Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Avstriya Respublikasının xarici işlər naziri Mixael Linhart ilə görüşüb.

Bu barədə Minval.info-ya Xarici İşlər Nazirliyindən bildirilib.

Ceyhun Bayramov iki ölkə arasındakı təmasların intensivliyini məmnunluqla qeyd edib. Regional səfəri çərçivəsində Avstriya xarici işlər nazirinin bu ilin iyun ayında Azərbaycana səfəri və bu xüsusda aparılan müzakirələr xatırlanıb.

İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı maraq ifadə edilib. Tərəflər, alternativ enerji, nəqliyyat və tranzit, ağır sənaye sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Avstriya xarici işlər naziri pandemiya sonrası Azərbaycanla iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraq ifadə edib. Bu ilin noyabr ayında Avstriya iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri və bunun ikitərəfli iqtisadi əlaqələrin inkişafına təkan verəcəyi qeyd edilib.

Nazirlər həmçinin beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Ceyhun Bayramov həmkarına regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər və bu istiqamətdə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verdi.

Qarşı tərəf Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirlərinin vacibliyi qeyd edərək, Avstriyanın bu sahədə tərəflərə yardım edə biləcəyini ifadə edib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.