26.11.2026 - 10:54
Avropa İttifaqı 2 trilyon avroluq büdcə müzakirələrinə başlayır
Dünya 208 baxış

Avropa İttifaqı 2 trilyon avroluq büdcə müzakirələrinə başlayır

Avropa İttifaqı (Aİ) liderləri, 2028-2034-cü illəri əhatə edən uzunmüddətli büdcə və Ukraynaya əlavə maliyyə dəstəyi məsələlərini müzakirə etmək üçün Brüsseldə keçiriləcək iki günlük zirvədə bir araya gəlir.

Minval.info xəbər verir ki, Aİ Komissiyası tərəfindən ötən il təqdim edilən 2 trilyon avroluq xərcləmə planına üzv ölkələrin əksəriyyəti qarşı çıxır. 2026-cı ilin böyük bir hissəsində büdcənin həcmi ilə bağlı razılığa gələ bilməyən liderlər, gələn il Fransa da daxil olmaqla bir sıra Avropa ölkələrində keçiriləcək seçkilər öncəsi dekabr ayına qədər razılaşma əldə etməyi hədəfləyir.

Almaniya kansleri Fridrix Mers, büdcə düyününün həllini 27 üzv ölkənin hamısının Ukraynaya maliyyə dəstəyi verməsi şərtinə bağlayıb ki, bu da müzakirələri çətinləşdirir. Üzv ölkələrdən Ukraynanın 2027-ci ilin sonuna qədər maliyyə ehtiyaclarını qarşılamaq üçün təklif edilən 45 milyard avroluq əlavə kreditə dəstək vermələri tələb olunur.

Aİ Şurasının prezidenti Antonio Kosta, fikir ayrılıqlarını aradan qaldırmaq üçün büdcə layihəsində 204 milyard avroluq kəsinti edilməsi və rəqəmsal şirkətlərdən alınacaq vergi ilə gəlir əldə edilməsini təklif edib. Fransa prezidenti Emmanuel Makron isə 2027-ci ildən əvvəl razılıq əldə olunmadığı təqdirdə müzakirələrdən çəkilə biləcəyini bildirib.

Makronun xəbərdarlığı, sorğularda öndə olan aşırı sağçı lider Marin Le Penin Fransa’nın Aİ büdcəsinə töhfəsini azaltma vədi səbəbindən birliyin gələn il yeni bir müzakirə ilə üzləşmə ehtimalını gündəmə gətirib.

Adı açıqlanmayan bir Aİ diplomatı, Fransız AFP agentliyinə verdiyi açıqlamada, dekabr ayının sonunda yekun liderlər görüşünün planlaşdırıldığını və bu zirvədən razılıq gözləməyin erkən olacağını bildirib. Almaniya hökumətindən bir vəkil isə “Həftə sonuna qədər ən azı bəzi başlıqlarda yaxınlaşma əldə etməyi ümid edirik” deyərək daha optimist danışıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: