna bilər. Yığılan gərginlik müəyyən mərhələdə fiziki qarşıdurmaya çevrilə və aqressiv davranışa səbəb ola bilər.

İ.Məmmədova Bakı və Abşeronun statistikada önə çıxmasının digər səbəbini bu ərazilərdə yaşayan kişilərin öz hüquqları barədə daha məlumatlı olması və hüquq-mühafizə orqanlarına müraciət etməkdən nisbətən az çəkinməsi ilə əlaqələndirib. Rayon yerlərində ‘el-aləm nə deyər’ düşüncəsi ilə gizlədilən ailədaxili münaqişələr böyük şəhərlərdə daha tez polis qeydiyyatına düşür. Digər tərəfdən, bölgələrdən paytaxt və ətraf ərazilərə köçən insanların yeni mühitə adaptasiya problemləri, böyük şəhər həyatının yaratdığı stress və sosial izolyasiya ailələrdə psixoloji dözümlülüyü azalda bilər. Bu isə aqressiv davranışlara və müxtəlif zərərli vərdişlərə meyli artıra bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: